Hamının ağzından sarımsaq iyi gəlirdi...

Seymur Verdizadə

Dostum maşını həyətin ortasında saxlayıb, belə dedi: “Bizim kasıb daxmamıza xoş gəlmisən!”

Qəhvəyi rəngə boyanmış kürsülü ev yaşıllıqların içində itib-batırdı. Yenicə açmış qızılgüllərin ətri adamı məst edirdi. Qonşu həyətdə bülbüllər cəh-cəh vururdu. Bu əsrarəngiz mənzərənin sehrinə düşdüyüm üçün qarşımda dayanan oğlanın mənə doğru uzanan əllərini bir qədər gec sıxdım. Dostum bizi tanış etdi: “Cabir bizim sonbeşiyimizdir. Ata yurdunu ona etibar etmişik”.

Oğlan, hörmət əlaməti olaraq, əlini sinəsinə qoyub, azca təzim etdi. Sarımsaq iyi burnumu qıcıqlandırdı...

Sonra sifəti mis rənginə çalan 45-50 yaşlı kişi qabağa keçdi. Dostum bu dəfə də onu təqdim etdi: “Nadir əmioğludur. Neçə illərdi əkin-biçinlə məşğul olur. Cəlilabadda onun kimi qoçaq adam yoxdur”.

Nadir kişi, iri, tüklü əlləriylə əlimi sıxıb, “xoş gəlmisiniz”, dedi. Sarımsağın ağır qoxusu yenə məni vurdu...

Tanışlıq üçün öz növbəsini gözləyən şəxs xarici görünüşünə görə həmkəndlilərindən fərqlənməsə də, dostum onun müəllim işlədiyini bildirdi. Dərhal da əlavə etdi: “Adil müəllim sənin televiziya çıxışlarını çox bəyənir. Səni görmək üçün bu gün hazırlığı təxirə salıb”.

Adil müəllim mənimlə köhnə tanışlar kimi görüşdü. Onun da ağzından sarımsaq iyi gəlirdi...

Bir neçə dəqiqə sonra çay süfrəsi arxasında əyləşəndə, Nadir kişi izahat vermək istədi: “Müəllim, dünəndən bəri dilimizə sarımsaq dəymir. Amma yenə bu zəhrimarın iyi ağzımızdan getmir...”

Ona sözünü tamamlamağa imkan vermədim: “Düz eləyib sarımsaq yeyirsiniz. Alimlər sübut ediblər ki, sarımsaq min bir dərdin dərmanıdır”.

Həmsöhbətim acı-acı gülümsəyib, belə dedi: “İndi bizi canımız yox, malımız maraqlandırır. Mən də daxil olmaqla, burda gördüyün adamların hərəsi 3-4 hektar sarımsaq əkib. Amma bu günə kimi bir kilo da sata bilməmişik. Dəllallar sarımsağın bir kilosu üçün cəmi 60 qəpik təklif edirlər. Biz də acığa düşüb, özümüz yeyirik”.

Dostum söhbətə qoşuldu: “Ötən il Cəlilabadda sarımsağın bir kiloqramı 4 manat idi. Bu il hamı həvəsə düşüb sarımsaq əkdi. İndi kiloqramına 60 qəpikdən artıq verən yoxdur”.

Adil müəllim üzünü mənə tutdu: “Təzə Kənd təsərrüfatı nazirini hamı tərifləyir. Bizim adımızdan ondan xahiş elə ki, kəndlini darda qoymasın. Məhsulu bizdən dövlət alsın. Qışda da üstünə 1 manat qoyub, camaata satsın. Həm biz qazanaq, həm də dövlət”.

Bu mövzuda məqalə yazacağımı deyəndə, hamının üzü güldü. Nadir kişi qarşısındakı çaydan bir qurtum içib, danışmağa başladı: “Təkcə sarımsağı deyil, kartofu da sata bilmirik. Dəllallar başımızın üstünü kəsdirib, kartofun bir kiloqramını bizdən 30 qəpiyə alırlar. Hansı ki, qışda Bakıda 1 manatdan aşağı kartof olmur. Öz məhsulumuz torpaqda çürüyür, iş adamları İrandan, Türkiyədən, Pakistandan kartof gətirirlər. Olmaz ki, dövlət indi kartofun kilosunu 50 qəpiyə bizdən alıb, qışda özü 1 manata satsın?”

Adil müəllim üzünü mənə tutdu: “Bunu da yazarsan!”

Cavabım qısa oldu: “Baş üstə!”

