Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün tikilmiş binadan ev almış media nümayəndələrinin öz mənzillərinə nə vaxt köçəcəkləri ilə bağlı açıqlama verib. O, qeyd edib ki, ilin sonuna kimi jurnalistlərə mənzillərin açarları təqdim ediləcək:
“Əlbəttə, biz çalışırıq ki, ilin sonuna qədər jurnalistlərin sənədlərini təqdim edək, onlar öz evlərinə köçsünlər, Yeni ili öz mənzillərində qarşılasınlar. Hal-hazırda bu istiqamətdə proseslər davam edir. Bilirsiniz ki, dövlət aktı deyilən bir sənəd var, o alınmalı və müəyyən sənədlər toplanmalıdır. Artıq bu iş başa çatmaq üzrədir. Hesab edirik ki, bu ilin sonuna qədər jurnalistlərə evlərin açarları təqdim olunacaq. Ancaq dəqiq tarix deyə bilmərəm. Sənədləşmə prosesi başa çatan kimi tarix məsələsi bilinəcək. Biz çalışırıq ki, bu məsələləri Yeni ilə qədər həll edək.
Qeyd edim ki, jurnalistlərin binasında qazdan başqa digər kommunal məsələlər həllini tapıb, elektrik, su və s verilibdir. Hazırda dövlət aktı lazımdır ki, həmin mənzillər jurnalistlərin adlarına keçirilsin, gələcəkdə bu kommunal ödənişləri ödəyə bilsinlər".
KİVDF rəhbəri həmçinin jurnalistlər üçün nəzərdə tutulmuş üçüncü bina ilə bağlı da hazırda layihələrin hazırlandığını və sənədləşmə prosesinin getdiyini vurğulayıb.


Şərhlər