Menu

““Kürdüstan”ın yaranmasına izn vermərik” - İran 

08.07.2014, 10:15
““Kürdüstan”ın yaranmasına izn vermərik” - İran 

Məlum olduğu kimi İŞİD-in Mosulu ələ keçirməsiylə Quzey İraq rəsmi Bağdadın tamamilə nəzarətindən çıxmış, bundan istifadə edən yerli muxtar hakimiyyətin sədri Məsud Barzani Kürdüstanın müstəqilliyini dilə gətirmiş və referendum keçirilməsini təklif etmişdi. Barzaninin bu təklifinə İsraildən müsbət reaksiya özünü çox gözlətmədi. İsrailin baş naziri Binyamin Netanyahu kürdlərin öz dövlətlərini qurmaq və ona sahib çıxmaq haqqının olduğunu bildirdi.

Görünən budur ki, Netanyahunun bu sözləri Yaxın Şərqin bir çox dövlətlərini narahat etməyə başlayıb. Məsələylə bağlı mövqeyini bildirən Misir Prezidenti Əbdülfəttah əl-Sisi mətbuata verdiyi açıqlamasında “Kürdlərin müstəqilliyini elan etməsi İraqın bir-birinə düşmən bir çox kiçik dövlətlərə bölünməsinə gətirib çıxara bilər” deyib. Əl-Sisiyə görə, bu hərəkət yalnız İraq xalqının daha artıq qan axıtmasıyla qalmaz, Yaxın Şərq coğrafiyasındakı digər dövlətlərə də mənfi təsir göstərər: “Müstəqil Kürdüstan dövləti kürdlərin yaşadığı Suriyanın quzeyini də öz sərhədləri daxilinə ala bilər. Bu isə bölgədə yeni dini və etnik konfliktlərin yaranmasına səbəb olar. Bu mənada kürdlərin müstəqillik tələbləri qorxunc fəlakət planının bir parçasıdır”.

İraqla yaxın qonşu olan İran da bu hadisələrdən xeyli nigarandır. İranın Xarici İşlər Nazirinin müavini Hüseyn Əmir Abdullahiyan məsələyə daha sərt münasibət bildirərək ölkəsinin baş verənlərə əsla laqeyd qalmayacaqlarını deyib: “İraqın bölünməsi Sionist bir plandır. Netanyahunun sevincini gizlətməməsi bu mənada təsadüfi deyil. Bütün dünya liderləri içərisində bu qanlı plana dəstək verən tək adam da odur. Amma biz onun xəyallarının reallaşmasına izn verməyəcəyik. Quzey İraq yönətiminin bu cür təxribatlara uyub tələsik addım atmamasını tələb edirik”.

Maraqlıdır ki, İranın diplomatı Türkiyənin susqunluğuna da aydırnlıq gətirib. Onun sözlərinə görə, Türkiyə də Quzey İraq məsələsində İranla eyni mövqedədir. Sadəcə içində bulunduğu şərtlər rəsmi Ankaranın sərt münasibət bildirməsinə imkan vermir: “Bununla belə Türkiyənin bölgəylə bağlı strateji baxışı bizimlə eynidir”. /moderator.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol