Dilavər Əzimli: “Rəsul Quliyev, get heç olmasa, orta əsrlər barədə yazılan tarixi oxu!”

Eks-spiker Rəsul Quliyevin Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər tarixçi alimlər tərəfindən narazılıqla qarşılanıb. Belə ki, R.Quliyev “Qafqazinfo”ya bildirib ki, Şah İsmayıl Xətai tanınmış İran şahlarından biri olub. Eks-spiker Xətaini İran şahı adlandırmaqla yanaşı, onu şiəlikdən istifadə etməklə öz hakimiyyətini gücləndirməkdə ittiham edib.

Rəsul Quliyevin narazılıq doğuran fikirləri bunlardır: “Əsas məqsədi şiəliyi inkişaf etdirməklə hakimiyyətini gücləndirmək olub. Ona görə də dünyada yaşayan 1 milyard 400 milyon müsəlmanın 1 milyard 100 milyonu şiəlik ideyasının, başqa sözlə Şah İsmayıl Xətainin əleyhinədir. Ondan 200 il sonra İranın Türk mənşəli, Şərqin Napaleonu adlandırılan, həm də min illiyin ən qüdrətli sərkərdələrindən biri olan Nadir şah şiələrlə sünnilərin arasında müəyyən körpü yaratmaq, fundamentalizmdən uzaqlaşmaq istəyib. Ancaq terrorla öldürüldüyündən işini başa çatdıra bilməyib. Tarixi təhrif etmək olmaz. Şah İsmayılın müsbət cəhətləri ilə yanaşı düzgün olmayan addımlarını da qeyd etmək hökmən lazımdır. Mən analiz verəndə Ərdoğanın gördüyü işlə Gülənin işlərini müqayisə etmişəm. Şah İsmail Xətaiyə gələndə Ərdoğan nəinki ona nifrət edir və hətta şiələrin qırılmasında məmnuniyyətlə iştirak edir”.

Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli Rəsul Quliyevin fikirlərinin əsassız olduğunu bildirib: “Rəsul Quliyevə məsləhət görərdim ki, bilmədiyi sahəyə toxunmasın. Ümumən tarix haqqında bu sahədə araşdırma aparanlar danışsalar, daha yaxşı olar. Ən azından onlar həmin dövrü bilirlər, həmin dövrə bu gündən baxmırlar. Xətainin irsini, şəxsiyyət kimi tarixdəki rolunu anlamadan danışmaq, gülünc ifadələrin, fikirlərin səsləndirilməsinə səbəb olur. Onun Ərdoğan barədə dediyi fikirlərə də inanmıram. Çünki Ərdoğanın özü deyir ki, mən ən böyük şiəyəm. Dünyanı təsəvvüf xilas etdi. Xristian dünyası təsəvvüfün qarşısında dayana bilmədi. Təsəvvüfün banisi isə XVI əsrdə Şah İsmayıl Xətai oldu. Xətainin şiəliyə dəxli yoxdur. O, necə şiə ola bilərdi ki, saçları çiynində, əlində saz tutaraq, “Bütün dinləri özümdə birləşdirmişəm” deyirdi. Məlumatlar var ki, şiələr Xətaiyə qarşı belə, döyüşürdülər. Rəsul Quliyev məsələyə münasibət bildirəndə gərək diqqətli olsun. Gərək türk dünyasına din tərəfdən yox, başqa gözlə baxasan. Rəsul Quliyev, get heç olmasa, orta əsrlər barədə yazılan tarixi oxu! O dövrü bilməyən bəzi insanlar tarix hadisələrə indiki dövrdən baxaraq, əsassız fikirlər səsləndirirlər. Necə ki, Rəsul Quliyev bunu edir. İlahi təsəvvüfü anlamadan Xətai haqqında danışmaq absurddur”.(Musavat.com)