Menu

İsrail Fələstində qətliamı davam etdirir - Ərdoğan BMT-dən Qəzzaya müdaxilə tələb etdi

11.07.2014, 23:38
İsrail Fələstində qətliamı davam etdirir - Ərdoğan BMT-dən Qəzzaya müdaxilə tələb etdi

İsrail Fələstin yaraqlılarının yəhudi dövlətinə etdikləri raket hücumlarına cavab olaraq, bu gün dördüncü gündür Qəzza zolağında hərbi əməliyyatlarını davam etdirir. Fələstin rəsmilərinin bildirdiyinə görə, İsrailin qadınlar və uşaqlar da olmaqla, ölənlərin sayı 100-ə çatıb.

İsrail rəsmilərinin məlumatında deyilir ki, bu gün Livanın cənubundan İsrailin şimal bölgəsinə raket atılmış, lakin xəsarət alanlar olmamışdır. Raketin kimlər tərəfindən atıldığı məlum deyil. Lakin İsrail buna artilleriya atəşləri ilə cavab verildiyini bildirib.

İsraildən alınan digər məlumatda isə deyilir ki, bu gün Qəzza zolağından atılan raketlərdən biri İsrailin Aşdod şəhərindəki yanacaq məntəqəsinə düşərək, güclü partlayışa səbəb olub. Rəsmilər partlayış zamanı bir nəfərin yaralandığını bildirib.

BMT baş katibi Pan Gi Munun cümə axşamı Həmasla İsrail arasında münaqişəyə son qoyulmasına çağırmasına baxmayaraq, heç bir tərəf buna məhəl qoymur.

Bu ara Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Pan Gi Muna zəng edərək beynəlxalq ictimaiyyətə İsrailin Qəzza zolağına təşkil etdiyi hücumların dayandırılmasından ötrü təcili hərəkətə keçməsi üçün çağırış edib.

ANS PRESS-in məlumatına görə, 15 dəqiqə sürən telefon danışığında Ərdoğan İsrailin hücumların dayandırılmasını tələb edərək bildirib ki, tərəflər arasındakı 2012-ci ildə imzalanmış sülh müqaviləsinə riayət olunmalıdır.

İsrailin Fələstinə qarşı həyata keçirdiyi hərbi əməliyyatları qınadığını bildirən Türkiyə baş naziri yəhudi dövlətinin təhlükəsizliyinin ədalətli və əhatəli bir sülhlə təmin oluna biləcəyinə diqqət çəkib.

Qeyd edək ki, son günlər İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 100-dən çox günahsız fələstinli ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol