Xəbər verdiyimiz kimi, 2016-cı il martın 13-dən 14-nə keçən gecə Bakının mərkəzində, Xətai rayon Prokurorluğunun, necə deyərlər, üç addımlığında «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin mənzili, 2016-cı ilin iyulun 9-da isə yenə də həmin ünvanda jurnalistin şəxsi avtomobili naməlum şəxslər tərəfindən benzin tökülərək qəsdən yandırılmışdır.
Hadisənin ağırlıq dərəcəsi nəzərə alınaraq, Daxili işlər naziri Ramil Usubovun göstərişi ilə cinayət işi nəzarətə götürülmüş, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılmış, sonra Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin icraatına qəbul edilmişdir (160110484 saylı cinayət işi, xüsusilə mühüm işlər müstəntiqi Nizami Əbilov). Sonra cinayət hadisəsinin üstünün dərhal açılması üçün əməliyyat-istintaq qrupu yaradılmışdır. Jurnalist istintaqın qərarı ilə zərərçəkmiş kimi tanınmışdır.
Lakin üstündən, təxminən, 2 il keçməsinə baxmayaraq, hələ də cinayətkarlar məsuliyyətə cəlb edilməmişdir. Diqqəti çəkən budur ki, həmin hadisələrədək gündəlik nəşr olunan «Təzadlar» qəzeti baş vermiş cinayət hadisəsindən sonra dövriliyini azaltmış, həftəlik nəşrə keçmişdir.
Bəs redaksiyanın fəaliyyəti bu cinayət işinin istintaqının uzanması ilə bağlıdırmı? Bu suala cavab almaq üçün əvvəlcə redaksiyada olaraq jurnalistlərlə görüşdük. Qəzetin əməkdaşlarının söhbətlərindən belə başa düşdük ki, vəziyyət ürəkaçan deyil. Jurnalist Elçin Məmmədli, Elbar Şirinov, eləcə də Eldar Əzizli və digər əməkdaşlar bildirdilər ki, onlar məlum cinayət hadisəsindən sonra şokdadırlar, təhlükəsizliklərinə təminat görmürlər: «İstintaq qrupunun üzvləri və əməliyyatçılar, həmçinin müstəntiq dəfələrlə redaksiyada olublar, söhbət ediblər və izahatlarımızı dinləyiblər, yekdil qərar bu olub ki, baş verən hadisə peşə fəaliyyətimizlə əlaqəlidir, şübhəli şəxslər də adbaad tərəfimizdən onlara deyilib, amma…».
Bir fakt da diqqətmizi çəkdi. Məlum oldu ki, qəzet fəaliyyətini dayandırmaq məcburiyyətindədir: «Əgər qısa müddətdə bizə, yəqinki istintaqa da bəlli olan cinayətkarlar və bu cinayəti törətməyi sifariş vermiş şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmasa, biz fəaliyyətimizi dayandıraraq, cənab Prezident İlham Əliyevdən kollektiv şəkildə kömək istəyəcəyik. Çünki işə gəlməyə qorxuruq, həyatımıza təhlükə hiss edirik. 2 dəfə eyni üsulla törədilən cinayətin üstü açılmırsa, deməli, 3-cü dəfə daha dəhşətli cinayət hadisəsinin baş verməsindən kimsə sığortalanmayıb».

1. Baş vermiş cinayət hadisəsi mütəşəkkil dəstə tərəfindən törədildiyinə görə Bakı şəhər BPİ-də istintaq olunan cinayət işi dərhal alınaraq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin icraatına verilsin.
2. Bu işdə şübhəli olan şəxslər barədə istintaqa təqdim etdiyim və istintaq yolu ilə əldə olunmuş digər maddi sübutların, dəlillərin cənab nazirin yanında mənim iştirakımla təkrar müzakirə edilməsi təmin olunsun. Çünki yetərincə şübhələrim var ki, bu cinayətin sifarişçisi və icrasını təşkil edənlər barədə cənab nazirə doğru məlumat verilmir».
Baş redaktor sonda bir daha bəyan etdi ki, redaksiyanın fəaliyyətində ciddi problemlər yaranıb: «Təkrar edirəm, 2 dəfə ardıcıl olaraq cinayətin qurbanı olan, 3-cü dəfə həmin cinayətkarlardan ölümlə hədələmə və məhvedilmə hədəsi alan jurnalistlərin qorxu içində işə gəlib-getməsi mümkünsüzdür. Hesab edirəm, nə qədər ki, yaranmış acı situasiya və jurnalistlərimizin bu dəhşətli vəziyyəti barədə məlumatlar Jurnalistlərin Dostu olan cənab Prezident İlham Əliyevə çatdırılmamış bu problem istintaq yolu ilə dərhal həllini tapmalıdır… Əks halda, qəzet fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Axı biz nə istəyirik: istəyirik ki, jurnalistlərə, ölkənin vətəndaşlarına qarşı törədilmiş bir ağır cinayətin üstü açılsın, müstəntiq və istintaq qrupu da açılmayan cinayətlərin birinin həyəcanından qurtarsın…».
(pravdainfo.org)


Şərhlər