I HİSSƏ
Tarixi-fəlsəfi əsaslar
İnsanlıq tarixi yaranandan hər kəsi bir sual maraqlandırıb: Biz necə idarə edilməliyik?
Sözsüz ki, Yaradanın müqəddəs kitablarında məxluqatın əşrəfi saydığı insan oğlu ən ədalətli şəkildə idarə olunmağa layiqdir. Bu mənada necə bir idarəçilik sistemi ətrafında müzakirələrin peyğəmbərliklə başlayan bəşər tarixin ilk dövrlərinə qədər gedib çıxması təsadüfi deyil. Adəm peyğəmbərin idarəçilik sistemi ilə bağlı düşüncələri, ona endirilmiş ayələrin məzmunu bu günümüzə qədər gəlib çatmadığından ilk insanların necə idarəçiliyə üstünlük verdiyini də bilmirik. Siyasətşünaslıq elmində isə dövlət idarəçiliyi barədə ən dolğun və qədim təsəvvürlər 24 əsr bundan əvvəlki dövrlərə aiddir.
Dördüncü dəfə prezidentlik hüququ və demokratiya
Tarixi sənədlər bizim eradan əvvəl 428-ci ildə anadan olmuş Platonun və onun tələbəsi Aristotelin dövlət və siyasi liderlər barədə mühakimələr yürütdüyünü göstərir. Onlardan əvvəl isə Sokratın bu cür mövzularla bağlı fikir mübadiləsi apardığı məlumdur. İstər Platonun, istərsə də Aristotelin dövlət və qanunlar barədə xüsusi kitablar qələmə alması da bu barədə elmi müzakirələrin tarixinin çox-çox əvvəlki dövrlərə uzandığını göstərir.
Hər iki filosofun əsərlərini incələdiyimizdə bu gün bir çox Azərbaycan müxaliflərinin hörmətli prezidentimiz İlham Əliyevin 4-cü dəfə namizədliyini irəli sürməsini tənqid edərkən söykəndikləri arqumentin nə qədər çürük olduğunu görə bilərik.
Əvvəla, ondan başlayaq ki, İlham Əliyevin xalq arasındakı nüfuzundan çəkinib onunla rəqabətə girməyə cəsarət edə bilməyən müxaliflərin əsas istinad nöqtələri demokratik ölkələrdə prezident seçilmək hüququnun 2 dəfədən artıq verilməməsidir. Mən insan qabiliyyətini məhdudlaşdıran bu prinsipin nə qədər doğru olub-olmadığını bir kənara qoyuram. Bu gün Qərb sivilizasiyasının təməl daşlarını atan klassik yunan filosofları Aristotel və Platon kimi dahilər demokratik idarəçilik sisteminin özünü belə müzakirə mövzusuna çevirmiş və bu dəyərlərin heç də ən ideal siyasi sistem olmadığı qənaətinə gəlmişlər.
İdealist fəlsəfənin ilk müəllimlərindən sayılan Platonun fikrincə, demokratiya həyəcanı əqli qabiliyyətini üstələyən toplumlarda böyük əksəriyyəti aldada bilən dələduzların, yalançıların ön plana çıxmasına və hakimiyyətə gəlməsinə şərait yaratdığı üçün qətiyyən ədalətli və xeyirli sistem deyil. O, “Dövlət” əsərində məhz bu məntiqdən çıxış edərək yazır: "Yerli-yersiz alınan qərarlardan dövlət daim dalğalandığı üçün vətəndaşlarda ağıl yox, həyəcan hakim olur".
Dolayısıyla, filosof demək istəyir ki, demokratik ölkələr düşünülmüş qərarlarla deyil, emosiyalarla idarə edilir.
Nə qədər Platonçuluğa qarşı olsa belə, Aristotel də bu məsələdə öz müəllimiylə razılaşır. Onun fikrincə, 6 siyasi idarətmə forması var və bunlardan 3-ü müsbət, digər 3-ü isə mənfi sistemlərdir. Mənfi idarəçilik sisteminə daxil olan anlayışlardan ən yaxşısı isə demokratiyadır.
Aristokratizm
Aristotelin insanlara təbliğ etdiyi ən yaxşı sistemə gəlincə, bu, aristokratiyadır. Çünki aristokratlar uşaqlıqdan idarəçilik sirlərinə yiyələndiklərindən, dövləti də kamil yönəldirlər. Onların aldığı təhsil və tərbiyə bu işdə ən böyük dayaqları, istinadgahlarıdır.
Klassik filosofların bu fikirlərini biz cənab Prezident İlham Əliyevin timsalında daha dolğun görə bilirik. Sirr deyil ki, 24 dekabr 1961-ci il tarixində dünyaya gələn prezidentimiz hələ 8 yaşına gəlməmiş dahi rəhbərimiz Heydər Əliyev Azərbaycanı idarə edən birinci şəxsə çevrilmişdir. Aristotelin məntiqiylə məsələyə yanaşsaq, İlham Əliyevin ağlı kəsdiyi gündən atası vasitəsilə dövlət idarəçiliyi təcrübəsinə yiyələndiyi ortadadır. Üstəlik, mərhum Heydər Əliyevin yalnız Azərbaycanı idarə etməklə kifayətlənməməsi, dövrünün ən böyük qlobal siyasi super güclərindən sayılan SSRİ-nin aparıcı şəxslərindən olması, 1974-1979-cu illərdə SSRİ Ali Sovetinin sədr müavini, 1982-ci ildən 1987-ci ilə qədər Sov. İKP Mərkəzi Komitəsinin üzvü seçilməsi və SSRİ Nazirlər Kabinetinin müavini vəzifələrini icra etməsi İlham Əliyevin dünyanı idarə edənlərdən birinin ailəsində böyüməsinə şərait yaratmışdır. Gözünü açandan bəri belə bir ailənin üzvü olmağın qazandırdığı üstünlüklər, sözsüz ki, İlham Əliyevin əvəzsiz siyasi lider kimi ortaya çıxmasında müstəsna rol oynamışdır. Təkcə ölkəmizin deyil, bütün dünyanın ciddi siyasi təcrübəyə malik insanlar tərəfindən idarə edilməsinin zərurətə çevrildiyi indiki zamanda 3 dəfə prezident seçildiyinə görə aristokrat bir ailədən gələn, dünya siyasətinin nəbzində püxtələşən bir şəxsiyyətin seçkilərdən kənarda qalmasını düşünmək Azərbaycana vurulacaq ən böyük zərbə olardı.
Yeri gəlmişkən, bu gün bir çoxlarının əlində rəhbər tutduğu bu prinsipin mübahisəyə açıq olduğunu təkcə antik dövrün filosofları deyil, müasir çağımızdakı demokratik dövlətlərin formalaşmasında və güclənməsində müstəsna qolları olan şəxsiyyətlər də etiraf edirlər. Öz əqli zəkası ilə Böyük Britaniyanı II Dünya müharibəsindən ən az itkiylə çıxaran və ölkəsinin adını qalib dövlətlər siyahısına yazdıran, İngiltərənin indiyədək yetişdirdiyi ən böyük siyasi xadimlərdən olan Uinston Çörçill də demokratiya haqqında dediyi məşhur ifadələrlə Platonun və Aristotelin fikirlərini təsdiqləyir. Söhbət bu fikirlərdən gedir: “Demokratiya ən yaxşı idarəetmə forması deyil, pislərin içərində ən yaxşısıdır”. Çörçillin bu fikirləri Aristotelin “ən pislər arasında ən yaxşı sistem” təsnifatının bir başqa ifadəsi deyilmi?
Böyük dövlətlər niyə pislərin yaxşısını mənimsəyiblər?
Sual oluna bilər: Dövlət rəhbərlərinə bu cür məhdudiyyətlərin gətirilməsi pisdirsə, dünyanın ən böyük və qabaqcıl ölkələri niyə onu özlərinə tətbiq edirlər?
Zənnimizcə, bunun səbəbi həmin dövlətlərin öz dövlətləşmə prosesini uğurla başa çatdırması, demokratik vərdişlərə yiyələnmiş vətəndaşlar yetişdirməsi və oturuşmuş cəmiyyətlərə sahib olmaları ilə əlaqədardır. Prinsipcə, Aristotel və Platonun əsərlərində də belə cəmiyyətlərə malik dövlətlərdə demokratiyanın ən yaxşı idarəetmə formasına çevrilə biləcəyi etiraf olunur. Çünki oturuşmuş dövlətlərin demokratiya nəticəsində dələduzların, yalançıların əlinə keçməsi ehtimalı sıfıra bərabərdir. Bu cür dövlətlərdə idarəetmə mexanizminin təsadüfən hakimiyyətə gələn cahil komandanın əlinə düşmə şansı yoxdur. Həmin ölkələrin idarə olunmasında iqtidar komandalarından daha çox, dövlət mexanizmləri rol oynayır, məhz bu səbəbdən də bir çox hallarda populist çıxışlarıyla ictimai rəğbət qazanan qaliblərin seçicilərə verdikləri qeyri-real və ya zərərli vədlər elə vəd olaraq da qalır. Demokratiyanın klassik filosoflar tərəfindən təsbit edilən zərərli təzahürləri isə yalnız bizim kimi hələ inkişafını tamamlamamış dövlətləri müstəmləkəçilərin əsirinə çevirir.
Bu mənada təsadüfi deyil ki, Qərb demokratiyasının rəsmi tarixi də çox qədim deyil. Müasir demokratik ənənələrin əsası yüzillər əvvəl qoyulsa da, tədrici inkişaf mərhələsinə üstünlük verildiyindən, demokratiya anlayışı ilk dəfə II Dünya müharibəsi ərəfəsində rəsmi kimlik qazanmışdır. Tədqiqatçıların təsbitinə görə, demokratiya sözü ilk dəfə 1941-ci ildə Rodos adalarının Konstitusiyasına salınmış və II Dünya müharibəsindən sonra yayğınlaşmağa, rəvac qazanmağa başlamışdır. Bu dövr isə qlobal güclərin dünyanı yenidən bölüşdürdükləri zamana təsadüf edir. Böyük dövlətlərin sənaye inqilabından sonra bu anlayışa üstünlük verməsi artıq öz cəmiyyətlərini qurub tamamlamasıyla bərabər həyata keçirilmişdir.
Ruzvelt niyə 5-ci dəfə prezident seçilmədi?
Hətta II Dünya müharibəsi dövründə ABŞ-ın məşhur prezidenti Franklin D. Ruzvelt ölkə tarixində ilk dəfə 4-cü prezidentlik postunda idi. O, 1945-ci ildə həyatını kreslo üzərində itirməsəydi, bəlkə də 5-ci dəfə də eyni səlahiyyətini davam etdirərdi. Ruzveltin 4 dəfə eyni vəzifəni həyata keçirməsini demokratik dəyərlərə zidd hesab etməyənlərin eyni şansı Azərbaycan prezidentinə çox görmələrini anlamaq mümkün deyil.
Siyasətşünaslar Franklin D. Ruzveltin prezidentlik kürsüsündə 4 dəfə arxa-arxaya oturmasının səbəbini bir neçə amillə əsaslandırırlar. Əsas amillərdən biri II Dünya müharibəsi ərəfəsində ABŞ-ın reallaşdırmağa çalışdığı hədəflər və ölkə prezidentinin siyasi təcrübələriylə əlaqədardır. Bildiyimiz kimi, ABŞ II Dünya müharibəsinə qatılmış və digər iştirakçılardan fərqli olaraq bu savaşdan ən çox qazancla ilə çıxmışdı.
Əvvəla, iki dəfə dünya müharibələrinə səhnə olan Avropa qitəsi darmadağın dağılmış və dünya üzərindəki hegemonluğunu ABŞ-a buraxmaq ərəfəsində idi. Dünyanın ən böyük gücünə çevrilmək yolunda ABŞ-a isə qətiyyətli addımlar ata biləcək və ciddi siyasi təcrübəyə malik lider lazım idi. Bütün bu kriteriyalara isə Ruzvelt cavab verirdi. Təkcə ona görə yox ki, o, 1932-ci ildən bəri ABŞ-ı idarə edirdi. Həm də ona görə ki, Ruzvelt də İlham Əliyev kimi aristokrat ailədən gəlirdi. O, 1901-ci ildən 1909-ci ilə qədər ABŞ-ı idarə edən Teodor Ruzveltin qohumu və qardaşı qızının həyat yoldaşı idi. Dolayısıyla dövlət idarəçiliyi qaydalarını hələ gənc yaşlarından mənimsəmişdi.
Nəzərə alsaq ki, ABŞ qurulduğu tarixdən etibarən ilk dəfə ciddi xarici təhlükə qarşısında məhz II Dünya müharibəsi ərəfəsində qalmışdı, Ruzveltın ölkə tarixində 2 dəfədən artıq prezident seçilmək şərəfinə layiq görülməsinin əsl səbəbini anlaya bilərik. Eyni məntiqlə, bir tərəfdən Qarabağ problemi, digər tərəfdən Rusiya və Qərb dövlətlərinin geopolitik mübarizəsinin tam ortasında qalan Azərbaycanın siyasi liderinin niyə məhz İlham Əliyevin əyninə biçildiyini anlaya bilərik.
Dünya təcrübəsi və sabit lider
Qeyd edək ki, bu cür kritik vəziyyətlərdə ölkə rəhbərlərinin başqasıyla əvəz edilməməsinə üstünlük verilməsi yalnız ABŞ-a və Azərbaycana da məxsus deyil. Bu gün bizə dövlətləşmə prosesində bələdçilik edən Türkiyə və demokratik dəyərlərini mənimsəməyə çalışdığımız Avropa ölkələri tarixi də bu cür nümunələrlə doludur. Məsələn, I Dünya müharibəsindən məğlubiyyətlə çıxan Osmanlının xarabalıqları üzərində qurulan Türkiyəyə 1920-ci ildən 1938-ci ilə qədər Atatürk rəhbərlik etmişdir. Yaxud bu gün demokratiyasına heyran qaldığımız Avropa ölkələri indiyədək krallıqlarından imina etməyiblər. Çünki demokratikləşmə yoluna tədrici dəyişiklərlə qədəm qoyublar.
Mütəxəssislər İngiltərənin demokratikləşmə prosesini 1215-ci ildə Kral I. Conun imzaladığı “Magna Carta” sənədilə başladığında həmfikirdirlər. Həmin sənədlə kralın səlahiyyətlərini məhdudlaşdırılır, xalqa bəzi hüquq və azadlıqlar verilirdi: kralın sərhədsiz səlahiyyətlərinə son qoyulur, kimsənin mühakimə olunmadan cəzalandırılmayacağı prinsipi gətirildi. Məhz bu tədrici inkişaf xətti tutan İngiltərə demokratikləşərkən, Aristotel və Platonun proqnozlaşdırdığı yoxoluş taleyini yaşamamış, öz mövcudluğunu da qoruya bilmiş, 800 illik uzun tarix boyunca indiki sistemini formalaşdırmışdır.
Uzun və incə bir yol
Ümumiyyətlə, Avropa qitəsinin demokratikləşməsi prosesinin İntibah dövründən başladığı bilinir. Müasir Avropa tarixində demokratik dövlətçiliyin əsası sayılan qüvvələr ayrılığını ilk dəfə Montesqieu (Monteskiyo) ortaya atmışdır (1750). Konstitusion demokratiyanın ideya əsaslarını isə Jan Jak Russo (Jan Jak Russo) "azadlıq, bərabərlik və qardaşlıq" şüarı əsasında 1762 - 1763-ci illərdə "İctimai Saziş" qavramı ilə irəli sürmüşdü. Qeyd edək ki, bu demokratik anlayışlar Con Lukun 17-ci əsrin sonlarında yaşamaq və mülkiyyət hüququnu əsas insan azadlıqlarını ehtiva edən prinsiplər kimi irəli sürməsindən 60-70 il sonralara təsadüf edir. Göründüyü kimi, sadəcə fikir və ideya olaraq demokratik anlayışların təşəkkülü üçün Qərb ölkələri uzun bir inkişaf prosesi keçmişdir. Bütün bunlar isə Qərb demokratiyasının tədrici inkişafının dərhal formalaşmadığı, dövlət qurumlarının və iqtisadi infrastruktrurun oturuşduqdan sonra praktiki mərhələyə qədəm qoyduğu və indiki vəziyyətə gəlməsi üçün uzun yol keçdiyi barədə mülahizələrimizi təsdiqləyir. Heç bir Avropa dövləti tam dövlətləşmə prosesi keçirmədən indiki islahatlara getməyib və gedə də bilməzdi. Əks halda dövlət kimi yox olardı.
Sitat gətirdiyimiz dövlətlər tarixinə nəzər salanda zaman-zaman indiki demokratik dəyərlərdən uzaqlaşma hallarına da rast gəlirik. Bunun ən bariz nümunəsi qardaş Türkiyədir. Demokratik islahatlar ölkənin bəqası üçün təhlükələr yaratdığı anda rəsmi Ankaranın bəzi sərt tədbirlərə əl atdığını müşahidə edirik. Məhz bu səbəbdən, Türkiyə tarixi dövlət çevrilişləri ilə doludur. Son zamanlar prezident R.T. Ərdoğanın bəzi islahatlarını yenidən gözdən keçirməsi də milli maraqlardan irəli gəlir.

Növbəti sual ortaya ortaya çıxır: İndiki Azərbaycanın qarşı-qarşıya qaldığı problemlər nədir və niyə məhz İlham Əliyev bu problemləri çözə bilər?
2. İqtisadi əsaslar
Hər bir dövlət kimi, Azərbaycanın da qarşısında dayanan ən böyük problem iqtisadi inkişaf strategiyası ilə bağlıdır. Sirr deyil ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanan ölkəmizin bütün iqtisadiyyatı darmadağın dağılmış, sənaye müəssisələrimiz işləməz vəziyyətə düşmüş, aqrar və kənd təsərrüfatı müəssisələri rentabelsiz fəaliyyət göstərirdi. Əslində SSRİ kimi nəhəngin dağılmasının da başlıca səbəblərinin başında onillərlə davam edən iqtisadi böhran dayanırdı. Təsadüfi deyil ki, hələ Brejnevin zamanında SSRİ-də Ərzaq Proqramı deyilən sənəd qəbul olunmuş və bəzi gündəlik qida məhsullarının istehlakına məhdudiyyət qoyulmuşdu. O dövrü görənlər yaxşı xatırlayar ki, bir çox respublikalarda, o cümlədən də bizdə hətta çörək belə qıtlaşmışdı. Mağazaların qarşısında yaranan uzun çörək növbələri bugünkü gənclər üçün inanılmaz olsa da, hər halda bizim nəslin nümayəndələri o günlərdən keçiblər.
“Ərzaq Proqramı”nın qəbul olunmasının başlıca səbəblərindən biri də gündəlik tələbat malları sahəsində təklifin tələbi qarşılamaması idi. SSRİ-nin silahlanmaya, bir çox xarici ölkələrdə kommunizm yaymağa və işğala ayırdığı vəsaitlər istər-istəməz ölkə vətəndaşlarının boğazından kəsilir, bu da vəziyyəti gərginləşdirirdi. Yağ, ət kimi qida məhsulları belə talonlarla satılırdı.
Ərzaq təhlükəsizliyi sahəsinə qədər işləyən böhranın digər əsas səbəblərindən biri də SSRİ-nin iqtisadi siyasəti və yanaşmaları idi. Dünyanın aparıcı ölkələri elmi texniki tərəqqidən istifadə edərək, iqtisadiyyatlarını modernləşdirdiyi, robotlaşdırdığı halda, SSRİ işsizliyi artıracaq qorxusuyla buna qarşı çıxır, nəticədə 100 illik, əlli illik fabrik və zavodlar təkmilləşdirilmədən qalırdı. Bu isə nəticə etibarilə məhsuldarlığı azaltdığı kimi, keyfiyyəti də aşağı salırdı.
Digər tərəfdən, özəl mülkiyyətin olmaması sovet insanlarının sahibkarlıq hislərini də öldürür, azad rəqabətin yoxluğu iqtisadi inkişafın qarşısını alırdı. Beləcə ölkə iqtisadiyyatı da getdikcə böhrana sürüklənir və əhəmiyyətsiz yükə çevrilirdi.
Tam belə bir zamanda SSRİ rəhbərliyinin həyata keçirmək istədiyi islahatlar 70 il sovet maskası geymiş rus imperiyasını dağılmağa apardı və Azərbaycan da məhz bu xarabalıq üzərində, özü də əyalətdə müstəqil dövlət kimi ortaya çıxdı.
Bu dövlətin özünü toparlaması isə asan deyildi. Yaranmış hərc-mərcliyi ortadan qaldıracaq “dəmir əl”ə, böyük siyasi təcrübəyə malik ağıla ehtiyac var idi. Müasir Azərbaycanın təməllərini atan mərhum Heydər Əliyev məhz bu şəraitdə hakimiyyətə gəldi və dövləti yenidən qurmaq üçün qollarını çırmaladı.
Onun qarşısında isə böyük problemlər dayanmışdı. İlk əvvəl işə yaramaz, rentabelsiz hala gələn iqtisadi qurumlardan imtina etməli, onların yerinə daha yığcam və funksional gücü yüksək müəssisələr yaradılmalı, xüsusi mülkiyyətçiliyə keçilməli, sahibkarlığın inkişafına ciddi investisiyalar qoyulmalı, yeni zehniyyətli kadrların yetişdirilməsi üçün xaricə tələblər göndərilməli idi və s. Başqa sözlə desək, hər şey sıfırdan yaradılmalı idi. Bunun üçün də ölkəyə ciddi maliyyə, investisiya cəlb olunmalıydı. Azərbaycanın yenicə ayaq üstə durmağa çalışan dövlət olduğunu nəzərə alsaq, bütün bu proqramları xarici investorların ixtiyarına vermək ölkənin suverenliyini təhlükə altında qoya bilərdi.
Amma Uca Yaradanın Azərbaycan xalqına bəxş etdiyi böyük bir zənginliyi var idi ki, bu da ulu rəhbərimizin əlindən tutdu. Söhbət neft ehtiyatımızdan gedir. Heydər Əliyevin böyük dühası neft gəlirlərindən istifadə edərək ölkə iqtisadiyyatını yenidən qurmaq və təkmilləşdirmək strategiyasını həyata keçirmək proqramını ortaya qoydu.
Biz 1993-cü ildən bəri dəqiqliklə həyata keçirilən bu proqramı 3 mərhələyə bölə bilərik:
Neft gəlirlərini təmin edən siyasətlər,
Qeyri-neft sektorunun infrastrukturunu yaratmaq,
Qeyri-neft sektorunun inkişafı və qlobal ticarət dəhlizləri.
Şərti olaraq 3 yerə böldüyümüz bu proqramın ilk mərhələsi mərhum Heydər Əliyevin dövrünə düşür. Müasir Azərbaycanımızda hakimiyyətdə olduğu 10 il ərzində yürütdüyü incə siyasətlərlə “Əsrin müqaviləsi”ni imzalayan Heydər Əliyevin böyük dühası lazım olan investisiyanın ölkəmizə axışına tam şərait yaratdı. Nə yazıq ki, onun ömrü proqramın ikinci hissəsini həyata keçirməyə imkan vermədi. Heydər Əliyevin əsasını qoyduğu bu iki mərhələ isə onun həm siyasi, həm də bioloji varisi İlham Əliyevin çiyinlərinə düşəcəkdi.
Hakimiyyətdə olduğu 10 il ərzində Heydər Əliyev öz varisini bu ağır məsuliyyət yükünü daşımağa da hazırlamışdı. Təsadüfi deyil ki, İlham Əliyevin siyasi karyerası ulu öndərin Azərbaycanın dirçəliş proqramının əsas mənbəyi sayılan SOCAR-dan başlamışdı. O, 1994-cü ildən 2003-cü ilədək xalqımızın ümidgahına çevrilmiş bu müəssisənin ən aparıcı kadrı olmuş, əvvəl vitse-prezident, daha sonra isə I vitse-prezident vəzifələrini icra etmişdir. Sözsüz ki, dahi rəhbər öz varisini bu vəzifəyə səbəbsiz yerə təyin etməmişdi. Heydər Əliyevin məqsədi Azərbaycanın ümid yerini ən çox inandığı adama həvalə etmək və ölkəmizin dövlətləşmə prosesini daha güvənli şəkildə həyata keçirmək idi.
Üstəlik, dövlətləşmə prosesinin öz ömründən uzun sürəcəyi də Heydər Əliyevə aydın idi. Zira buna onillərin lazım olduğunu qlobal siyasət meydanında püxtələşən təcrübəli siyasətçinin bilməməsi mümkün deyildi.
Özündən sonra siyasi varisliyini davam etdirə biləcək qabiliyyətə malik olan adam , sözsüz ki, bu fundamentin atılmasında yer almalı, prosesin əvvəlindən axırına qədər hər sirrinə vaqif olmalıydı.
Mərhum ulu öndərdən sonra hakimiyyətə gələn İlham Əliyevin son 15 ildə yürütdüyü siyasət müasir Azərbaycanın qurucusunun yanılmadığını, öz varisinin bu işi hamıdan daha yaxşı yürüdə biləcəyini sübut etdi. 2003-cü ildən estafeti ulu öndərdən alan İlham Əliyevin bu zamana qədərki siyasətləri şərti olaraq “İqtisadi Dirçəliş” adlandırdığımız proqramı layiqincə yerinə yetirdiyini göstərir. Bu 15 illik mərhələ isə proqramın sadəcə II hissəsidir. Yəni güclü dövlət iqtisadiyyatının infrastrukturunu yaratmaq mərhələsi
Bəs bu mərhələdə hansı nailiyyətlərə imza atıldı?

İlham Əliyevin son 15 il ərzində qarşıya qoyduğu əsas hədəf ölkə iqtisadiyyatının infrastrukturunun yaradılması layihəsi olduğundan, sözsüz ki, onun əsas diqqət yetirdiyi sahələrin başında tikinti sektoru gəlir. Bu 15 il ərzində Azərbaycanın regional iqtisadi inkişafını təmin etmək üçün yollar, körpülər salındı. SSRİ-nin süqutu ərəfəsində durğunluq keçirən yaşayış binalarının inşası da məhz İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra özünün ən yüksək mərhələsinə qədəm qoydu.
Təsadüfi deyil ki, 2003-cü ildə tikinti sektoruna ondan əvvəlki ilə nəzərən 3.4 milyard manat çox investisiya yatırılmışdı. Bu da 5.2 dəfə artım demək idi. Rəsmi statistikalara görə, 2002-ci ildə hər min nəfərə düşən istifadəyə verilmiş mənzillərin sayı 1, yaşayış sahəsi isə 99 kvadratmetr olmuşdusa, bir il sonra müvafiq göstərici 1,7 və 163 kvadratmetrədək artmışdı. Bu, təxminən, bir il ərzində 70 faiz artım demək idi. On ildən sonra, yəni 2013-cü ildə isə hər min nəfərə düşən yeni istifadəyə verilmiş yaşayış sahəsi 225 kvadratmetrə yüksəlmişdi.
Sözsüz ki, bu inkişaf həm də işçi qüvvəsinin artmasını stimullaşdırmış, minlərlə, onminnlərlə insan özünə çörək tapmışdı. Maaşlar artmış, insanların maddi rifah halları yüksəlmişdi. Təkcə 2003-cü ildə tikinti sektorunda işləyənlərin orta əmək haqqı 55%-dən çox artmışdı. Bu artım həm də digər qeyri-neft sektorlarının inkişafına səbəb olmuşdu. Beləcə, ölkə iqtisadiyyatının çərxi daha sürətli dönməyə başlamışdı.
Biz tikinti sektorundakı bu yüksəlişin digər illərdə də davam etdiyini görürük. Yenə rəsmi statistikalara görə, 2003-cü ildə bütün mənbələr hesabına tikintiyə yönəldilən vəsaitlərin həcmi 2,7 milyard manat idisə, analoji göstərici 2012-ci ildə 15,3 milyard manat (6,5 milyard manat dövlət büdcəsindən) və yaxud 5,7 dəfə artmışdır.
Xüsusilə ölkənin dörd bir tərəfinin bir-birinə bağlayan yolların, körpülərin salınması, regionlara qaz, işıq xətlərinin, su kanallarının çəkilməsi digər iqtisadi sektorların da inkişafına səbəb olmuşdu. Azərbaycanda həyata keçirilən “İpək yolu” layihəsi Bakı-Tiflis-Qars dəmir yolunun açılması başda Çin olmaqla digər ölkələrin də diqqətini çəkmiş, dünya iqtisadiyyatının Azərbaycanda qovuşması perspektivini yaratmışdı. Bütün bunların effektli nəticəsi isə İlham Əliyevin bundan sonrakı hakimiyyəti dövründə - təməlləri Heydər Əliyev tərəfindən atılan “İqtisadi Dirəliş” proqramının 3-cü mərhələsində özünü büruzə verəcək.
