Adıgözəl Məmmədov: “Üzümü MTN rəhbərliyinə tuturam və Azərbaycanda fəaliyyət göstərə biləcək təxribat elementlərini zərərsizləşdirmələrini xahiş edirəm”
“Bütün bunlar psixoloji təsiretmə üsullarıdır”. Bunu AzPolitika.info-ya açıqlamasında politoloq Adıgözəl Məmmədov “The Washington Post” qəzetində ABŞ Milli Kəşfiyyat Agentliyinin Azərbaycan hökuməti barədə kəşfiyyat məlumatları toplamasına icazə verən tam məxfi qrifli sənədin yayılması ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu kimi üsullar artıq köhnəlib: “Azərbaycan hökuməti və onun dövlət məmurları yalnız öz xalqı qarşısında cavab verir. Onu da, qeyd edim ki, kəşfiyyatın işi məlumat toplamaqdır. Bunun üçün göstəriş zatən onların əməliyyat əsasnamələrində göstərilir. Bütün bunlar əslində yeni oyunbazlıqlardır. Bu yeni dezinformasiya müəyyən dairələri qorxutmaq məqsədi daşıyır. Əslində bu bizim üçün də dərs olmalıdır ki, bu oyunbazların əsl niyyətlərini anlayaq. Öz gözündə tiri görməyən başqasının gözündə çöp axtarır misalı kimi. Beləliklə hesab edirəm ki, bu cür təxribatları neytrallaşdırmaq üçün ayıq olmalıyıq. Onlar Azərbaycanda yeni vətəndaş qarşıdurması yaratmaq istəyirlər. ABŞ səfiri Morninqstarın təbirincə desək, Azərbaycanda yeni Maydan yaratmaq istəyirlər. Sayıqlığı itirmək olmaz. Onlar hər an qarışıqlıq yaratmağa cəhd edəcəklər. Buradan üzümü MTN rəhbərliyinə tuturam və Azərbaycanda fəaliyyət göstərə biləcək təxribat elementlərini zərərsizləşdirmələrini xahiş edirəm. Bu istiqamətdə işlər əməliyyat məlumatları səviyyəsində operativ şəkildə həyata keçirilməlidir. Mən əminəm ki, bu istiqamətdə də lazımı addımlar atılır və atılacaq”.
Qeyd edək ki, Adıgözəl Məmmədov hakimiyyət yönümlü politoloq kimi tanınır.
Ülkər Musazadə

Şərhlər