Şiələrin müqəddəs şəhəri olan Kərbəlada baş verən qanlı toqquşmalar zamanı xeyli adam həlak olub.
Virtualaz.org saytı “Daily Star”a stinadən xəbər verir ki, İraq xüsusi təyinatlıları ilə radikal şiə lideri Mahmud əl-Sərhinin tərəfdarları arasındakı atışma nəticəsində azı 45 nəfər ölüb. Toqquşmalar polisin şiə lideri həbs etməyə çalışmasından sonra başlayıb.
Qeyd edək ki, əl-Sərhi və onun silahlı tərəfdarları bundan əvvəl də ABŞ ordusuna, İraq xüsusi təyinatlılarına və şiələr arasında çox böyük nüfuzu olan din xadimi Əli əl-Sistaninin tərəfdarlarına qarşı mübarizə aparıblar.
Mahmud əl-Sərhi bundan əvvəl öz saytında ayətullah Əli əl-Sistaninin verdiyi fitvanı tənqid edən məktub dərc edib. Ayətullah əl-Sistani həmin fitvasında şiələri İraq ordusu ilə birgə sünnilərə qarşı döyüşlərə qatılmağa çağırmışdı.
Mahmud əl-Sərhinin tərəfdarları on milyonlarla şiənin əsas ziyarətgahlarından olan İmam Hüseynin məqbərəsinin yaxınlığında yolları və postları mühasirəyə almağa çalışanda İraq polisi hərəkətə keçib və əl-Sərhini həbs etmək üçün xüsusi əməliyyat keçirməyə çalışıb. Polis qüvvələrinə 5 hərbi vertolyot da dəstək verib.
Tərəflər arasındakı qanlı döyüşlərdə 5 polis, əl-Sərhi tərəfdarlarından isə azı 40 nəfər ölüb. İraq xüsusi təyinatlıları ilə 6 saata yaxın davam edən atışma başa çatandan sonra polis əl-Sərhinin gizləndiyi güman edilən evə girə bilib. Amma məlum olub ki, dini lider oradan qaça bilib.


Şərhlər