«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya ilə Çin Ayı və uzaq kosmosu birlikdə tədqiq etmək barədə saziş imzalayıblar.
«Roskosmos» və Çin milli kosmik administrasiyası (ÇMKA) Ayın və uzaq kosmosun tədqiq olunması sahəsində əməkdaşlıq etmək niyyətindədir. Bu barədə Rusiya kosmik agentliyi xəbər verib. Müvafiq saziş kosmosun fəth olunması üzrə Tokioda keçirilən beynəlxalq forumda imzalanıb.
Sənəd, Rusiyanın «Luna-Resurs-1» orbital kosmik aparatının orbitə çıxarılması layihəsi və Çinin 2023-cü ilə nəzərdə tutulmuş Ayın cənub qütbünə enmə missiyasını nəzərdə tutur.
Sənədi «Roskosmos»un baş direktoru İqor Komarov və ÇMKA başçısının müavini U Yanxua imzalayıb.
Bundan başqa, onlar Ay və uzaq kosmos layihəsi üzrə birgə məlumat mərkəzi yaratmaq barədə razılığa gəliblər. Ehtiyac yaranacağı təqdirdə, bu çalışmaya hər iki ölkənin elm və sənaye şirkətləri cəlb olunacaq.
Bu, kosmos üzrə ilk Çin-Rusiya sazişi deyil. Ötən ilin dekabrında kosmosun tədqiq olunması üzrə əməkdaşlığa başlanması ilə əlaqədar olaraq, texnologiyaların qorpunması və yerüstü kosmik infrastrukturun yaradılması tədbirləri barədə saziş qüvvəyə minib.
Bundan başqa, ötən ilin noyabrında «Roskosmos» və ÇMKA arasında kosmik sahədə 2018-2022-ci illərdə əməkdaşlıq barədə proqram imzalanıb. Proqram 6 bölmədən ibarətdir: Ayın və uzaq kosmosun öyrənilməsi, kosmik elm və onunla bağlı texnologiyalar, element bazası və materialları, Yerin distansion zondlaşdırılması barədə məlumatlar üzrə əməkdaşlıq, kosmik zibilin monitorinqi və uyğun məsələlərin praktik tədqiqi.


Şərhlər