Menu

"Onu bu işə salanlar indi də öz yerlərindədir" - Sabiq icra başçısı ifadə verdi

09.01.2018, 15:13
"Onu bu işə salanlar indi də öz yerlərindədir" - Sabiq icra başçısı ifadə verdi

"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rafiq Rəsulov ifadə verib. O, Habil Vəliyevi bir dəfə gördüyünü deyib:

"Hacıqabulda obyekt üstündə əmim oğlu ilə aramızda davamız düşdü. Əmim oğlu "Gündəlik Bakı" qəzetində məni biabır edəcəyini dedi. Mən də maraqlandım ki, bu qəzet kimindir. Məlum oldu ki, Habil Vəliyevindir. Sənədlərim qaydasında idi. Heç bir problemim olmayıb. Habil Vəliyevin otağına daxil olanda masasının üstündə sənədlər var idi. Habil dedi ki, sizin işlər, alqı-satqı saxtadır. Sənədi aidiyyatı qurumlara göndərəcəyini bildirdi. 10 min dollar istədi. Biz razılaşmayıb çıxdıq. Tanışım Rabillə getmişdik. Rabilə dedim ki, min dollar verə bilərəm. Rabilə 678 manata yaxın pul verdim ki, Habil Vəliyevə versin".

Zərərçəkmiş suallara cavabında əmisi oğlu ilə razılığa gəldiklərini, işin həll olunduğunu söyləyib. O, tanışı Rabilin sözü gedən pulu Habil Vəliyevə verdiyini söyləyib.

H.Vəliyev isə zərərçəkmişi tanımadığını, onu görmədiyini deyib.

Digər zərərçəkmiş isə Laçının sabiq icra başçısı Ramiz Cəbrayılov ifadəsində qeyd edib ki, Habil Vəliyevlə heç bir tanışlığı, əlaqəsi yoxdur.

"Mənə 15 min manat mənəvi zərər dəyib. Qəpiyinə qədər ödənilib. Heç bir şikayətim yoxdur. Onu bu işə salanlar var. Onlar indi də öz yerlərindədirlər".

Məhkəmədə zərərçəkmiş qismində Beyləqan rayon Təhsil şöbəsinin müdiri Tofiq Abbasov da ifadə verib. O, qeyd edib ki, Habil Vəliyev onunla bağlı şantaj xarakterli yazılar yazacağını deyib və ondan pul tələb edib. T.Abbasov Habil Vəliyevə 500 manat verdiyini söyləyib.

Zərərçəkmiş 500 manatının ödənildiyini və şikayətinin olmadığını deyib.

Proses yanvarın 18-ə davam edəcək.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

İş üzrə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H. Vəliyevin cinayət işindən ayrılıb.

Şərhlər

t.ədalət 2018-01-09 15:13:43

Bu "reket" sözünü çoxları qəzetlərin üstünə yıxmağa çalışır.Halbu ki əsil reketlər dövlət qurumlarında çalışan məmurlardır.Qəzet isə onların əlində bir vasitədir.Adamlar qəzetlərdən yox,pul verib vəzifə alan məmurlardan qorxub tora düşürlər.20 Yanvar soyqırımına "faciə" deyən nadanlar kimi bir qurup dələduz məmurlar da qəzetləri reketçilikdə qınamaqla suçu öz üzərlərindən atmağa çalışırlar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol