İyunun 30-u axşam televiziya ilə xalqa səslənən Ukrayna prezidenti Pyotr Poroşenko ölkəni parçalamaq xətti tutmuş separatçılara verilmiş 10 gün müddətin bitdiyini və atəşkəsin başa çatdığını elan edib.
“Media forum” saytının məlumatına görə, prezident deyib ki, Kiyev 10 gündə şərq bölgəsinə, Ukraynaya və bütün dünyaya xaricdən körüklənən münaqişənin dinc yolla çözümünə tərəfdar olduğunu nümayiş etdirib: “Ancaq sülh planını gerçəkləşdirmək imkanı əldən çıxdı. Bu, qanunsuz yaraqlıların cinayətkar fəaliyyətinin nəticəsidir. Separatçıların siyasi rəhbərliyi terrorçu birləşmələrin hərəkətlərinə nəzarət etmək iqtidarında və fikrində olmadığını sübut etdi”.
Xalqı birliyə çağıran dövlət başçısı qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinə ölkənin ərazi bütövlüyünün müdafiəsi üçün hücum əmri verib: “Biz hücuma keçərək torpaqlarımızı azad edəcəyik!”
Bu il fevralın 22-də Rusiyanın adamı olan Ukrayna prezidenti Viktor Yanukoviç hakimiyyətdən uzaqlaşdırılıb. Hakimiyyət Qərbə yaxın qüvvələrin əlinə keçəndən sonra Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi qüvvələr separatçılıq ocaqları yaradıblar. Özünü müstəqil respublikalar elan etmiş Donetsk və Luqansk vilayətlərində hökumət qüvvələri ilə separatçılar arasında döyüşlərdə 350-dən çox adam həlak olub.
İyunun 20-də Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, qanunsuz birləşmələrin tərksilah olunmasına imkan yaratmaq üçün Ukrayna ölkənin şərqində atəşi birtərəfli qaydada dayandırır. Plana görə, atəşkəs ərzində qanunsuz silahlı qruplaşmalar silahı yerə qoymalı, istəyənlər Ukraynanı tərk etməli, bölgədə qayda-qanun yaradılmalı idi.


Şərhlər