Sabah Ermənistanda çoxlarının “tarixi və həlledici” adlandırdığı növbəti parlament seçkisi keçiriləcək. Seçki kampaniyası dövründə hökumətlə əsasən ruspərəst qüvvələrdən ibarət olan müxalifət bir-birinə qarşı “əlindən gələni” etdilər, təhqirlər, təhdidlər göydə uçuşdu.

Sabah bu mübarizə məntiqlə son nöqtəyə çatmalıdır. Lakin bunun doğrudan da son nöqtə olacağına kimsə təminat verə bilmir. Çünki tərəflərdən biri səslərin yarıdan çoxunu qazanmasa və bununla da parlamentin yarıdan çoxuna sahib çıxmasa, növbəti hökumət və Baş nazir təyinatı dalana dirənəcək…

Son sorğular göstərir ki, nə Paşinyanın hakim partiyasının, nə də əsas müxalifət partiyalarının toplayacağı səs sayı hökuməti təkbaşına formalaşdırmaq hüququ verən 51 faizi təmin etmir. Amma seçki günü sürprizi də istisna etmək olmaz

Seçkidə on səkkiz siyasi qüvvə mübarizə aparır. Səsvermənin nəticələri təkcə parlamentdəki yerlərin bölüşdürülməsini deyil, həm də qalibin hökumət qura bilib- bilməyəcəyini və təkrar seçkilərin zəruri olub-olmadığını müəyyən edəcək.

Bunun üçün Ermənistanın seçki sisteminin necə işlədiyini və səsvermə bitdikdən sonra hansı ssenarilərin mümkün olduğunu nəzərdən keçirək.

Xatırladaq ki, seçki bülletenlərində təmsil olunan siyasi qüvvələr aşağıdakılardır:

1.İslahatçı Partiya (Baş nazirliyə namizəd Vahan Babayan)

2.Demokrat Partiyası (Spartak Kyureqyan)

3.Güclü Ermənistan Bloku (Samvel Karapetyan)

4.Ermənistan Meritokratik Partiyası (Qurgen Simonyan)

5.İslahatçı Yeni Qüvvə Partiyası (Hayk Marutyan)

6.Birlik Qanadları Partiyası (Arman Tatoyan).

7.Çiçəklənən Ermənistan Partiyası (Qaqik Tsarukyan)

8.Ümumerməni “Milli Demokrat Qütb Partiyası” (Varujan Avetisyan)

9."Koçari - Milli Dirçəliş və Millətin Oyanışı" (Artak Sarkisyan)

10.Erməni Milli Konqres Partiyası (Levon Zurabyan)

11.Respublika Partiyası (Aram Sarkisyan)

12.Xristian Demokrat Partiyası (Levon Şirinyan)

13.Demokratik Birlik Partiyası (Suren Petrosyan)

14.Demokratiya, Qanun və Nizam (DLO) Partiyası (Vardan Qukasyan)

15.Vətəndaş Müqaviləsi Partiyası (Nikol Paşinyan)

16.”Ermənistan” Bloku (Robert Koçaryan)

17.Respublika Uğrunda - Demokratiyanın Müdafiəçiləri Partiyası (Arman Babacanyan)

18.Parlaq Ermənistan Partiyası (Edmon Marukyan).

Son sorğular Paşinyanın partiyasının təkbaşına təxminən 32 faiz, üç əsas müxalifət qüvvəsinin - Karapetyanın, Koçaryanın və Tsarukyanın partiyalarının isə üst-üstə 48-49 faiz səs toplaya biləcəyini göstərir. Lakin doğrusu, Paşinyanın dünən İrəvanda keçirdiyi olduqca izdihamlı son seçki mitinqi ortaya fərqli mənzərə qoyur...

Ermənistanın seçki siyahısına daxil edilmiş seçicilərin ümumi sayı 2.505.102 nəfərdir. Səsvermə 2.005 seçki məntəqəsində keçiriləcək.

Ermənistanın seçki qanunvericiliyinə görə, seçkilərin nəticələri seçicilərin sayından asılı olmayaraq tanınır. Seçki üçün minimum iştirak həddi yoxdur.

Seçkilərdən sonra MSK mandatların bölüşdürülməsi, ayrı-ayrı seçki məntəqələrində təkrar səsvermənin keçirilməsi və ya qanunla nəzərdə tutulmuş hallarda seçkilərin etibarsız elan edilməsi barədə qərar qəbul edir.

Konstitusiyaya görə, parlament ən azı 101 deputatdan ibarət olmalıdır və o, proporsional seçki sistemi ilə seçilir. Seçki Məcəlləsi həmçinin parlamentdə dörd milli azlığın - yezidilər, ruslar, assuriyalılar və kürdlərin nümayəndələri üçün xüsusi mandatlar nəzərdə tutur. Praktikada parlament çoxluğu, müxalifətin təmsilçiliyi və milli azlıqların təmin edilməsi üçün ayrılan əlavə mandatlar səbəbindən deputatların sayı 101-dən çox ola bilir.

Mandatların necə bölüşdürüldüyünə gəlincə, qanunda nəzərdə tutulan minimum həddi keçmiş partiyalar və bloklar mandat almaq hüququna malikdirlər. Bu minmum hədd partiyalar üçün 4%, üçdən çox olmayan partiyalardan ibarət bloklar üçün 8%, dörd və ya daha çox partiyadan ibarət bloklar üçün 10% nəzərdə tutulur.

Əgər minimum həddi tətbiq etdikdən sonra parlamentə üçdən az siyasi partiya daxil olarsa, növbəti ən yüksək reytinqli partiyalar və ya bloklar da mandat alır ki, bu da parlamentdə ən azı üç siyasi partiyanın təmsil olunmasını təmin edir.

