Ərdoğan: "Qətiyyən bu “paralel dövlət”in qurduğu tələyə düşməyin"
Türkiyədə paralel dövlət məsələsi hələ də aktualdır.ANS TV-nin məlumatına görə Türkiyə prezident seçkilərinin beş addımlığındaykən, baş nazir Rəcəb Tayyib Ərdoğan yenə də paralel dövlət məsələsini gündəmə gətirməklə ölkəsi üçün mövcud təhlükənin hələ də qalmasına işarə edib.
Ankarada çıxışı zamanı paralel dövlət sistemini tənqid edən Ərdoğan bildirib ki, ölkəni gizli yollarla idarə etməyə çalışan qurumlar, əslində dövlətin parçalanmasına çalışan qüvvələrdir.
"Qətiyyən bu “paralel dövlət”in qurduğu tələyə düşməyin. Çox diqqətli olmaq lazımdır. Ölkənin milli təhlükəsizliyini riskə atan bu sistem öz kirli məqsədlərini həyata keçirmək üçün inancımızdan sui-istifadə etdi. Törətdikləri əməllərin bir faydası olmadı. Onlar əməllərinə görə cavab verəcəklər. Hələlik isə istədikləri qədər lovğalıq edə bilərlər. Biz kəfənimizi geyinərək yola çıxmışıq”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyədə “paralel dövlət” termini ötən ilin dekabrında - rüşvət və korrupsiya əməliyyatı zamanı gündəmə gəldi. AKP iqtidarını silkələyən bu hadisələr dövlətin başı üzərindən həyata keçirilincə, hökümətdəkilər də necə deyərlər, barmağını dişlədilər. Çünki proseslər Qərb texnologiyaları ilə həyata keçirildi və ona görə də Türkiyədə yer yerindən oynadı. Baxmayaraq ki, o vaxta qədər də tək Türkiyə yox, həm də dünya mediasında, hətta məşhur Vikiliks saytında belə Fətullah Gülən hərəkatının Türkiyəni ictimai və siyasi arenasına nə dərəcədə nüfuz etdiyi müzakirə edilirdi.
2009-cu ildə ABŞ-ın Türkiyədəki sabiq səfiri Ceyms Franklin Cefri belə yazırdı: "Fətulalh Gülən hərəkatı Türkiyə hökümətinin bütün idarəçiliiyni əlinə alıb. Türkiyə polis idarəsində çalışan 200 min polis əməkdaşı Gülən tərəfdarlarını qorumaq üçün əlindən gələni etməyə hazırdır".
Bəli, biz bunu aralarında nazir övladları, məmurlar, iş adamları da olmaqla 50-dən yuxarı vəzifəli şəxsin həbsində açıq-aydın müşahidə etdik. Amma Türkiyə höküməti bu açıq savaşdan hələlik qalib ayrıldı. Həbs olunanlar azad edildi, əvəzində Türkiyə höküməti dövlət qurumlarındakı Gülənçilərin ovuna başladı. Dərshanələr bağlandı və maraqlıdır ki, bu proseslər Azərbaycandan da yan keçmədi. Ərdoğanın ölkəmizə gəlişindən sonra adı nurçuluqda hallandırılan vəzifə adamları vəzifədən götürüldü, türk litseyləri bağlandı və Ərdoğan bunu öz ölkəsində bu şəkildə diqqətə çatdırdı.
Görünür, iş hələ tamam deyil. Çünki tam olsaydı, Ərdoğan bu məsələni qatlayıb bir küncə qoyardı. Amma o, hələ də hər fürsətdə paralel dövlətdən və onun qorxulu tərəflərindən danışır.


Şərhlər