“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində araçı ola bilməz”. Bu sözləri Fransanın Ermənistandakı səfiri Anri Reno ötən gün İrəvanda keçirilən mətbuat konfransında deyib. Bu haqda AzPolitika.info Ermənistanın “Lragir” nəşrinə istinadən xəbər verir. Məlumata görə, fransalı səfir ölkəsinin Azərbaycana silah satması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olduğu üçün Qarabağ münaqişəsinin tərəflərindən birinə silah satması düzgün olmazdı”.
Erməni nəşri qeyd edir ki, Fransa səfirinin bu sözləri açıq-aşkar həm Azərbaycana, həm Ermənistana silah satışını həyata keçirməyə davam edən Rusiyanın həmsədrliyini şübhə altına qoyur. "Münaqişə vəziyyətində olan iki dövlətə silah satan bir dövlət həmin münaqişənin həllində həmsədrlik edə bilərmi?"
Moskva artıq Minsk Qrupunu ləğv etmək və Qarabağ münaqişəsinin nizamlanmasını öz əlinə götürmək niyyətini gizlətmir. Bununla yanaşı Moskva Azərbaycandan istifadə etməyə davam edir. Azərbaycan hər dəfə Minsk Qrupunun fəaliyyətinə öz narazılığını bildirsə də, onun xidmətindən tamamilə imtina etmir.
Erməni nəşri buna misal olaraq, Azərbaycanaın XİN başçısının müavini Araz Əzimovun “Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıyıq. Onlar münaqişənin həll olunması üçün bütün güclərindən istifadə etmirlər” fikrini sitat gətirir.
Erməni nəşri bildiri ki, buradan açıq aydın görünür ki, Rusiya münaqişənin həllinin nizamlanmasını öz əlinə götürməyi və bu məsələdən Fransa və ABŞ-ı uzaqlaşdırmağa çalışır. Görünür Rusiyanın bu niyyətinə qarşı Fransa səfiri müdafiə cavabı ilə deyil, hücum ilə cavab verdi.
Fransa tərəfinin münaqişənin həllində həmsədr dövlət kimi münaqişə tərəflərinə silah satması ilə bağlı verdiyi bu cür sensasion açıqlaması əslində Rusiyanın həmsədrliyinin yanlış olduğunu sübut etmiş oldu.
Nəşr qeyd edir ki, Fransa səfirinin bu açıqlaması tərəflərə Minsk Qrupunda Rusiyanın həmsədrliyini bir daha gözdən keçirməyinə çağırışdır.
Nəşr onu da vurğulayır ki, Serj Sarkisyan ilk dəfə olaraq, Argentina səfəri çərçivəsində Azərbaycana silah satışı ilə bağlı narahatlığını bildirib. Rusiyanın Minsk Qrupunda həmsədrlikdən çıxarılması hələ ki, müzakirə mövzusu olmasa da, erməni nəşrləri bunun üçün artıq zəmin olduğunu bildirir.
Ülkər Musazadə


Şərhlər