Məhz mənim bu seçkilərdə İlham Əliyevi dəstəkləməyimin təməl səbəbi də budur: Ulu öndərlə başlayan “Dirçəliş Proqramı”nın yarıda kəsilməməsi.
İlham Əliyevin son 15 ildə həyata keçirdiyi siyasətlər yalnız infrastrukturun yaradılmasıyla da qalmayıb. “Dirçəliş Proqramı”nın 3-cü mərhələsinə aid olan qeyri-neft sektorunun inkişafında da bu müddət ərzində mühüm addımlar atılıb. Bu da Ümum Daxili Məhsulun artmasına səbəb olub. Rəsmi statistikalar Ümumi daxili Məhsulun (ÜDM) dinamikasının 2003-cü ildən 2013-cü ilə qədər 7 dəfəyə qədər artdığını göstərirdi. Bu isə MDB-nin ikinci güclü iqtisadiyyatı hesab edilən Qazaxıstandan belə artıq idi.
Ən əsası isə bu artım yalnız neft sektoru ilə məhdudlaşmır, qeyri-neft sektorunda da özünü göstərirdi. Ekspertlərə görə, 2003-2008-ci illərə qədər ölkə iqtisadiyyatında artım əsasən neft sektorunda baş vermişdisə, 2008-ci ildən başlayaraq, qeyri-neft sektoru ön plana çıxmışdı. Artım dinamikasının qeyri-neft sektoruna keçməsində 2008-ci il qlobal böhranının da rolu olmasına baxmayaraq, hər halda Azərbaycan həmin iqtisadi təlatümdən ən az itki ilə xilas olan ölkələrin başında gəlirdi. Bütün bunlar İlham Əliyevin estafeti ulu öndərdən təhvil aldığı yolda büdrəmədən yeridiyinə işarədir.
Baxmayaraq ki, bu irəliləyiş 2015-ci ildən səngiməyə başlasa da, bunun müvəqqəti hal olduğu ortadadır. Son dövrlər qarşılaşdığımız bu böhranların başlıca səbəbləri, məncə, qlobal iqtisadi böhranla yanaşı, Azərbaycan hakimiyyətinin qeyri-neft sektorunun inkişafına daha çox investisiyalar yatırması, təbii sərvətlərindən asılı ölkə olmaqdan imtina etməyə çalışması və s. amillərdir. İlham Əliyevin siyasi uzaqgörənliyi nəticəsində bu səbəblərdən qaynaqlanan problemlər də böyük ölçüdə aradan qaldırıldı və Azərbaycan onu gözləyən iqtisadi tənəzzüldən qurtuldu.
II HİSSƏ
“İqtisadi Dirçəliş” strategiyasının 3-cü mərhələsi

Prezident İlham Əliyevin 15 illik hakimiyyətinin mərhələli analizi onu deməyə əsas verir ki, “İqtisadi Dirçəliş” strategiyasının 3-cü mərhələsi əsasən 2013-ci ildən sonra başlayıb. Bu isə onun 3-cü prezidentlik dövrünə təsadüf edir. Bu məntiqlə çıxış etsək, İlham Əliyevin prezidentlik dövrlərini də belə təsnifatlaşdırmaq olar:
I mərhələ (2003-2008) - Alt bazis: Neft gəlirlərinin infrastruktur layihələrinə yönəldilməsi və iqtisadi dirçəlişin bazasının yaradılması,
II mərhələ (2008-2013) - Alt bazisdən üst quruma keçid: İnfrastruktur layhələri ilə yanaşı, onun üzərində tədricən iqtisadi müəssisələrin qurulması,
III mərhələ (2013-ci ildən etibarən) - Üst qurum: Qeyri-neft sektorunun şaxələndirilməsi.
İqtisadi analizlər göstərir ki, xüsusilə 2010-ci ildən sonra neft gəlirlərinin qeyri-neft sektorunun şaxələndirilməsinə yönəldilməsi prosesində prioritet təşkil edən əsas sektorlar kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi olub. Zaman-zaman qlobal iqtisadi böhranların yaşandığı bu mərhələdə Azərbaycan hakimiyyətinin strateji hədəfləri xeyli çətinliklərlə üzləşsə də, İlham Əliyevin uzaqgörənliyi sayəsində İqtisadi Dirçəliş proqramı dayandırılmayıb, əksinə inkişaf etdirilib. İrəli sürdüyümüz bu iddiaları rəsmi statistikalar da, beynəlxalq maliyyə qurumlarınının hesabatları da təsdiqləyir. Məsələn, Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına dair hesabatında yer alan rəqəmlərə görə, həmin il 2003-cü illə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalında 34 faiz artım qeydə alınmışdı. 2008-ci illə müqayisədə isə kənd təssərüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil etmişdi.
Nəzərə alsaq ki, 2003-cü il İlham Əliyevin birinci, 2008-ci il isə ikinci prezidentlik dövrünə düşür, ölkə başçısının bu sektora hələ neft bumunun davam etdiyi dövrlərdə belə, xüsusi diqqət ayırdığını anlaya bilərik. Cənab prezidentin kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırması və ölkənin iqtisadi dirçəlişinə proqramlı yanaşması onun çıxışlarında da öz əksini tapıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib:
“Daha çox şəkər çuğunduru əkilməlidir. Bitki yağları və marqarinlə 67 faiz özümüzü təmin edirik, 80 faiz xaricdən asılılıq var. Burada da söhbət əsasən xammaldan gedir. Kərə yağı ilə 60 faiz özümüzü təmin edirik, 100 faiz təmin edə bilərik. Meyvə-tərəvəz şirələri ilə özümüzü təmin etsək də, 10 faiz xarici faktordan asılılıq var”.
Göründüyü kimi, Prezident 2016-cı ildəki hesabat çıxışında kənd təsərrüfatının inkişafını Azərbaycanın xaricdən asılılığını azaltmaq üçün ən vacib məsələ kimi qarşıya qoyur və ölkəmizin ərzaq təhlükəsizliyinin vacib şərti kimi qiymətləndirir. O, həmin çıxışında bunu açıq şəkildə dilə gətirərək deyirdi: "Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritetdir".
Ölkə başçısı prezidentliyinin ikinci dövründə atdığı addımlarla Azərbaycanın suverenliyinin və iqtisadi inkişafının qarantı olan ərzaq təhlükəsizliyi proqramını uğurla həyata keçirdiyini rəsmi statistikalar da təsdiqləyir. Məlumatlara görə, Azərbaycan bir çox ərzaq məhsullarında özü-özünü təmin edəcək ölkəyə çevrilib. Xüsusilə ət, süd, quşçuluq sahəsində əldə etdiyimiz 100%-lik təhcizatımız, sözsüz ki, İlham Əliyevin bu məsələyə planlı şəkildə yanaşmasından irəli gəlib. Onun haqqında danışdığımız hesabat nitqi də bundan xəbər verir. Belə ki, İ. Əliyev həmin çıxışında bildirirdi ki, Azərbaycan özünü 92 faiz mal əti ilə təmin edir: “Quş əti ilə 98,6 faiz özümüzü təmin edirik. Quş ətinin istehsalında son illər böyük artım var, çünki dövlət buna böyük dəstək verib. Ancaq quş ətinin istehsalında maya dəyərində xaricdən asılılıq 65 faizdir. Burada asılılıq dedikdə, qarğıdalı, soya, günəbaxandan söhbət gedir. Sahibkarlar da bunu nəzərə almalıdırlar. Özümüzü 96 faiz yumurta ilə təmin etsək də, 65 faiz maya dəyərində xaricdən asılılıq var. Süd istehsalında da yem və dərman amilində xaricdən asılılıq var. Biz südlə özümüzü təmin etməli və ixrac da etməliyik”.
Prezidentin sözlərindən göründüyü kimi, o, bir çox qida məhsullarının Azərbaycanda istehsalı ilə kifayətlənmir, həmin məhsulların ərsəyə gəlməsində tələb olunan xammalın daxili gücümüz hesabına təminatını da prioritet məsələ kimi ortaya qoyurdu. Yəni quş əti istehsal ediləcəksə, onun dənini, yemini də özümüz əkib-becərməliyik. Əks halda, xaricdən aldığımız yemlər istər-istəməz Azərbaycanda istehsal edilən məhsulun maya dəyərini artırar və onun bazardakı rəqabət gücünü azaldar.
Bu, İlham Əliyevin məsələyə nə dərəcədə planlı və kompleks yanaşmasını göstərir. Məsələyə kompleks yanaşma həmin çıxışda açıq-aşkar özünü büruzə verirdi. O, insanların əsas qida məhsulları olmaqla yanaşı, həm də quşçuluq və ətçilik sektorunun əvəzedilməz xammal bazası olan taxılçılığın inkişafını Azərbaycan fermerlərinin qarşısında prioritet vəzifə kimi qoyaraq bildirirdi: “2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə 2 milyon 900 min ton taxıl istehsal olunub. Amma biz özümüzü 100 faiz taxılla təmin etməliyik. Taxıl istehsalında xaricdən 20 faiz asılılıq var, bu asılılıq da gübrə və dərmanla bağlıdır".
İlham Əliyevin bu diqqəti yerli iş adamlarımızı kənd təsərrüfatı və emal sənayesinə ciddi investisiyalar yatırmağa təşviq edib. Xüsusilə quşçuluq sektorunda damazlıq yumurta istehsal edən müəssisələrin yaradılması bu sahədə ölkə tələbatının 100%-ni yerli imkanlar hesabına təmin edib. Bu sətirlərin müəllifi də Prezidentin səsinə səs verən həmin iş adamlarından biridir. Ölkə rəhbərinin təşviqlərindən ilham və cəsarət alaraq biz həm də meyvəçiliyin inkişafına diqqət ayırmış və saldığımız meyvə bağları sayəsində ölkəmizdən xaricə axan kapitalların öz sənayemizin inkişafına yönəlməsində rol oynamağa çalışırıq. Bir sözlə, Azərbaycan vətəndaşlarının ərzaq təhlükəsizliyinin qayğısına qalan və iş adamlarımızın qarşısında yeni imkanlar yaradan cənab Prezidentimizin öz xeyirxah təşəbbüsünü davam etdirməsi üçün biz də əlimizdən gələni əsirgəməməliyik.
Emal və yüngül sənaye

Ölkə başçısının kənd təsərrüfatına yanaşması yalnız ərzaq proqramı ilə də bağlı deyil. Azərbaycanın inkişaf etmiş dünya dövlətləri arasında yer alması üçün, təbii ki, emal sənayesi də qurulmalı və öz resurslarımız hesabına işləməlidir. Bu proqram çərçivəsində ərsəyə gətirilən bir çox tekstil fabrikləri (məsələn, Sumqayıtdakı “Gilan” holdinqə aid tekstil müəssisələri) texniki avadanlıqlar baxımından Avropa standarlarıyla müqayisə olunsa da, onların xammalı xaricdən alması məhsulların maya dəyərini artırdığından hətta daxili bazarda rəqabətdə uduzurdular. Ölkə rəhbərliyinin idxal mallarında gömrük rüsumlarını artırması isə istehlakçılara haqsızlıq olardı. Üstəlik, Azərbaycanın münbit torpaqları tekstil üçün lazım olan xammalı ölkəmizdə istehsalına imkan verirdi və pambıqçılığın inkişafı yeni iş yerlərinin açılması, regionların tərəqqisi, onminlərlə insanın işlə təmin edilməsi demək idi.
Azərbaycan prezidenti də ölkəmizin bu potensialını nəzərə alıb pambıqçılığın inkişafına qərar verdi. Onun 2016-cı ildə keçirdiyi müşavirədə dilə gətirdiyi bu sözlər də fikrimizi təsdiqləyir: “Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, bu, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kq pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq”.
Həmin çıxışda İlham Əliyevin taxılçılıqla yanaşı tütünçülük və çayçılığın inkişafı ilə bağlı konkret göstərişlər verməsi emal sənayesinin inkişafına göstərilən diqqətin ən əyani sübutudur.
Kənd təsərüffatının və emal sənayesinin inkişafı üçün sözsüz ki, dərman və gübrələrə də böyük ehtiyac var. Əks halda hansısa bir sahədə xaricdən asılılıq iqtisadi inkişafda arzuedilən səviyyəyə yüksəlmənin qarşısında kiçik də olsa əngəllərin davam etməsinə yol aça bilərdi. İnkişaf layihələrində ən kiçik detalları belə gözdən qaçırmayan Prezidentimiz ilk baxışdan maliyyə dəyəri az görünən gübrə və kənd təsərrüfatı dərmanlarını da yaddan çıxartmamışdı. O, çıxışlarında gübrə zavodunun tikintisinin sürətləndirilməsinin vacibliyini də önə çəkərək deyirdi: “Dərman istehsalı ilə bağlı da işlər görülməlidir”.
İlham Əliyevin ikinci prezidentliyindən sonra start verdiyi iqtisadiyyatın şaxələnməsi strategiyasının uğuru dünyanın ən aparıcı beynəlxalq maliyyə institutları tərəfindən də etiraf edilir. Nüfuzlu beynəlxalq reytinq agentliyi olan “Standard&Poor's”-ın (S&P) ötən ilki proqnozuna görə, 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul (ÜDM) istehsalının artımı 3,5 faiz səviyyəsində olacaq: “2018-ci ildə də Azərbaycan iqtisadiyyatında artım olacaq. ÜDM gələn il 2 faiz (nominal həcm 44 milyard dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard dollar), 2020-ci ildə 3,5 faiz (48 milyard dollar) artacaq”.
Rəsmi hesabatlara görə, enerji ehtiyatlarına asılılıqdan imtina edən Azərbaycan iqtisadiyyatı 2017-ci ildə də öz böyümə tempini qoruyub saxlaya bilib. Cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı isə 2,8 faiz artıb. Xarici ticarət dövriyyəsi 7 faiz artmış, xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabər olub. Azərbaycanın valyuta ehtiyatları da bu müddətdə 42 milyard dollar səviyyəsinə çatıb.
Nəzərə alsaq ki, bütün dünya ölkələri hazırda qlobal iqtisadi böhranla üz-üzədir və bu böhran əslində Azərbaycandan da yan keçməyib, ölkəmizin əldə etdiyi bu nailiyyətlər bəzi suallara yol açır: Azərbaycan bütün çətinliklərə baxmayaraq bu möcuzələrə necə imza atır?
Zənnimizcə, bu sualın ən doğru cavabı ölkə rəhbərinin iqtisadi inkişaf proqramına planlı yanaşmasıdır. Onun hakimiyyətinin ilk illərində ortaya qoyulan bu planlı yanaşma nəticəsində Azərbaycan iqtisadiyyatı regional xarakterinə görə bir neçə sahəyə bölünmüş və hər sahə üçün spesifik planlar həyata keçirilib. İqtisadiyyat Nazirliyinin 2012-ci ilə aid hesabatlarının birində yer alan aşağıdakı tezislər də İlham Əliyev hakimiyyətinin iqtisadi inkişafa planlı yanaşmasından xəbər verir: “Dövlət Proqramının Tədbirlər Planı aşağıdakı bölmələrdən ibarətdir:
Ölkə əhəmiyyətli tədbirlər:
Ölkənin iqtisadi rayonları üzrə tədbirlər:
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Şərur rayonları);
Abşeron iqtisadi rayonu (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri);
Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri);
Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları);
Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri);
Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları);
Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları);
Kəlbəcər-Laçın iqtisadi rayonu1 (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları);
Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları);
Yuxarı Qarabağ iqtisadi rayonu (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).
Bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” əsas məqsədi qeyri neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olub”.
Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətinin ilk illərindən indiyədək həyata keçirməyə çalışdığı ən böyük layihələrdən biri də Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsidir. Layihəni maliyyələşdirən tərəflərdən biri olan Azərbaycan Dövlət Neft Fondu bildirdiyinə görə, həmin dəmir yolu xəttinin çəkilməsinə 640,3 milyon ABŞ dolları dəyərində vəsait ayrılıb.
Bəzi mənbələr isə bu xərcin daha yüksək olduğunu bildirir. Xərclər haqqında göstərilən ən yüksək məbləğ isə 775 milyon dollardır. Habelə Gürcüstan tərəfinə düşən hissəsinin maliyyələşdirilməsinin 200 milyon dollarının yenə Azərbaycan tərəfindən ödənildiyi barədə də xəbərlər var.
Bu strateji nəqliyyat dəhlizinin açılması üçün Türkiyənin də üzərinə böyük vəzifələr düşsə də, əsas maliyyə xərclərini Azərbaycan ödəmişdir. Bilindiyi kimi, ümumi uzunluğu 846 kilometr olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Xəttinin 263 kilometri Gürcüstandan, 79 kilometri isə Türkiyə ərazisindən keçir. Yolun ən az qisminin Türkiyə ərazisindən keçməsinə baxmayaraq, Ankara da bu layihənin öz ölkə ərazisindən keçən hissəsinin inşasına 345 milyon dollar ayırıb.
Ümumilikdə 1 milyard 250 milyon dolların xərcləndiyi BTQ dəmir yoluyla ildə əvvəl 1 milyon sərnişin, 6.5 milyon ton yük daşınacağı nəzərdə tutulur. Daha sonrakı mərhələdə bu rəqəmlərin artacağı da istisna edilmir. Sərnişin daşımaçılığının 3 milyona, yük nəqlinin isə 17 milyon tona çıxarılacağı təxmin olunur.
Bəzi ekspertlərin hesablamalarına görə, BTQ dəmir yolunun bu daşıma potensialı ildə yalnız 50 milyon dollar gəlir götürməyə imkan verir. Onların fikrincə, deməli, uzun müddətdən sonra onun iqtisadi rentabelliliyindən də danışmağa dəyməz. İqtisadi məntiqlə yanaşsaq, bu iddianı irəli sürənlər haqsız deyillər. 1 milyard dollara yaxın və ya ən aşağı statistikaya əsasən 640 milyon dolların müqabilində ildə 50 milyon gəlir, həqiqətən də, haqqında danışdığımız layihənin xeyli gec səmərə verəcəyini göstərir. Amma BTQ layihəsinin dəyəri yalnız iqtisadi səmərəliliyi ilə ölçülmədiyindən, ilk baxışdan haqlı görünən bu arqumentlə razılaşmaq mümkün deyil. Məsələ burasındadır ki, BTQ layihəsi dünyanın gələcək supergücü iddiaçılarından Çinin həyata keçirməyə çalışdığı “İpək yolu” proyektinin tərkib hissəsi olacağından həm də Azərbaycanın suverenliyinin qarantı və digər Türk respublikaları ilə mədəni-iqtisadi əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir. Bunun dəyəri isə yalnız iqtisadi səmərə ilə ölçülə bilməz.
Ulu öndərin siyasi və bioloji varisi İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın da qoşulmağa səy göstərdiyi tarixi İpək yolunun bərpasının əhəmiyyətini anlamaq üçün tarixə qısa bir ekskurs etmək kifayətdir.
Bilindiyi kimi, eramızdan əvvəl başlayaraq, 16 əsrə qədər davam edən tarixi İpək yolu Çində istehsal olunan nəfis ipək parçaların Qərbə nəqli üzərində qurulmuşdu. Bu yolla təkcə ipək parçalar deyil, həm də ədviyyat, ətir, qızıl və cavahirat daşınırdı. Qərblə Şərq arasında körpü rolu oynayan coğrafiyamız da bu inteqrasiya nəticəsində özünün intibah dövrünə qədəm qoymuşdu. Xüsusilə Səlcuqlar dövründə bu intibahın ən yüksək nöqtəsinə çatan türk diyarları getdikcə inkişaf edir, dünyanın supergücünə çevrilirdi.
Səlcuqilər dövründə hər 30-40 km aralıqlarla tikilən karvansaraylar türk xalqlarının, o cümlədən Azərbaycan xalqının iqtisadi inkişafına böyük töhfələr verirdi. O dövrün karvansaraylarını bu günün hotelləriylə müqayisə etsək, bu, həm də turizmin inkişafı demək idi. Nəzərə alsaq ki, həmin vaxtlar da İpək yolu xəttilə ticarətdən Azərbaycan və digər türk xalqları da bəlkə böyük vəsaitlər qazanmırdılar. Amma onların o dövrün ticarət turizmindən (adlandırma şərtidir, karvansarayçılıq nəzərdə tutulur) qazandıqları yeri gələndə Çindən də, Qərb ölkələrindən də artıq idi. Odur ki, BTQ layihəsinin rentabelliyini yalnız dəmir yolu nəqliyyatıyla ölçənlər böyük yanılqı içərisindədirlər.
Tarixi İpək yolunun türk coğrafiyasına qazandırdığı digər bir səmərə ticarət xəttiylə yalnız iqtisadi əhəmiyyətli əmtəələrin deyil, həm də mədəniyyət nümunələrinin, elmi əhəmiyyətli informasiyaların daşınması idi. Bu gün olduğu kimi, elm və incəsənət xadimləri dünyanın dörd bir tərəfindən daha çox rifah gördükləri coğrafiyalara axışırdı. Bugünkü ABŞ-ın adına beyin köçü deyib müstəmləkələrinin intellektuallarına açdığı qapını o zaman İpək yolu türk coğrafiyalarında, o cümlədən Azərbaycanda açmışdı. İpək yolunun əsas qovşağında yerləşən Təbrizin bir paytaxt kimi ortaya çıxmasının əsas səbəblərindən biri də bu idi. Eyni şəkildə Naxçıvan, Şirvan, Lənkəranın elm və mədəniyyət mərkəzi kimi formalaşmasında Şərq ölkələrindən rifah işığına gələn elm pərvanələrinin böyük rolu olmuşdur.
Təsadüfi deyil ki, dünyanın ən böyük super gücünə çevrilən türk xalqlarının tənəzzülü də İpək yolunun bağlanmasıyla başladı. Xüsusilə 1453-cü ildə Osmanlı sultanı Fateh Mehmedin İstanbulu fəthiylə İpək yolu həm öz marşrutunu dəyişdi, həm də əhəmiyyətini itirdi.
Çünki xristian dünyasının əsas dini mərkəzlərindən sayılan İstanbulun ələ keçirilməsiylə Qərblə Şərqin ortasında yerləşən coğrafiyadan keçmək xristian tacirləri üçün təhlükəli görülməyə başlandı. Türklərlə Avropa arasında başlayan düşmən münasibətlər tacirləri alternativ yollar axtarışına vadar etdi. Dəniz yolçuluğu üçün kəşflərə start verildi və bugünkü dünya ticarətinin 90%-dən çoxunu təşkil edən dəniz nəqliyyatının əsası da o zamandan qoyuldu.
Dəniz ticarəti nəticəsində Amerika qitəsinin kəşf edilməsi Qərbin tamamilə İpək yolundan uzaqlaşmasına səbəb oldu. Beləcə, türk dünyasının da iqtisadi və mədəni inkişafı zəiflədi. Bir müddətdən sonra başda Azərbaycan olmaqla İpək yolu marşrutunda yerləşən ərazilər işğala məruz qaldılar. Çünki artıq iqtisadi tənəzzül yaşayan türk xalqları arasında mədəni, hərbi əlaqələr də zəifləmişdi.
Əsası İlham Əliyev tərəfindən qoyulan bu layihənin də ən böyük dəyəri Azərbaycanı yenidən Qərblə Şərqin inteqrasiya mərkəzinə çevirmək olacaq. Əlbəttə ki, gələcəyə hesablanmış bu böyük planda ölkəmizin qarşısında mühüm problemlər də dayanmaqdadır. Başlıca problemlərdən biri isə dünyanın indiki siyasi güc mərkəzlərinin bu layihəyə isti baxmamalarıdır. Supergüclərdən olan ABŞ təkcə BTQ dəmir yoluna deyil, həm də ən böyük rəqibi olan Çinin dünyaya iqtisadi inteqrasiya layihəsi olan “İpək yolu”nu öz hegemoniyasının əsas düşməni hesab etdiyindən reallaşmasını istəmir. Dünya birinciliyi uğrunda yarışdan geri çəkilmək istəməyən Rusiya isə bu yolun öz ərazisindən keçməsini arzulayır. Baxmayaraq ki, Çin hökuməti indiyə tarixi İpək yolunun bərpası üçün nəzərdə tutulan bütün xətləri işlədəcək qədər mal ixrac olunacağını açıqlasa da, hər halda Moskvanı buna inandırmaq asan deyil.
Ekspertlərin fikrincə, 2008-ci ildə Rusiyanın Gürcüstanı işğal etməsinin də əsas səbəblərindən biri də məhz bu qısqanclıqdan qaynaqlanmışdı. Təsadüfi deyil ki, həmin vaxtlar Rusiya ordusu dəmir yolunun keçdiyi ərazilərə qədər yaxınlaşmışdı. Beləcə 2009-cu ildə tamamlanması proqnozlaşdırılan layihə 8 il ləngimişdi. Ləngimənin digər səbəbi isə 2008-ci ildə dünyanı bürüyən qlobal maliyyə böhranı ilə izah edilir.
İrəli sürdüyümüz bu fikirlərdən belə anlaşılmasın ki, biz cənab İlham Əliyev tərəfindən əsası qoyulan layihənin Çin proyekti olduğunu iddia edirik. Çin dövləti adına “Bir nəsil-bir yol” dediyi İpək yolu proyektini 2013-cü ildə həyata keçirəcəyini açıqlayıb. Cənab prezidentimiz İlham Əliyev isə BTQ dəmir yolu layihəsinə Türkiyəli və Gürcüstanlı həmkarıyla birlikdə 2007-ci ildə imza atıblar. Elə bu faktın özü Azərbaycan liderinin Çindən 6 il əvvəl İpək yolu layihəsinə start verdiyinin ən bariz nümunəsidir.
Fikrimizcə, bu layihə Çindən daha çox Azərbaycan və Türkiyəyə xeyir gətirəcək. Ən azı ona görə ki, Çinin öz məhsullarını Qərbə göndərəcəyi xeyli marşrutlar var və yeri gələndə BTQ xətti o marşrutların yanında dənizdə damla qədər kiçikdir. Məsələn, Azərbaycanın BTQ xəttindən ildə 50 milyon dollar qazanmaq şansı varsa, Qazaxıstandan keçən İpək yollarının bu ölkəyə ildə 5 milyard dollar qazandıracağı güman olunur. Azərbaycanın bu xəttə qoşulması iqtisadi əhəmiyyətdən çox yuxarıda bəhs etdiyimiz siyasi, təhlükəsizlik və inteqrasiya perspektivləriylə bağlıdır. Ölkəmizin suverenliyini və türk dünyasının yenidən keçmiş ehtişamına qayıtmasını ən şeydən əziz tutan ölkə rəhbərliyini ən çox özünə cəlb edən də bu avantajlardır.
İlham Əliyevin 15 illik hakimiyyəti dövründə həyata keçirməyə çalışdığı əsas siyasətlərdən biri də neft sənayesinin inkişafı ilə əlaqədardır. Sözsüz ki, təbii sərvətlərimizin xammal halında satılması Azərbaycana ilkin dövrlər lazım idi. Ölkə iqtisadiyyatının infrastrukturunu qurduqdan sonra əsas diqqəti sənayeləşməyə yönəldən ölkə başçısının neft-kimya sənayesinə xüsusi diqqət yetirdiyini də qeyd etməmək insafsızlıq olardı. Azərbaycanın, eləcə də region ölkələrinin ərzaq təhlükəsizliyində iştirakını təmin etmək məqsədilə Dövlət Proqramına uyğun olaraq Karbamid (azot gübrəsi) zavodunun tikintisi ilə bağlı dövlətimizin başçısının Sərəncamı da bu fikri təsdiqləyir. İlik istehsal gücü 600 min tondan artıq olan həmin müəssisənin istifadəyə verilməsi iqtisadiyyatın şaxələnməsi yolunda və kənd təsərrüfatının inkişafında böyük imkanlar açacaqdır.
Sumqayıtda bir çox müəssisəni özündə birləşdirən Kimya Sənaye Parkının yaradılması ilə bağlı təşəbbüsü ölkə rəhbərinin sənayeyə göstərdiyi diqqətin ən bariz sübutlarındandır. Qeyd edək ki, həmin Parkda özəl sektora aid kiçik müəssisə və sexlərin yaradılması da ən mühüm vəzifə kimi qarşıya qoyulub. Bu isə nəticə etibarilə həm sağlam istehsal rəqabəti aparmağa, həm də ölkədə tələbatın yüksək olduğu kimya məhsullarının çeşidinin artırılmasına xidmət edəcək.
Bütün bunlar İlham Əliyevin növbəti dəfə prezident seçilməsini şərtləndirən digər mühüm amillərdəndir.
Enerji strategiyamız və iqtisadi qloballaşma...
Dünya iqtisadiyyatı getdikcə qloballaşır. Artıq ayrıca götürülmüş iqtisadiyyatlardan danışmaq çətindir. Bütün ölkələrin iqtisadiyyatları bir-biriylə üzvi surətdə birləşib, vahid sistem meydana gətirib. Bu sistem içərisində yer almayan ölkələr tənəzzülə uğrayır və sıradan çıxırlar. Bunun ən bariz nümunəsini Şimali Koreyanın timsalında görə bilərik.
Qlobal iqtisadiyyatdan kənarda qalan Şimali Koreya aclıq və səfalət ucbatından dünyanın ən məzlum ölkəsinə çevrilib. Artıq belə davam etməyəcəyini anlayan rəsmi Pxenyan son qış olimpiyadasının Cənubi Koreyada keçirilməsindən faydalanaraq, dünya iqtisadiyyatına inteqrasiya etmək arzusunu ortaya qoydu və olimpiyadaya vahid ölkə kimi qatılmaq təklifini dilə gətirdi.
Heç uzağa getməyək, bir vaxtlar özünü qlobal iqtisadiyyatdan ayrı tutmağa çalışan SSRİ də məhz bu siyasəti səbəbindən çökdü. Baxmayaraq ki, Moskvanın dünya ölkələrinə təklif etdiyi alternativ iqtisadi inteqrasiya modeli var idi və ittifaq ölkələrinin montaj iqtisadiyyatına söykənən bu modelin uğursuzluğu sovet imperiyasının sonunu gətirdi.
SSRİ-nin dağılmasından sonra Azərbaycan da müstəqil dövlət kimi qlobal iqtisadiyyata inteqarsiya xəttini tutdu. Ölkəmizin bu inteqrasiya prosesində dünyaya təqdim edə biləcəyi ən dəyərli məhsul karbohidrogen ehtiyatları idi. Azərbaycan Allahın bizlərə bəxş etdiyi bu sərvətdən elə istifadə etməli idi ki, təkcə öz iqtisadiyyatını qurmaqla kifayətlənməməli, həm də suverenliyinin, dövlət müstəqilliyinin əsaslarını möhkəmlətməliydi. Bu da incə düşünülmüş neft və qaz strategiyasıyla mümkün idi.
Mərhum Heydər Əliyev tərəfindən əsası qoyulan neft və qaz strategiyası ilk illərdə sadəcə, qlobal iqtisadiyyata inteqrasiya məqsədi daşıyırdısa, onun siyasi varisi İlham Əliyevin uzaqgörənliyi nəticəsində bu strategiya daha da püxtələşdi və şaxələndi. Ölkəmiz hazırda təkcə dünya bazarına xammal satmaqla qalmır, həm də neft–kimya məhsulları istehsal edir, neftayırma və gəmiqayırma müəssisələrini qurur, inkişaf etdirir.
Neft strategiyasına bu dərəcədə geniş spektrdə baxdığını, onu qeyri-neft sektorunun təməl mənbəyinə çevirmək istədiyini İlham Əliyevin müxtəlif zamanlarda dilə gətirdiyi fikirlər də təsdiqləyir. Məsələn, çıxışlarının birində ölkə rəhbəri deyirdi: “Neft strategiyası Azərbaycanda sənayenin bir çox başqa sahələrinin yaranmasına və inkişaf etməsinə əsas yaradır”.
Elə bu çıxışın özü sizin oxuduğunuz bu geniş məqalədə iddia etdiyimiz fikirlərin ən yığcam ifadəsindən başqa bir şey deyil.
İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 15 ildə atılan addımların mahiyyətinə nəzər salanda ümummilli liderimiz tərəfindən Azərbaycan xalqına miras qoyulmuş neft və qaz strategiyasının nə qədər uğurla həyata keçirildiyini görə bilərik. Məlum olduğu kimi, Heydər Əliyev hakimiyyətə gələndən cəmi bir il sonra - 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” adı ilə tanınan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş bağlandı. Bu saziş həmin dövrdə Xəzər nefti ilə əlaqədar post-sovet məkanında imzalanmış ilk və ən böyük həcmli müqavilə idi. Sözsüz ki, hətta indiyə qədər imperialist niyyətindən əl çəkməyən Rusiyanın iradəsinə zidd olaraq bağlanan bu sənəd o zaman daha ciddi risklər daşıyırdı. Bütün çətinlikləri və riskləri gözə alan Heydər Əliyev bu riskləri azaltmaq üçün qonşu dövlətləri də maraqlı tərəfə çevirməli idi və siyasi ustalıqla buna nail oldu. 1997-ci ildə ilk “meyvələri” dərilən “Əsrin müqaviləsi”nin əhatə etdiyi quyular bu gün belə, Azərbaycanın neft hasilatında mühüm yeri tutur.
SOCAR prezidenti Rövnəq Abdullayev ötən il Neftçilər Günü münasibətilə qələmə aldığı bir məqaləsində də bu həqiqəti etiraf edərək yazırdı: “Ötən müddətdə aparılan kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan vermişdir. Yaxın aylarda biz Azərbaycanda neft hasilatının 2 milyard tona çatacağını gözləyirik. Hazırda hasil edilən karbohidrogenlərin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından əldə olunur”.
Bununla belə, Azərbaycanın yeni lideri İlham Əliyev öz sələfindən təhvil aldığı estafetə yeni nəfəs gətirməyi də bacardı. Çünki Azərbaycan artıq 1994-cü ildəki sovet imperiyasının caynağından canını yenicə qurtarmış, xarici investorlardan asılı vəziyyətdə qalan ölkə deyildi. Azərbaycan neftçiləri yerli imkanlarımız sayəsində öz təbii sərvətlərini özləri istehsal etmək imkanına malik idilər. Amma bir çox dünya dövlətlərindən daha qüdrətli olan beynəlxalq korperasiyaların maraqlarından da tam imtina etmək olmazdı. Çünki bu maraqlar həm də Azərbaycanın suverenliyinin qarantı idi.
Bu iki reallıq qarşısında İlham Əliyev bağlanan müqavilələrdə Azərbaycanın payını artırmaq barəsində düşünür, beynəlxalq maliyyə qurumlarından ala biləcəyi bonuslarla neft strategiyasının yeni hədəflərini reallaşdırmağa çalışırdı. Təsadüfi deyil ki, ötən ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin subyektləri ilə bağlanan saziş yenilənmiş, SOCAR-ın bu hasilatdakı payı 11.65%-dən 25%-ə yüksəlmişdi. Həmin müqaviləyə əsasən Azərbaycanın mənfəət gəlirləri isə 75%-ə bərabər olub. Üstəlik, yenilənmiş neft strategiyasını həyata keçirmək üçün ölkəmiz xarici kreditorlardan 3.5 milyard dollarlıq bonus alıb.
İlham Əliyevin bu istiqamətdə atdığı uğurlu addımın ən yaxşı qiymətini yenə SOCAR prezidenti Rövnəq Abdullayev ötən il Neftçilər Günündə etdiyi çıxışında verib: “Ötən il ölkə üzrə hasil olunan 41 milyon ton neftin 7,5 milyon tonu, 29,4 milyard kubmetr qazın isə 6,3 milyard kubmetri, habelə bu ilin 8 ayında çıxarılmış 25,6 milyon ton neftin 5 milyon tonu, 18,7 milyard kubmetr qazın isə 4 milyard kubmetri SOCAR tərəfindən hasil edilmişdir. Yeni quyuların qazılması neft-qaz hasilatını yüksəltmək üçün ən etibarlı üsul olaraq qalır. Odur ki, qazmada müsbət dinamika əldə edilməsi şirkətin prioritet fəaliyyət istiqamətlərindəndir. 2017-ci ilin 8 ayında SOCAR üzrə 93646 metr qazma işi görülmüş və 52 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir. "Ümid", "Günəşli", "Çilov", "Neft Daşları", "Darvin bankası", "Bulla-dəniz", "Qərbi Abşeron", quruda yerləşən "Qaradağ", "Pirallahı", "Səadan" yataqlarında qazma işləri uğurla davam etdirilir. Bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Son illər ərzində Azərbaycanda qaz hasilatı artaraq ildə 29 milyard kubmetr səviyyəsini ötmüşdür. Neft ölkəsi kimi hələ qədim zamanlardan dünyada məşhur olan Azərbaycan "Şahdəniz" yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınmışdır. İndiyədək "Şahdəniz" yatağından təxminən 85 milyard kubmetr qaz, 21,2 mln ton kondensat çıxarılıb".
Azərbaycanın neft strategiyasının qarşıya qoyduğu hədəflərdən biri Qərblə inteqrasiyanı elə səviyyədə qurmaqdır ki, bu qarşılıqlı münasibətlərdə tərəflər bir-birindən taleyüklü dərəcədə asılı olsunlar. Bu həm də Azərbaycanın suverenliyinin Avropa ölkələrinin suverenliyinə ekvivalentliyi deməkdir. İlham Əliyevin neft və qaz strategiyası sayəsində bu hədəf reallaşmışdır. Avropa Birliyi ölkələri artıq Azərbaycanın neft və qaz kəmərlərinə öz enerji təhlükəsizliklərinin qarantı olaraq baxırlar. Xüsusilə TANAP, TAP qaz layihələrinə bağlanan ümidlərini gizlətmir, bunu rus qazı asılılığından xilas olmağın başlıca yolu kimi qiymətləndirirlər.
