RAMAZAN – NƏFSİ RAM ETMƏ AYI

Ramazan haqqında yazı yazmaq ilk baxışdan asan gəlir, amma Ramazanın mahiyyətinin və batini mənasının fonunda ən azından məsuliyyətdir... Ramazan-ərəbcə desək “Ramadan”(مضانر);” ra-ma-da “ (رمض) kəliməsindən götürülmüşdür. Ramad (رمض) –(şiddətli isti səbəbiylə daş və torpaga aid edilən) “qovrulma”, ”yanma“ deməkdir. Eyni formada günəşin qızmar istisindən yanan yerə də “Ramdaa” (رمضاء) deyilir.

Beləliklə, Ramazan “ramdaa” kəliməsindən gəlir və “QIZMAR YERDƏ YALIN AYAQLA YERİYƏRƏK YANMAQ” deməkdir. Ramazan ayı aclıq, susuzluq və çətinliklər qarşısında dözüm ayı oldugu üçün məhz bu adı almışdır.

Ramazan yeganə aydır ki, adı QURANda çəkilmişdir. Ramazan ayının digər aylardan üstünlükləri vardır. Məsələn: səmavi kitablar (TÖVRAT, İNCİL, ZƏBUR və QURAN) məhz bu ayda nazil olmuşdur; Qədr gecəsi məhz bu aydadır. Nə bilmək olar, bəlkə elə bu xüsusiyyətlər səbəbiylə oruc tutmaq üçün uyğun ay olaraq Ramazan seçilmişdir.

Tarixdən məlumdur ki, oruc əvvəlki dövrlərdə də olmuşdur. Yəhudilikdə , Xristianlıqda da oruc muxtəlif formalarda olsa da vardir. QURANİ-KƏRİMDƏ UCA ALLAH BUYURUR: ”Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (Bəqərə 183).

İslam dininin müqəddəs ayı olan Ramazanın sonuna yaxınlaşdıqca dünyadakı 1.8 milyard müsəlman, səmanın aydın olacağını böyük ümidlə gözləyir.

İslam dinində Ayın Yer kürəsi ətrafında hərəkət dövriliyinə əsaslanan ay təqvimindən istifadə olunur. Ramazan təqvimin doqquzuncu ayında başlayır.

Hər il ay təqvimindəki aylar ötən ilki günəş təqvimindəkindən 11 gün əvvəl başlayır.

Ay təqvimi müsəlmanlar üçün çox mühümdür və insanların ilbəil Ramazan ilə bağlı təcrübəsində böyük rol oynayır.

Əgər İslam ayları fəsillərin müəyyən olduğu günəş sisteminə əsaslansa idi, dünyanın müəyyən hissələrində yaşayan insanlar üçün Ramazan günün uzun olduğu yaya, başqa hissələrində yaşayan insanlar üçün isə günün qısa olduğu qışa təsadüf edərdi.

Ay təqviminə əsaslanaraq hər bir müsəlman müxtəlif fəsillərdə və müxtəlif vaxt ərzində ömrünün təxminən 33 ilini oruclu ola bilir.

Ramazanda sübh azanından axşam azanına qədər yemək və içmək tərk edilmiş olur və müsəlman ac və susuzluq imtahanından keçir. Lakin oruc tutmaq heç də yalnız bundan ibarət deyildir. Yəni, insan bədən və ruhdan ibarət oldugu üçün, bədənimizi zahir (xarici), ruhumuzu isə batin (daxili) hesab edərək, bütün ibadətlərin - xüsusən də orucun zahiri və batini yönü vardır.

Allahın halal buyurdugu nemətləri yeməmək və içməmək... bu zahiri orucdur. 3 dərəcəyə bölmüş olsaq, bu dərəcəni orucun ən aşağı dərəcə hesab etmək olar.

