«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiya Xonsyu adasında iki ədəd «Aegis Ashore» tipli raket əleyhinə müdafiə (RƏM) kompleksi yerləşdirmək qərarına gəlib.«DW» nəşrinin məlumatına görə, raket əleyhinə müdafiə sistemini möhkəmlətmək barədə qərar Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfdən gözlənilən təhlükələrlə bağlıdır.
Qeyd edilir ki, RƏM sistemləri Amerika Birləşmiş Ştatlarından (ABŞ) alınacaq. Komplekslərin 2023-cü ildən gec olmayaraq Yapon arxipelaqının Xonsyu adasındakı Akita prefektliyində və həmin adanın cənub-qərbindəki Yamaquti prefektliyində quraşdırılması ehtimal olunur.
ABŞ-ın dəstəyi ilə Yaponiyanın öz ərazisində əlavə RƏM kompleksləri yerləşdirməsi Moskvanın kəskin etirazına səbəb olub. Rusiya Federasiyası xarici işlər nazirliyində (RF XİN) bəyan ediblər ki, Vaşinqton bununla, orta və yaxın mənzilli raketlərin ləğvi barədə Müqaviləni pozmuş olur. «Rusiya bu faktoru nəzərə almaq zorunda qalacaq və milli təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra tədbirlər görməyə məcbur olacaq» - deyə, nazirlikdən əlavə ediblər.

Şərhlər