“Turan” xəbər verir ki, ATƏT Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi iyunun 30-u Bakıda qətnamə qəbul edib. Müzakirələr zamanı qətnaməyə Azərbaycanla bağlı 3 düzəliş olunub.
Bir düzəlişə əsasən, Parlament Assambleyası ATƏT iştirakçısı olan bir çox dövlətlərdə, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan və Rusiyada hüquq müdafiəçilərinin saxlanması, həbsi, qorxudulması və ya başqa şəkildə susmağa məcbur edilməsi məqsədilə inzibati prosedurlar və qanunvericilikdən sui-istifadədən narahatlığını ifadə edir.
İkinci düzəlişdə vətəndaş cəmiyyəti nümayəndəsi, hüquq müdafiəçisi Anar Məmmədlinin həbsindən dərin narahatlıq ifadə olunur. Assambleya Azərbaycan hakimiyyətini Anar Məmmədli barəsində ədaləti bərqərar etməyin yollarını axtarmağa, ona və siyasi məhkəmə işlərinin qurbanı olmuş digər vətəndaşlara insan hüquqlarının və qanunun aliliyinin müdafiəsi fəaliyyəti ilə məşğul olmaq hüququ verməyə çağırır.
Üçüncü düzəlişdə Azərbaycan hökuməti seçkiləri müşahidə edən missiyanın dilə gətirdiyi narahatlıqların məntiqi nəticəsi kimi ATƏT-ə Bakıda regional büro açmağa çağırılır (1 may 2014-cü ildən ATƏT-in Bakı ofisinin statusu layihə koordinatoru səviyyəsinə qədər azaldılıb).


Şərhlər