Rayon sakinlərinin əksəriyyəti yenidən gecəni çadrlarda keçirib
Ötən gün gücülü zəlzələ baş verən Zaqatala rayonunda əhali gecəni küçələrdə keçirib. Zəlzələ baş verəndən dərhal sonra rayon sakinlərinin demək olar ki, əksəriyyəti təkanların təkrarlanacağından qorxduqlarından küçələrə axışıb və gecəni səhərə kimi burada qalıblar. ANS TV-nin bölgə müxbirinin məlumatına görə, bəzi evlərdə 2012-ci ildə baş verən zəlzələ nəticəsində baş verən çatlar genişlənərək təhlükəli vəziyyət yarandığından sakinlər həmin evləri tərk edərək həyətlərində çadırlar qurub.
Rayonun Muxax kəndində isə zəlzələ nəticəsində iki evin tavanı uçub, xoşbəxtlikdən ev sahibləri xəsarət almayıb.
Yeraltı təkanlar Qaxda da qeydə alınıb. Zəlzələ əsasən hündürmətəbəli yaşayış binalarında daha çox hiss olunduğundan burada yaşayan sakinlərin demək olar ki, hamısı öz mənzillərini tərk edərək küçələrə axışıb. Vəziyyətlə bağlı Əraziyə Qax Rayon Polis Şöbəsinin əməkdaşları da gəlib və onlar sakinlərə evlərinə qalxmalarını tövsiyyə edib. Buna baxmayaraq təşviş və həyəcan içində olan sakinlər mənzillərinə qayıtmaqdan imtina ediblər.
Təşvişə düşən bəzi sakinlər arasında halı pisləşənlərdə olub. Təzyiq, stress, qorxu halları ilə bağlı sakinlərə ilkin yardımlar göstərilib.


Şərhlər