«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp və Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinin ən yeni silahların yaradılması barədə bəyanatlarından narahatlıq ifadə ediblər.
İki ölkənin liderləri hesab edirlər ki, Putinin bəyanatları silahlanma üzərində beynəlxalq nəzarəti sual altına alır.
Onlar Putinin çağırışlarını telefonla müzakirə ediblər.
Kremldə isə bəyan edirlər ki, Putinin çıxışını militarist adlandırmaq olmaz. «Yeni silahların yaradılması dünyada nüvə paritetini pozmur» - deyə, Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib.
İndi isə gəlin diqqət yetirək - nə üçün Putinin sözügedən bəyanatlarından məhz ABŞ və Almaniya digər dövlətlərdən daha çox narahatlıq keçirir?
Əvvəla, ona görə ki, Rusiyanın bu mövqeyi ABŞ-ın qlobal maraqlarına toxunur. Bunu anlamaq üçün, bu günlərdə Çin Xalq Respublikası (ÇXR) Xarici İşlər Naziriyinin (XİN) yayığı bəyanata diqqət yetirmək lazımdır. ÇXR diplomatiya idarəsinin başçısı deyib ki, ABŞ bundan sonra qlobal problemləri təkbaşına yox, bütün maraqlı dövlətlərin iştirakı ilə həll etməlidir. Həmin maraqlı dövlətlərdən biri də məhz Rusiyadır. Deməli, Putinin məlum bəyanatları ABŞ-ın «dünya ağalığı»na son verməyə yonəlib - yəni ki, çağdaş dünyada «rədd olsun birqütblük!»
Putinin məlum bəyanatları Almaniyanın da regional maraqlarını zərbə altına almış olur. Belə ki, Avropa dövləti (Avropa İttifaqı) daxilində məhz Almaniya özünü ittifaqın lokomotivi mövqeyində görür və bölgədə mütləq dominantlıq etmək niyyətindədir. Xatırlayırsınızsa, Avropa İttifaqının bir müddət əvvəl Romada keçirilən sammitində məhz Merkel ölkəsini Avropa dövlətinin lokomotivi elan emişdi.
Rusiya da Avropa dövlətidir - onun da bölgədə öz maraqları var. Məlumdur ki, Almaniya Avropada özünün regional maraqlarını təmin etmək üçün əsasən, ABŞ-ın silah sistemlərinə stavka edir. Rusiya isə bunu özünə təhlükə kimi qəbul edir və ABŞ silahlarının (o cümlədən, nüvə silahının) Avropadan çıxarılmasını istəyir. Belədə, aydındır ki, ABŞ silahına söykənməsə, Almaniya bölgədə dominantlıq edə bilməz. O biri tərəfdən isə Putin Avropaya açıq-aşkar çağırış etdi - ABŞ silahları və raket əleyhinə müdafiə sistemləri (RƏM) yerləşdiyi ərazini avtomatik olaraq, Rusiyanın hədəfinə çevirmiş olur. Putinin təqdim etdiyi yeni hipersəs sürətli raket həm də ABŞ RƏM sistemlərini lazımsız hala gətirir. Belədə, Almaniya nə üçün narahat olmasın?...


Şərhlər