İkinci dərəcə deyə biəcəyimiz dərəcə orucda isə, insan tək yeməyi və içməyi deyil, günahları da ozünə haram bilir və yeməkdən-içməkdən çəkindiyi kimi, günahlardan da çəkinir (ən azından çəkinməyə çalışır və bununçün boyük mübarizə aparır və bu yönə xüsusilə diqqət edir: qeybətdən, hətta göz zinasından, yalandan... bir sözlə, günah buyrulmuş və insana ziyanlı olan, etməməli olduğu pis əməllərdən uzaq durur.

Ali dərəcə: həm bədəni, həm ruhu, həm qəlbi və ağlı ilə oruc olmaq. Nəinki ac və susuz olmaq, nəinki günahlardan çəkinmək - hətta ağlından belə keçirməmək (ALLAH bu orucu nəsib etsin hər oruc tutana). Məhz bu ali dərəcədən söhbət gedir “Bir ay boyunca ALLAH üçun oruc tutanın bütün günahları bağışlanar” hədisində.

Həmçinin, ”Bir çox oruc tutan vardır ki, onlara ancaq aclıq və susuzluqları qalar” hədisi də bu mənaya işarə etməkdədir: ”İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur´an) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə´zim və şükür edəsiniz”.

Bu ayə də burada yerinə düşmüş olur: “Həzrəti Rəsulullahdan (s) nəql edirlər:Allah Təala buyurub: “İnsanın orucdan başqa bütün yaxşı əməlləri özü üçündür; amma oruc Mənim üçündür və Mən mükafatını verəcəm”.

Bu hədis bizə orucun nə qədər mühüm və əhəmiyyətli bir ibadət olduğunu göstərir.

Oruc ən ixlaslı ibadət sayılır o baxımdan ki, əgər bir nəfər oruc tutubsa bunun həqiqətini yalnız ozü bilir, sırf özü ilə ALLAH arasında olan bir ibadətdir. Bu barədə Həzrət Əlidən (ə) də bir hədis var: “Oruc bəndə ilə Yaradanı arasında elə bir ibadətdir ki, Allahdan başqa heç kim onu bilməz”.

Ramazan... ”Qədr” surəsinin endirildiyi aydır və Qədr gecəsi Ramazan ayındadır. ”Min aydan daha xeyirli” olan gecə məhz Ramazan ayındadır.

Mübarək Ramazan ayı Qurani-Kərimin Həzrəti Peyğəmbərin (s) mübarək qəlbinə nazil olduğu aydır. Ramazan ayı - Quranın baharıdır. İmam Baqir (ə) buyurur: “Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır”.

Ramazan ayı tövbələrin qəbul olunduğu, günahların bağışlandığı aydır. Hər il bu ay gəlib çatan zaman günahkarların qəlbində ümid günəşi yanmağa başlayar və onlar əfv olunmağa ümid edərlər. Allahla görüşər və barışarlar. Həzrəti Peyğəmbər (s) buyurur: “Ramazan ayı başqa aylar kimi deyildir. Bu, elə aydır ki, gələn zaman bərəkət və rəhməti də onunla olar. O zaman ki, gedər, günahların bağışlanması ardınca olar”.

Həzrəti Peyğəmbər (s) buyurur: “Ramazan ayı Allahın ayıdır və o elə bir aydır ki, Allah onda həsənələri artırar, günahları pak edər və o bərəkət ayıdır”.

Həzrəti Peyğəmbər (s) buyurur: “Ramazan ayı o aydır ki, əvvəl rəhmət, ortası bağışlanma və axırı cəhənnəm atəşindən azadlıqdır”.

Həzrəti Peyğəmbər (s) buyurur: “Səmanın qapıları Ramazan ayının ilk gecəsində açılar və son gününə qədər bağlanmaz”.

Həzrəti Peyğəmbər (s) buyurur: “Əgər Allah bəndəsi bilsəydi ki, Ramazan ayında nə vardır, istəyərdi ki, bütün ili Ramazan ayı olsun”.

Rəşad Namazov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar