Menu

"Ruslar bunu Azərbaycanda da edə bilərlər" - AZAL-ın eks-prezidenti

18.07.2014, 19:16
"Ruslar bunu Azərbaycanda da edə bilərlər" - AZAL-ın eks-prezidenti

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev Ukraynanın Donbas vilayətində "Boeing 777" tipli mülki təyyarənin vurulması hadisəsinə münasibət bildirib. Ə.Əliyev publika.az-a açıqlamasında deyib ki, sözügedən təyyarə ruslar tərəfindən vurulub:

"Ruslar vaxtilə Azərbaycanın başına hər cür oyunlar gətiriblər, indi də Ukraynanın başına gətirir. İndi Rusiya xüsusi hərbi qüvvələrini Ukrayna ərazilərinə yeridib, orada bu cür oyunlar çıxarır. Donbas Rusiyaya yaxın sərhəddə yerləşən ərazidir. Həmin əraziyə enən istənilən təyyarəni isə Rusiyaya məxsus olan yer-hava raketləri ilə vurmaq mümkündür. Əslində isə, mülki təyyarələrin vurulması beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir".

Ukrayna üzərindən uçan Azərbaycana məxsus mülki təyyarələrin nə qədər təhlükəsiz olması barədə məsələyə də toxunan Ə.Əliyev bu cür mürəkkəb vəziyyət yarananda rus təxribatçı qüvvələrinin hər şeyə əl ata biləcəyini deyir:

"Onlar bunu nəinki Ukraynada, bizdə də edə bilərlər. Ruslardan hər şeyi gözləmək olar. Ancaq Ukraynadan fərqli olaraq, Azərbaycanın hava məkanı indi təhlükəsizdir. Şükürlər olsun ki, Azərbaycan üçün hələlik bu cür təhlükə yoxdur. Yəni, Azərbaycanın hava sərhədləri güclü mühafizə olunur".

Xatırladaq ki, iyulun 17-də Ukraynanın döyüşlərin getdiyi ərazisi üzərində "Malayziya Hava Yolları"na məxsus təyyarə qəzaya uğrayıb. Təyyarənin vurulduğu ehtimal olunur. Qəzada 300-ə yaxın adam həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol