Menu

Bakıda ukraynalı deputat erməni deputatı rüsvay etdi - "Utanmırsız işğalınıza..."

29.06.2014, 12:56
Bakıda ukraynalı deputat erməni deputatı rüsvay etdi - "Utanmırsız işğalınıza..."

Erməni deputatın ATƏT PA-nın sessiyasındakı separatçı çıxışı kəskin etiraza səbəb oldu

Ukraynanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri: “Utanmırsınız, Dağlıq Qarabağı işğal etməyinizə bəraət qazandırmağınız bəs deyil, Ukraynanın ərazi bütövlüyünün pozulmasına da beynəlxalq tədbirdə haqq qazandırırsınız?!”

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü sessiyası çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında erməni deputatlar iclasın gedişini pozaraq Krımın ilhaqını dəstəkləyib, separatçı Dağlıq Qarabağ rejiminin bu kimi tədbirlərə dəvət olunmasını tələb ediblər.

Bu isə ukraynalı və azərbaycanlı deputatlarla erməni deputatlar arasında qalmaqala səbəb olub.

APA-nın məlumatına görə, iclasda söz alan Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan iclasın gündəliyindən kənara çıxaraq, Ermənistanın Azərbaycan torpaqlarında yaradılması faktına etiraz etməyə çalışıb.

O, iclasdakıların diqqətini çəkmək məqsədilə çıxışı zamanı qışqıra-qışqıra danışmağa başlayıb: “Bizim böyük tarixçilər, o cümlədən fransız tarixçiləri burada erməni çarlığının olması faktını təsdiqləyiblər”.

Erməni deputatın tarixçilər adından danışması iclasdakı əksər nümayəndələr tərəfindən gülüşlə qarşılanıb. Ona əhəmiyyət verilmədiyini görən A. Geqamyan yenidən separatçı Dağlıq Qarabağ rejimindən söz salıb, Dağlıq Qarabağı Krımla müqayisə edərək, Azərbaycanla yanaşı, Ukraynanı da ittiham edib. O, Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını müəyyən etdiklərini bildirərək, Krımda da “Krım milləti”nin öz müqəddəratını referendum yolu ilə həll etdiklərini iddia edib.

İclasın aparıcısı, Azərbaycan Milli Məclisinin üzvü Azay Quliyev tərəfindən A. Geqamyana mövzudan kənara çıxmamaq, separatçı təbliğat aparmamaq barədə xəbərdarlıq edilib, ona çıxış üçün ayrılmış vaxtından gündəliyə uyğun istifadə etməsi tövsiyə olunub.

Bundan əsəbiləşən erməni deputat səsini daha da qaldıraraq istədiyi mövzuda danışa biləcəyini bildirib. O, Dağlıq Qarabağda azərbaycanlıların ermənilər tərəfindən kütləvi qırğına məruz qalmasına görə Azərbaycan Xalq Cəbhəsini günahlandırıb. A. Geqamyan deyib ki, guya ermənilər azərbaycanlıların çıxması üçün “sülh koridoru” yaratsa da, AXC əhalinin bu koridordan istifadə etməsinə imkan verməyib.

Erməni deputatın mövzudan tamam kənarlaşaraq tarixi öz istədiyi kimi saxtalaşdırması iclas iştirakçılarının, təşkilatçıların narazılığına səbəb olub. Bunu görən erməni deputat çıxışını yekunlaşdırıb.

Onun ardınca söz alan Ukraynanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Oleq Zarubunski sessiya rəhbərliyinə erməni nümayəndə heyətindən şikayət edib, onları siyasi etikaya riayət etməyə çağırıb: “İki gündür, burada erməni nümayəndə heyəti iki beynəlxalq prinsipi: xalqların öz müqəddəratını müəyyən etməsi və ərazi bütövlüyü məsələsini qəsdən qarışdıraraq bir-birinə qarşı qoyur, bununla da beynəlxalq missiyanı çaşbaş salmağa çalışır. Cənab Geqamyan, siz doğurdanmı anlamırsınız ki, “Krım milləti deyilən millət yoxdur. Orada Krım tatarları və digər etnik xalqlar var ki, Ukraynanın daxilində muxtar respublika kimi yaşayırlar. İndi Ukraynanın bu ərazisi işğal olunub, necə ki, siz Dağlıq Qarabağı işğal etmisiniz. Utanmırsınız, öz işğalınıza bəraət qazandırmağınız bəs deyil, Ukraynanın ərazi bütövlüyünün pozulmasına da beynəlxalq tədbirdə haqq qazandırırsınız?! Mən xahiş edirəm, burada beynəlxalq prinsiplərə bu qədər təcavüz olunmasın, məsələləri bir birinə qarışdırmayın”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol