Müşahidəçini isə MTN-lə hədələyiblər
Naxçıvanda prezident seçkilərinin səsəvermə mərhələsi ciddi pozuntularla müşaiyət edilir.
Nehrəm kənd sakini və 6 saylı Culfa-Babək seçki dairəsi ərazisində müşahidəçi Rövşən Bağırov hədələnir. Bu haqda R.Bağırov özü Turan-ın bölgə müxbirinə bildirib.
YAP Babək rayon rəhbərliyi R.Bağırovun yaxınlarına R.Bağırov müşahidəçilikdən imtina etmədiyi halda seçkidən sonra MTN-in təzyiqlərilə üzləşəcəyi xəbərdarlığı edib. R.Bağırov Naxçıvanda fəaliyyət göstərən “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi”nin müşahidəçisidir.
AXCP Naxçıvan təşkilatının üzvü, Nehrəm kənd sakini Zeynalabdin Bağırzadə və ailə üzvləri səsverməyə buraxılmayıblar. 8 nəfərlik ailə üzvlərinin heç birinin adları seçici siyahılarına salınmayıb. 6 saylı məntəqədə şəxsiyyət vəsiqəsini təqdim edərək əlavə seçici siyahısına düşmək istəsələr də, məntəqə sədri buna imkan verməyib. Z.Bağırzadə əlavə edib ki, qeydiyyatı olanlar bu məntəqədə səs verə bilmədikləri halda qeydiyyatı olmayan çoxlu sayda insanlar bu məntəqədə səsverməyə cəlb edilirlər.
1, 2, 4, 6 saylı dairələrdən gələn məlumatlarda seçki saxtakarlıqlarının əsasən “karusel” əməliyyatı üzərində qurulduğu qeyd olunur. Təkrar-təkrar səsverməyə cəlb edilən insanlar avtobus və minik maşınları ilə məntəqələrə gətirilir.


Şərhlər