Azərbaycan liderinin uzaqgörənliyi neft və qaz strategiyasının yanlız bir istiqamətdə həyata keçirilməməsini şərtləndirib. Bunun da ciddi səbəbi var. Çünki karbohidrogen ehtiyatlarımız yalnız bir istiqamətə hesablansaydı, həm Azərbaycan bir dövlət kimi partnyorlarından asılı vəziyyətə düşər, həm də hər hansı fors-major hadisəsində öz satış imkanlarını reallaşdıra bilməzdi. Bu mənada “hər yumurtanı başqa bir zənbildə saxlamaq” kimi ingilis uzaqgörənliyini İlham Əliyev Azərbaycanın neft və qaz strtaegiyasına tətbiq etmişdir. Necə ki, hazırda karbohidrogen ehtiyatlarımız 7 müxtəlif neft və qaz ixrac kəməri vasitəsilə müştərilərinə nəql olunur. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri ilə yanaşı BTC bunlardan ən böyüyüdür və artıq neçə ildir ki, qlobal enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi uğurla istismar edilir. Xüsusilə istifadəyə veriləndən indiyə qədər BTC ilə yarımmilyon tona yaxın Azərbaycan nefti nəql olunmuşdur.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni enerji strategiyası həm də ölkəmizi qlobal enerji marşrutlarının ana keçid xəttinə çevirmək hədəfi var. Məsələn, Türkmənistan və Qazaxıstan neftinin də BTC ilə dünya bazarlarına nəqli nəzərdə tutulur. Rövnəq Abdullayevin fikrincə, Azərbaycan hazırda biz Avropanın ən iri infrastruktur layihəsini - "Cənub qaz dəhlizi"ni həyata keçirir: “Bu, "Şahdəniz-2" və sonrakı layihələrimiz çərçivəsində Azərbaycanda çıxarılacaq böyük təbii qaz həcmlərinin Aİ ölkələrinə daşınması məqsədi ilə yaradılan nəhəng infrastruktur zənciridir. "Cənub qaz dəhlizi" layihəsi çox sayda müxtəlif maraqlı tərəfləri və 3500 kilometrlik geniş bir coğrafiyanı əhatə edir. "Cənub qaz dəhlizi" layihəsi Azərbaycan, region ölkələri, eləcə də Aİ üçün böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Transanadolu Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəmərinin (TAP) inşası layihələri təməli 2014-cü ildə qoyulmuş "Cənub qaz dəhlizi" zəncirinin halqalarını təşkil edir”.
Azərbaycan məhz bu enerji strategiyası ilə artıq dünyanın investisiyaya ehtiyacı olan dövlətindən dünyaya investisya yatıran dövlətə çevrilib. SOCAR-ın Ukraynada, Gürcüstanda, Türkiyədə və bəzi Avropa ölkələrində yatırdığı investisiyalar bunun ən bariz nümunəsidir. Xüsusilə Türkiyədəki “Petkim” kimya sənaye kompleksi SOCAR-ın ən böyük beynəlxalq layihələrindəndir və iki ölkə arasında iqtisadi, siyasi, mədəni inteqrasiya prosesini sürətləndirir. Bir zamanlar SSRİ-nin montaj iqtisadiyyat anlayışı ilə rus imperiyası hədəfində bir-birinə bağlanan türkdilli ölkələr indi Azərbaycanın incə düşünülmüş neft və qaz strategiyası ilə başda bir hədəfdə birləşirlər. Bu isə Azərbaycanı potensial Türk dövlətləri ittifaqının mərkəzinə çevirmək deməkdir.
Nəticə

Göründüyü kimi, İlham Əliyevin son 15 ildə yürütdüyü siyasət Azərbaycanın suverenliyinin əsas qarantiyasına çevirmiş, karbohidrogen ehtiyatları qeyri-neft sektorunun formalaşdırılmasına və inkişafına yönəldilmiş, əsası mərhum Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi dirçəliş hədəflərinin ilk iki mərhələsi müvəffəqiyyətlə tamamlanmış, 3-cü mərhələyə - istisadiyyatımızın üst qurumunun yaradılması prosesinə qədəm qoyulmuşdur. Təbii ki, bu qədər həlledici məqamda Azərbaycanda hakimiyyət sükanının naşı əllərə düşməsi görülən bütün işlərin yarıda kəsilməsinə, iqtisadi tənəzzülün yaşanmasına gətirib, çıxara bilər. Məhz bu böyük hədəflərin reallaşması naminə mən İlham Əliyevi dəstəkləyirəm.
Sizə bu şərəfli yolda müvəffəqiyyətlər arzulayıram, mənim Prezidentim!
Mürvət Həsənli,
"Xəmsə" MMC-nin sahibi

Şərhlər
TƏDRİCƏN ÖLKƏNİN İDARƏETMƏ SİSTEMİ TACİKİSTAN VƏ TÜRKMƏNİSTANİN İDARƏETMƏ SİSTEMİNƏ YAXİNLAŞİR
Cəmiiyyətin,ölkənin inkişafı yalnız özəl binaların,yeyintilərlə dolu yolların tikintisi ilə bitmir.Cəmiyyətin inkişafı millətin intelektual səviyyəsinin yüksəldilməsi,yeni bacarıqlı kadrların hazırlanmsı və ortaya çıxarılması,təhsil,səhiyyə,mədəniyyət sahələrinin inkişafı ilə bağlıdır.Bir şəxsin 5-6 dəfə bir posta seçilməsi və ya seçdirilməsi,bir şəxsin bir vəzifədə 20-30 il saxlanılması ölkənin və millətin inkişaf,irəliləyşinə , demokratiyaya ciddi zərbədir.
Bu yazını kimin yazdığını bilmirəm, amma yüzə-yüz, "xəmsə" məhsuludur - xəmsə də ki, farscadır... 1992-ci ildə Avropadan Azərbaycana "Şabilik" adlı jurnalın redaktoru (İrvanq Kristol) qonaq gəlmişdi. O təxminən belə demişdi: "Elə ölkələr var ki, onlarda demokratiya baş tutmayacaq...".
Mənim yazdıqım rəyi nə səbəbə görə ixtisara salmısız.Siz kimdən qorxursuz.Yazdıqımız rəylərə biz cavabdeyik siz yox.
Müsəlman dünyasında Azərbaycan ücün ən münasib prezident İlham Əliyevdir. Yoxsa ki, Qərb Qafqazda Azərbaycanı mollaxanaya cevirib, İSİDi canımıza salmaqı planlşdırır. Paxıl Qərb Azərbaycanın dünyəvi mədəni ölkə olmağından əziyyət cər.
MENIM TANIDIGIM ETRAFIMDA OLAN ARISTOKRAT AILELERIN ÖVLADLARI VAR KI,GÜNLERINI EXLAQSIZLIQ,ZINA,SOYGUNCHULUQ,RÜSHVET,KOZINO VE S.VE I.KECHIRIRLER BELKE ONLARI DA ARISTOKRAT AILEDEN OLDUQLARINA GÖRE YÜKSEK YERLERE TEYIN EDEK VE QARNIMIZI QUCAQLAYIB BIR KENARDAN SEYR EDE-EDE ÖLÜMÜMÜZÜ GÖZLEYEK...
Hər dövlətdə Konstitusiya ciddi bir dövlət sənədidir.Ancaq Azərbaycanda bu Ali sənəd bir insanın tələəbi və istəyi üzrə dəyişdirilirsə,o artıq ciddilikdən çıxır və adi kağızdan fərqləmir.Demokratik cəmiyyətlərdə Konstitusiyanın bəndi ylnız fövqaladə halda millətin mənfəətinə yönəlmiş cüzi dəyişikliyə uğrayır. Azərbaycanda seçki və referendumların necə nəticələndirildikləri isə hamıya bəllidir.Odur ki, Türkmənistndakı kimi bir dəfə "ömürlük" yox "ailəlik" etmək daha məntiqli olardı.
DE-FAKTO zati-aliləri İLHAM HEYDƏROĞLU ƏLİYEV - AZƏRBAYCAN XALQININ ALTERNATİVSİZ MÜTLƏQ LİDERİDİR!
Xalqın gözü tərəzidir o gözünə inanır boş-boş sözlərə inanmır....
Hər canlı, (kənar müdaxiləsiz) ətraf mühitlə adekvat təmasda yaşamağa çalışır. Məqalə isə 21-ci əsr cəmiyyətinə tam yanlış fəlsəfi-peyğəmbərlik iddiasını təlqin edir. Dövləti öz doğma varisinə vermiş H.Əliyev özü bu qədər idaealist olmayıb və realist idi. Müəllifin lider seçiminə şəxsi mövqeyi digər, yaxın şərq neft ölkələri rəhbərlərinin düşüncələri ilə uzlaşıb.
ilham eliyeve bu gun azerbaycanda alternativ yoxdur o xalqimizin mutleq lideridir
...
Indi XX1-ci əsrdir.Biz demokratik cəmiyyətdə yaşamalı,demokratik üsul-idarə sistemində azad,söz azadlığı,represiyadan uzaq,sərbəst,sıxıntısız və eyni zamanda demokratik qanunların işlədiyi cəmiyyətdə yaşamalıyıq.
Azərbaycanın mövcud imkanları azərbaycan xalqının rifah halında yaşamasına imkan verdiyini,ancaq bu imkanların bəzi məmurlar tərəfindən mənimsənilməsi üzündən işsizlik və çətin yaşayış səviyyəsi dözülməz şərait yaradıb..
Mürvət .... Mübağiləzsiz vətəndaşa da deyirəm-ən çox ziyan çəkən də sən olacaqsan,hansı ki, o ziyanın içindəsən.
İlham Əliyevin liderliyinə şübhə yoxdur.Sadəcə olaraq Azərbaycan xalqı içərisində yeni liderlərin ortaya çıxması və ya çıxardılması niyə problem hesab edilir.Lüzumsuz yerə Konstiçtusiya dəyişdirilir,mənasız qərarlar (Milli Məclisdə) çıxarılır.Bəs millətin intelekt səviyyəsi,yeni mübaliğəsiz kadrların ortaya çıxarlması nə üçün görükmür.Qohum,yerli,bir bölgə idarəçiliyi ölkəni bərbad hala salmırmı?
zati-aliləri İLHAM HEYDƏROĞLU ƏLİYEV - AZƏRBAYCAN XALQININ ALTERNATİVSİZ MÜTLƏQ LİDERİDİR!