«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyanın terrorçulardan bu yaxınlarda azad olunmuş İdlib əyalətindəki Əbu-Duxur aviabazasında Rusiya hərbçiləri görünüb. Suriyalı fəallara istinadla, bu barədə xəbəri terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan «Telegram-kanal Directorate 4» kanalı verib.
«Rusiya bölmələri» barədə məlumat verən kanal mənbələri onların sayını və hansı növ hərbi hissəyə aid olduğunu dəqiqləşdirməyib.
Xəbər verildiyi kimi, fevralın 3-də İdlibdə Rusiyanın standart patrul uçuşu həyata keçirən Su-25 qırıcı təyyarəsi vurulub. Bunun məsuliyyətini «Ceyş ən-Nəsr» terrorçu qruplaşması öz üzərinə götürüb. Pilot Roman Filipov katapulta edə və insident barədə xəbər verməyə macal tapıb, amma terrorçulara əsir düşməsin deyə, özünü qumbara ilə partladıb.
Əbu-Duxur bazası 2015-ci ildən terrorçuların nəzarəti altında olub. Yanvarın 20-də məlum olub ki, «Cəbhət ən-Nursə» qrupunun bazasında yaradılmış «Hayat Təhrir əş-Şam» (HTŞ) qruplaşmasının döyüşçüləri Suriya ordusu ilə şiddətli döyüşlərdən sonra, bu obyekti tərk ediblər.
Yanvarın 30-da HTŞ qrupunun üzvləri guya, Hələb əyalətinə doğru hərəkət edən Türkiyə ordu hissələrində görsəniblər. Bundan bir neçə gün əvvəl Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan Afrindən sonra ordunun İdlibə qədər gedəcəyini mumkün hesab edib.


Şərhlər