Poroşenkonun atəşkəsi dayandırması Kremlin planlarını pozub
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun telefonla ABŞ Dövlət katibi Con Kerri ilə Ukraynadakı hadisələri müzakirə etməsi bir sıra gərgin məqamları ilə yadda qalıb. Lavrov Ukrayna prezidenti Pyotr Poroşenkonun atəşkəs müddətini uzatmamaq qərarının rus, alman, fransız və ukraynalı liderlər tərəfindən daha əvvəl əldə edilən razılaşmaları pozduğunu və qan tökülməsinə səbəb olacağını vurğulayıb. Lavrov bu qərarın Ukraynanın təxmin belə edə bilməyəcəyi nəticələrə gətirib çıxaracağını bildirib «axar.az». Lavrovun fikirləri ilə razılaşdığını bildirən Kerri isə eyni hədəflərə sahib olduğunu, lakin hədəfə çatmaq üçün seçilən yolda bəzi fikir ayrılıqları yaşandığını bildirib.
Ukraynanın ünvanına oxşar xəbərdarlıqla Rusiyanın Baş naziri Dmitri Medvedev də çıxış edib. Medvedev Ukrayna prezidenti Pyotr Poroşenkonun atəşkəs müddətini uzatmamasının dəhşətli bir səhf olduğunu bildirib. Baş nazir bu barədə «Facebook» səhifəsində yazıb. Atəşkəs müddətinin artırılmamasının dəhşətli səhvi olduğunu deyən Medvedev yeni itkilərin olacağını, bütün bunlardan da Poroşenkonun məsuliyyət daşıyacağını qeyd edib. Təkrar müzakirələrin aparılmasının çətin olduğunu vurğulayan Medvedev bunun müharibənin qaydası olduğunu xatırladıb. Baş nazir həmçinin Ukraynanın AB ilə imzaladığı əməkdaşlıq razılaşmasını da tənqid edib.
Siyasi şərhçilər Rusiyanın Ukraynanın yenidən anti-terror əməliyyatlarını bərpa etməsinə bu cür sərt reaksiya verməsini təsadüfi saymır. Açıq şəkildə görünür ki, Rusiyanın hazırkı addımları Ukranynanın daxili sabitliyini pozmağa yönəlib. Ukraynanın şərqində sərhəddin açıq olmasından istifadə edən Rusiya separatçıları silah-sursatla təmin etməklə kifayətlənmir. Artıq o fakt da təsdiqini tapıb ki, Ukrayna ordusuna qarşı Rusiyadan olan hərbçilər vuruşur. Bu və digər faktlar Rusiyanın Ukraynaya qarşı siyasətinin dəyişmədiyini göstərir. Siyasi ekspertlər hesab edir ki, bu baxımdan Ukraynada əldə olunan atəşkəs sadəcə olaraq Rusiyaya vaxt udmaq üçün lazım idi. Rusiyanın Ukraynadakı qüvvələrini daha da gücləndirmək üçün zamana ehtiyacı var idi. Ona görə Poroşenko əldə olunan atəşkəsi davam etdirmək fikrindən daşındı. Siyasi şərhçilər, Ukrayna hökumətinin sərgilədiyi mövqeyi tam haqlı sayırlar. Çünki mərkəzi hakimiyyət ölkənin ərazi bütövlüyünün təmin olunması üçün tədbirlər reallaşdırmaqdadır. Rusiyanı isə hazırda təşvişə salan Poroşenkonun bu addımının Kremlin planlarını pozmasıdır.(azadlıq.info)


Şərhlər