Bu barədə bir dəfə də yazmışam: nə vaxt Şəmkirdən keçirəmsə, zəhmətkeş şəmkirlilərin başlarını aşağı salıb, kartof əkdiklərinin, soğan becərdiklərinin şahidi oluram. Tovuzda insanlar vaxtlarının çoxunu üzüm plantasiyalarında keçirirlər. Ebru Gündəşdən yüz dəfə gözəl olan qızlarımız Xaçmazda çiyələk əkir, meyvə-tərəvəz becərirlər. Qonaqpərvər leriklilər uca dağların qoynunda arı bəsləyirlər. Muğan eli 44 dərəcə istidə qarpızın alağını təmizləyir, yemişin dibini sulayır. Amma bu saf, zəhmətkeş insanlar şimalda da, cənubda da kasıb güzəran keçirir, günü-günə zorla calayırlar. Çünki onlara doğru yol göstərən, məsləhət verən yoxdur. Dəllallar başının üstünü kəsdirib, min bir əziyyətlə becərdiyi məhsulu ondan su qiymətinə aldığı üçün kəndli qəpik-quruşa möhtacdır....

Cənab nazir, kəndli ümidini sizə bağlayıb. Onu darda qoymayın. Axı siz ən çətin problemlərin ASAN yolla həllini bilirsiniz...

(Missiya.az)

635x100

Şərhlər

Ali 2018-05-15 16:54:17

Daha yaxşısı elanı "iqtisadiyyat" qəzetində yerləşdirməkdir. Ciddi mütəxəssislər daha çox o qəzeti oxuyur.

Ali 2018-05-15 16:54:17

2.Ölkənin fermerləri nə qədər tez strukturlaşsa, kooperasiyaya getsə, bazardakı hərcmərclik, var-yoxdan çıxma, müflislik bir o qədər tez aradan götürülər.Ancaq bunun üçün ölkə fermerlərinin ən azı 90% birliklərin üzvü olmalıdır.Məsələn birlik üzvü sorğu verəcək və məlum olacaq ki, gələn il üçün sarımsaq əkini üzrə hamımım razılıq verdiyi kvota 40 min hektardır və... Bir də fermer assosiasiyaları ölkəboyu öz müstəqil topdanşasış şəbəkəsi də qurmalıdır ki, mal möhtəkirlərin bazar reketinin əlinə düşməsin.

Ali 2018-05-15 16:54:17

1.Yenə də sovet ştamp düşüncəsi.Sizn budcədən maaaş alanlarla nə işiniz.Onların öz müdiri var özü bilər onlara nə tapşırıq verər.Mən burada heç kəsi reklam edə bilmərəm.Moderator buraxmaz. Yaxşısı "Birja"da elan verin ki,sizin kənd təsərrüfatı iqtisadiyyatı üzrə peşəkar məsləhətlərə, risklərin idarə edilməsi üzrə xidmətlərə ehtiyacınız var.İşi bilən sizin elena cavab verəcək. Özünüz danışarsınız.Sadəcə bu ciddi işdir, bu səbəbdən belə sifarişin 1 neçə orta səviyyəli təsərrüfatın sifariş verməsi məsləhətdir.

uzumchu 2018-05-15 16:54:17

ay Ali muellim siz o alimlerin yerini deyin biz de tapaq,ne ishle mesguldurlar bu Kend teserrufati akademiyasi,elmi tedqiqat uzumculuk institutu,pambiqchiliq institutu,curbecur tecrube stansiyalari... doludur hec neye lazim budcedagidanlarla

Ali 2018-05-15 16:54:17

2 pul verin ki, onlar da artıq istehsaldan ziyan görməməyin, sığortalanmağın metodlarını sizə başa salsınlar. Ancaq onların sizə borcu-zadı yoxdur ki. sizin üçün havayı iş görsünlər. Millət nə qədər ki, alimin işini heç zad, lağlağı sayır, onun başına belə bəlalar gələcək.

Ali 2018-05-15 16:54:17

1.Ay millət, siz detildinizmi "Cəhənnom olsun Sovet quruluşu!" deyənlər? Özünüz İctimaiyyətşünaslıq fənnində öyrənidiniz ki. kapitalist ölkələrində hər hansı bir ərzaqdan bol olanda onu yandırır, yerə basdırırı, dənizə tökürdülər? Bilmirsiniz ki, bazar iqtisadiyyatlı dövlət indi nə topdansatış, nə də pərakəndə satışla məşğulolmur?. İndi bu dövlətdən sosializm davranışı tələb edirsiniz. Ağlınız var, çarəsini özünüz taöın. Assosiasiya düzəldin, bazar proqnozlaşdırması aöarıN. iqtisadçı alimə 5-10 manat pul

Əyyar 2018-05-15 16:54:17

Seymur müəllim, toxunduğunuz problemə görə təşəkkür edirəm. Amma bir ölkədə ki, onun kənd təsərrüfatı naziri məhsulun ucuzlaşmasını həvəslə bəyan edə, rəsmi dövlət qəzeti (Azərbaycan) guya naziri tənqid edirmiş kimi kəndli əməyini beş qəpiyə salınmasını təbliğ edə orda xeyir-bərəkət olmaz.

Son yazılar