Menu

Oliqarxlar Atatürkün yaxtasında - Foto

09.07.2014, 13:15
Oliqarxlar Atatürkün yaxtasında - Foto

Mustafa Kamal Atatürkün yaxtası olaraq bilinən “Savarona” yaxtası İran əsilli azərbaycanlı iş adamı tərəfindən icarəyə götürülüb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxta ötən ilin 17 dekabrında “korrupsiya və rüşvət əməliyyatları” zamanı saxlanılan, sonradan sərbəst buraxılan Rza Zarrab tərəfindən işlədilir.

Mədəniyyət Nazirliyinə muzey kimi istifadə edilmək üçün verilən yaxta sonradan Rza Zərraba aid “Royal Dənizçilik” şirkəti tərəfindən həftəlik 350 min avroya oliqarxlara kirayəyə verilir.

Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) ötən ilin avqust ayında keçirilən iclasında “Savarona”nın alınıb Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilməsi haqda qərar qəbul edilmişdi. Yaxtanın alınması işi TOBB rəhbərinin müavini və İstanbul Ticarət Birjası sədri Əli Kopuza verilmişdi.

Ə.Kopuz Atatürkün yaxtasını 49 illiyinə kirayəyə götürən və işlətdiyi 25 ildən sonra xərcinin çox olması səbəbindən satmaq istəyən Qəhrəman Sadıqoğlu adlı iş adamından təxminən 7 milyon dollara alıb. Yaxta bu ilin yanvar ayında Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilib. Nazirlik yaxtanı muzey olaraq istifadə etməli idi. Lakin yaxta icarəyə verilib.

Əli Kopuz mətbuata açıqlamasında yaxtanı Mədəniyyət və Turizm Nazirliyinə təslim etdiyini, lakin kirayəyə verilməsindən xəbərsiz olduğunu deyib.

Hazırda Atatrükün yaxtası 3 gündür İtalyanın Sicilyadakı Licata limanındadır.

Xatrıladaq ki, “Savarona” 1938-ci ildə Türkiyə hökuməti tərəfindən alınaraq Mustafa Kamal Atatürkə hədiyyə edilmişdi. O zamanlar vəziyyəti ağır olan və sağlamlığı gün keçdikcə pisləşən Atatürk ölümündən əvvəl yaxtada yalnız altı həftə vaxt keçirə bilmişdi.

“Savarona” 1931-ci ilin 28 martında dənizə endirildiyində dünyanın ən böyük yaxtası idi. Hazırda da dünyada ən iri yaxtalardan biri sayılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol