"Son zamanlar orduda da baş verən bəzi kadr dəyişiklikləri təbii ki, narahatlıq yaradır"

"Ermənistan Rusiya üçün çox ciddi geosiyasi faktordur və ermənilərin Azərbaycanın ayağına veriləcəyini düşünmürəm"

Son bir həftədə Azərbaycanın və keçmiş SSRİ məkanının taleyinə təsir edəcək bir sıra beynəlxalq səviyyəli mühüm hadisələr baş verdi. Azərbaycan prezidentinin AŞPA sessiyasında çıxışı, suallara cavabı, GUAM üzvü olan ölkələrdən üçünün Avropa İttifaqı ilə assosiativ sazişi imzalaması, Azərbaycanın imzalamaması, ATƏT Parlament Assambleyasının sessiyasının Bakıda keçirilməsi günün aktual mövzuları olaraq qalır. Qeyd olunan məsələlərlə bağlı suallarımızı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədova ünvanladıq.

- Vahid bəy, ötən həftə Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bir neçə hadisə yaşandı. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycan prezidenti İlham Əliyev çıxış etdi və avropalı deputatların suallarını cavablandırdı. Prezidentin ona ünvanlanan sərt suallara cavablarını təhlil etdikdə hansı məqamlar ortaya çıxır?

- Hiss olunurdu ki, prezidentə ünvanlanan suallar əvvəlcədən razılaşdırılmış bir ssenari üzrə qoyulub. Sualların mahiyyətindən asılı olmayaraq prezidentin verdiyi sərt cavablar da buna adekvat idi. Düşünürəm ki, mötəbər qurumun tribunasında prezident ölkəsini, hakimiyyəti ləyaqətlə təmsil və müdafiə etdi. Mən prezident İlham Əliyevi tanıdığım üçün ondan başqa cür mövqe də gözləmirdim. Onu da nəzərə alın ki, beynəlxalq tribunadan o cür sərt, korrekt ritorikada danışmaq o qədər də asan deyil. Bu, prezidentin özünə güvənini və beynəlxalq nüfuzunu göstərdi. O ki qaldı sərtliyə, bu, bir çox beynəlxalq qurumlar kimi Avropa Şurasının ikili standartlarla işləməsinə cavab idi. Bu mötəbər qurumlar əksər hallarda bəzi dünya və maliyyə güclərinin maraqları kontekstində qərarlar çıxara bilirlər. Kim bilməsə də bu gerçəyi, xüsusilə də Qarabağla bağlı ədalətsiz yanaşmaları üstümüzdə Azərbaycan olaraq hiss etmişik. Doğrudur, Azərbaycanda problemlər də var və bunlar öz həllini tapmalıdır. Azərbaycanın demokratik inkişafı onun müstəqilliyinin qarantıdır. Demokratiya xalq-dövlət birliyidir. Belə olanda isə heç bir xarici faktor bu birliyi sarsıda bilmir. Mənim üçün isə əsas olan ölkəmizin müstəqilliyidir və dünya durduqca bu dövlət azad, firavan yaşamalıdır.

Prezidentin çıxışında əsas olan məqamlardan biri də onun Avropa ilə inteqrasiya tərəfdarı kimi görünməsiydi. Bu çox vacib məqamdır və qətiyyən gözardı edilə bilməz. Azərbaycanın strateji inkişafının Qərbə inteqrasiyadan keçdiyini prezident bilir və gələcəkdə də münasibətlərin bu kontekstdə qurulacağını düşünürəm.

- İlham Əliyev həm AŞPA-da çıxışında, həm də ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasının açılışında bəyan etdi ki, Azərbaycan Avropaya inteqrasiya xəttini davam etdirəcək. Bu, bəyanat dolayısı ilə Rusiyaya “Avrasiya İttifaqına daxil olmaq istəmirəm” mesajı kimi qəbul edilə bilərmi?

- Bu, Azərbaycan dövlətinin mövqeyidir və gizli deyil. Bunu dövlətimizin bir çox məmurları, eyni zamanda Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri zamanı Azərbaycanın xarici işlər naziri Məmmədyarov da təkrarladı. Açıq mətnlə bildirdi ki, “adında ittifaq olan heç bir birliyə girmək istəmirik”. Avropaya inteqrasiya xəttini başqa ölkələrin əleyhinə qəbul edilən bir qərar kimi qəbul etmək yanlışdır. Bu, hər bir ölkənin gələcək strateji inkişafını müəyyənləşdirmək imkanıdır, seçimidir və bu seçimə hörmət olunmalıdır. Azərbaycan müstəqil dövlətdir, prezidentsə müstəqil siyasət tərəfdarıdır.

Başqa tərəfdən, Rusiyanın və bu birliyə daxil olan ölkələrin gələcək inkişaf perspektivi üçün Qərbə ehtiyacı var və bunsuz keçinməyəcək. Belə olduğu təqdirdə Azərbaycan da işıq gələn tərəfə getməlidir və bu, doğru seçim olardı. Azərbaycanın enerjidaşıyıcıları bazarının 85-90 % Avropadadır. İqtisadiyyatımız yalnız 10 % civarında MDB məkanı ilə əlaqəlidir. Bu faktın özü Azərbaycanın seçimini zəruri edir. Avropaya çəkilən yeni strateji qaz kəmərlərini də Azərbaycanın təhlükəsizliyinə qoyulmuş sərmayə kimi qəbul etmək lazımdır. ATƏT PA-nın sessiyasının Bakıda keçirilməsi faktı da Azərbaycanın yolunun Avropa, Qərbə inteqrasiya olması zərurətini ortaya qoyan məqamlardan biridir.

- Dövlət başçısı Azərbaycanın GUAM-ın inkişafında maraqlı olduğunu da söylədi. Rusiyanın GUAM-ın ümumiyyətlə mövcudluğunu istəmədiyi bəllidir. İlham Əliyev də şübhəsiz ki, bunu bilir. Rusiyanın qarşı olduğu birliyin inkişafında maraqlı olduğumuzun söylənməsi də Moskvaya açıq mesajdırmı?

- Azərbaycan hakimiyyəti balans siyasəti yürütdüyündən bunun Moskvaya mesaj olduğunu düşünmürəm. Üstəlik, Azərbaycan hakimiyyəti Rusiya ilə strateji tərəfdaşlıq siyasətinin tərəfdarıdır. Hesab edirəm ki, bu, doğrudur. Biriylə dostluq başqasının düşməni olmaq anlamına gəlməməlidir. Rusiya Azərbaycanın böyük qonşusudur və heç hara da köçəsi deyil. Ona görə də münasibətlər olmalıdır və bu, bərabərhüquqlu, qarşılıqlı anlaşma çərçivəsində qurulmalıdır. Amma ortada bir də son Krım hadisəsi var və Azərbaycan da bunu nəzərə almaya bilməz. GUAM da Avropaya inteqrasiya xəttini tutan ölkələr birliyidir. Və bu qurum gələcək inkişaf və təhlükəsizlik sistemi olaraq çıxış edə bilər. Bu qurumu Rusiya əleyhinə bir qurum kimi göstərməkdən çox, bütün mənalarda təhlükəsizliyi təmin edəcək regional struktur olaraq qəbul etmək lazımdır.

- Son bir ayda Azərbaycana Rusiya dövlətinin 3-4 yüksək vəzifəli təmsilçisi səfər etdi. Bu səfərlərdə rəsmi Bakıya Avrasiya İttifaqına daxil olmaq çağırışı və bəlkə də təzyiqlərin olması məlumdur. Hakimiyyətin ard-arda səfərlərdən sonra da Avrasiya İttifaqı ilə bağlı müsbət mövqe ortaya qoymaması Moskvanı sərt üzünü göstərməyə vadar edə bilər?

- Rusiyadan təzyiq olması realdır və o, bu gün də davam edir. Azərbaycanda fəaliyyət göstərən rusiyayönlü insanların aktivləşməsi, bəzi açıqlamalar, mediada bu yönlü çıxışların və müəyyən dezinformasiyaların artması bunun göstəricisi sayıla bilər. Üstəlik, Rusiya tarixən güc faktoruna önəm verən, güc dilində danışan ölkə olaraq tanınıb. Biz bunu Avropaya inteqrasiya xəttini tutan Gürcüstan, Moldova, Ukraynanın timsalında da gördük. Eyni zamanda Ermənistanın Gömrük İttifaqı, Avrasiya İqtisadi Şurasına üzvlüyə məcbur edilməsi də bir faktdır və bu siyasətin davamlı olacağını demək olar. Amma onu da nəzərə almaq lazımdır ki, iyunun 27-də Ukrayna, Gürcüstan və Moldovanın Avropa Birliyi ilə assosiativ birlik müqaviləsini imzalayandan sonra bu təzyiqlərin o qədər də təsir imkanı olmayacaq. Bu Azərbaycana da aiddir. Həddən artıq təzyiqlərin olması gələcəkdə Azərbaycanın birdəfəlik itirilməsinə gətirə bilər. Eynən Ukraynada olduğu kimi. Ona görə də prosesin daha çox qarşılıqlı maraqlar çərçivəsində davam edəcəyini düşünürəm. Artıq bu yöndə cəlbedici təkliflərin olduğu haqda informasiyalar mövcuddur.

- Rusiyanın Azərbaycanın Avrasiya İttifaqına qoşulmasının müqabilində Azərbaycanın bir neçə rayonunun erməni işğalından azad edilməsini təmin edəcəyi haqda vaxtaşırı informasiyalar yayılır. Bu istiqamətdə bir təbliğatın getdiyi müşahidə edilir. Hətta bildirilir ki, ictimaiyyətə açıqlanmasa da Kremllə danışıqlar gedir. Deyilənlər, sizcə, nə dərəcədə əsaslıdır? Rusiyanın Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcəyini gözləmək özünü aldatmaq deyilmi?

- Azərbaycan üçün cəlbedici təklif təbii ki, Qarabağ probleminin çözümü ilə bağlı ola bilər. Hiss olunur ki, Rusiya itirilmiş Ukraynanı Azərbaycanla kompensasiya etmək istəyir. Bunu isə dava ilə deyil, cəlbedici təkliflə etmək olar. Bu təklif də təbii ki, Qarabağla bağlı ola bilər. Bununla bağlı Azərbaycan və Ermənistan mediasında yaradılan ajiotaj da Rusiyanın bu siyasətinin tərkib hissəsidir. Bu məsələdə həssas olmaq lazımdır. Ən azından qərar verməmiş iki dəfə düşünmək lazımdır. Çünki burada Azərbaycan üçün incə bir tələ də ola bilər. Məsələn, bir-iki Dağlıq Qarabağ ətrafı rayonun qaytarılması müqabilində Azərbaycanın Avrasiya Şurasına üzvlüyü və Qarabağda rus qoşunlarının təhlükəsizliyi təmin etməsi kimi məsələlər istənilə bilər. Hesab edirəm ki, vəziyyətin belə şəkil alması durumunda Qarabağ nəinki Azərbaycana yaxınlaşmayacaq, əksinə bir az da uzaqlaşacaq. Çünki, Ermənistan Rusiya üçün çox ciddi geosiyasi faktordur və ermənilərin Azərbaycanın ayağına veriləcəyini düşünmürəm. Başqa tərəfdən, Rusiya bu problemi həll etməklə hər iki ölkəyə təsir imkanlarını itirmək istəməz. Çünki Qarabağ probleminin həlli postsovet məkanında olan digər münaqişələrin həlli üçün ciddi zəmin yarada bilər ki, bunu da Rusiya indiki Qərblə qarşıdurma vəziyyətində istəməz. Ortada bir də ABŞ başda olmaqla, Qərb faktoru da var. Bu gün Qərbin razı olmadığı heç bir münaqişənin çözüləcəyini düşünmək yanlış olardı. Ermənistan bu gün birtərəfli yardımı yalnız Qərb dünyasından alır və bu yardımlar Ermənistana elə belə verilmir. Üstəlik, Qərb Azərbaycanın Rusiyanın orbitinə qayıdacağı şərtilə Qarabağ probleminin həllinə heç razı ola bilməz. Ona görə də Qarabağla bağlı süni olaraq yaradılan ajiotaja baxmayaraq bu məsələnin həlli Rusiyanın bir barmaq işarəsilə həll olunacaq qədər bəsit deyil.

- İyunun 27-də GUAM ölkələrindən üçü-Gürcüstan, Ukrayna və Moldova Avropa Birliyi ilə assosiativ sazişi imzaladılar. Rusiyanın təzyiqlərinə baxmayaraq həmin respublikalar buna getdilər. Yalnız Azərbaycan assosiativ sazişi imzalamadı. Rəsmi Bakının Rusiyanın qəzəbinə tuş gəlməmək üçün sazişi imzalamadığı iddia edilir. Sizcə, Azərbaycanın bu məsələdə tutduğu mövqe doğrudurmu?

- Mən də ölkə prezidenti cənab İlham Əliyev kimi Qərbə inteqrasiyanın tərəfdarıyam. Ancaq bunu elə etmək lazımdır ki, proses Ukraynadakı kimi dağıdıcı olmasın. Hiss olunur ki, hakimiyyət də regionda və qlobal səviyyədə gedən proseslərin aydınlanmasını istəyir. Məhz bundan sonra Azərbaycanın strateji seçimi birmənalı qərar halını ala bilər. Amma çox gecikmək də olmaz. Əks təqdirdə, Azərbaycan tarixi inkişaf prosesindən kənarda qala bilər. Bu isə Azərbaycanın önəmini azalda bilər. Dünya maliyyəsinin 75 %-i avroatlantik məkanda toplaşıb. Və ABŞ bu məkanda ticarəti və yeni standartlarda texnoloji əsaslara söykənən istehsalı inkişaf etdirməyi hədəf götürüb. Ona görə çox gecikmək olmaz. Çünki bu məkanın əhatə etdiyi ölkələr qazanan tərəf olacaqlar.

- Ukrayna, Gürcüstan və Moldovanın Avropa Birliyi ilə assosiativ saziş imzalaması Putinin yeni SSRİ yaratmaq planının üstündən xətt çəkən hadisə sayıla bilərmi?

- Bəli, iyunun 27-si hadisəsi göstərdi ki, (Avropa Birliyi ilə assosiativ müqavilənin imzalanması nəzərdə tutulur) yeni SSRİ haqda düşüncələr elə düşüncə olaraq da qalacaq.

- Azərbaycanın iştirakçısı olduğu son hadisələrin fonunda iyunun 26-da silahlı qüvvələrimizin genişmiqyaslı təlimləri keçirildi. Bu təlimlər və Ali Baş Komandan İlham Əliyevin hərbi formada təlimləri izləməsi, çıxışındakı hərbi ritorika da hansısa qüvvələrə mesajdırmı?

- Bu, Azərbaycanın gücünün, qüdrətinin nümayişi idi. Təbii ki, bundan mesaj almalı olanlar aldılar. Dostlar sevindi, düşmənlərsə məyus oldular.

- Siyasi ekspertlərin qənaətincə, Azərbaycanın prezidenti avroatlantik məkana inteqrasiyanın tərəfdarıdır, lakin hakimiyyətdə bir çox yüksək vəzifəli güc sahibləri Rusiyanın istəklərini yerinə yetirməyin tərəfdarıdırlar. Orduda da generalitet arasında Rusiya tərəfdarlarının olduğu da söylənir. Bu barədə deyilənlərə münasibətiniz necədir?

- Bəli, Rusiya tərəfdarı olan insanlar var və bu heç də gizli, həmçinin də təsadüfi deyil. Hakimiyyətdə Rusiyada çox ciddi biznesi olan insanlar var və Azərbaycanı hər zaman ora dartmaq istəyi təbiidir. Son zamanlar orduda da baş verən bəzi kadr dəyişiklikləri təbii ki, narahatlıq yaradır. Azərbaycan ordusunda Azərbaycan maraqlarından savayı başqa maraqlar olmamalıdır. Başqa maraqlar, başqa ölkələrlə əlaqədə olmaq nə deməkdir və hansı nəticələr doğura bilər, biz bunu Ukrayna ordusunun timsalında gördük. Bu gün faktiki olaraq Ukrayna ordusu yenidən qurulur. Ona görə də gələcəkdə belə təhlükələrlə qarşılaşmamaq üçün Azərbaycanın marağından kənarda olan tərəfdarların ordudan təmizlənməli olduğunu düşünürəm. Hesab edirəm ki, ölkə prezidenti bu məsələlərdə çox həssasdır.(musavat.com)