Mandatlar seçki iştirakçıları arasında hər bir partiya və ya blok üçün verilmiş etibarlı səslərin sayına mütənasib olaraq bölüşdürülür. Yəni, proporsional sistemə uyğun olaraq, bir partiya və ya blok ümumilikdə nə qədər çox səs alsa, parlamentdə bir o qədər çox yer qazanır. Parlament formalaşandan sonra Konstitusiya qanunlarının qəbulu - o cümlədən Seçki Məcəlləsi, parlamentin prosedur qaydaları, siyasi partiyalar haqqında qanunların qəbulu, eləcə də referendumlar, Ermənistan Konstitusiya Məhkəməsi və Ombudsmanın təyinatı üçün parlament üzvlərinin ümumi sayının ən azı beşdə üç hissəsinin səs çoxluğu tələb olunur. Yəni, minimum 101 üzvdən ibarət parlament üçün bu, 61 səs deməkdir. Buna görə də, hakim partiyanın 61 yeri varsa, o, təkcə adi qanunları deyil, konstitusiya qanunlarını da müstəqil şəkildə qəbul edə bilər.

Referendum keçirmədən parlament tərəfindən təsdiqlənə bilən bir sıra konstitusiya düzəlişlərini qəbul etmək üçün deputatların ümumi sayının ən azı üçdə iki səs çoxluğu tələb olunur. 101 deputatdan ibarət parlamentlə bu, minimum 68 səs deməkdir.

Nəhayət, yeni parlament formalaşdıqdan sonra parlamentin adi çoxluğu tərəfindən irəli sürülən namizəd Baş nazir olur və o, Prezident tərəfindən təsdiqlənir. Minimum 101 millət vəkili olan halda bu, ən azı 51 səs deməkdir.

Mandatların ilkin bölüşdürülməsindən sonra ən çox yer qazanan siyasi qüvvə (partiya və ya blok) parlamentdə yer qazanmış digər qüvvələrlə koalisiya yaratmaq hüququna malikdir. Bunun üçün koalisiya yerlərin ən azı 52%-nə sahib olmalı və Baş nazir vəzifəsinə vahid namizəd irəli sürməlidir.

Əgər belə bir koalisiya yaradılmazsa, qalan parlament qüvvələrinə eyni şərtlər altında alternativ çoxluq yaratmaq üçün əlavə beş gün vaxt verilir.

Baş naziri seçmək mümkün olmazsa, yeddi gün sonra parlamentdə təkrar səsvermə keçirilir. Bu səsvermədə də heç bir namizəd tələb olunan səs çoxluğunu qazanmazsa, parlament buraxılır və növbədənkənar parlament seçkiləri – ikinci tur təyin olunur.


Təkrar seçki birinci seçki günündən sonrakı 35-ci gündə keçirilir. Bu seçkiyə birinci turda ən çox səs toplayan iki siyasi qüvvə buraxılır. İkinci turun nəticələrinə əsasən, qalib gələn qüvvə sabit parlament çoxluğu yaratmaq üçün lazım olduqda əlavə mandatlar almaq hüququna malikdir. Nəticədə, onun üçün parlamentdəki yerlərin ən azı 52%-i təmin olunur.

Beləliklə, seçkinin texniki tərəfləri aydındır. O da aydındır ki, Paşinyanın əzici qələbə qazanaraq, Azərbaycanın sülh müqaviləsi üçün tələb etdiyi konstitusiya dəyişikliyini həyata keçirəcəyi inandırıcı görünmür. Birləşmiş müxalifətin də əzici üstünlüklə qalib gəlməsi real deyil. Eyni zamanda, seçki ikinci tura qalarsa, Paşinyanın partiyasının qalib gəlmə ehtimalı daha yüksək qiymətləndirilir.

Yeri gəlmişkən, bu seçki kampaniyasında əsas mövzu Azərbaycan oldu. Erməni siyasətçiləri iqtisadiyyat, səhiyyə, təhsil, vergilər və s. daxili məsələləri bir kənara qoyub, əsasən Azərbaycandan danışdılar. İnternetdə yayılan bir videoda seçki debatlarının birində iştirak edənlərin qısa müddət ərzində "Azərbaycan" və "Əliyev" sözlərini 104 dəfə(!) işlətdiyi görünür.

Bəs 3 ruspərəst müxalifət partiyası birlikdə qalib gəlsə, vəziyyət necə inkişaf edəcək? Çoxları bunun az qala regionu silkələcəyini və Azərbaycana dərhal ciddi təhdid yaradacağını iddia etsə də, bu ssenari yumşaq desək, şişirdilmiş görünür. Bu qüvvələr də yaxşı anlayır ki, Azərbaycana tərəf nəinki silah, hətta dil uzadılsa, bunun ağır bədəli ola bilər. Azacıq ağlı varsa, Paşinyanın yaşadığı “müsibətdən” Koçaryan da dərs çıxarar və Azərbaycana onun zəhərli başını əzmək fürsətini verməz…

İstənilən hərbi təxribat erməni ordusunun olan-qalan hissəsinin də birdəfəlik gömülməsi ilə nəticələnər və bu zaman nə güvəndikləri və başı Ukraynaya qarışmış Rusiya, nə də Fransa köməyə çata bilməyəck. Heç “gözü sınmış” erməni cəmiyyəti də buna hazır deyil…

Üstəlik, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan razılaşmalardan imtina etməyə və bununla həm də birbaşa Trampın əleyhinə getməyə, ona meydan oxumağa yeni hökumətdə kimsə cəsarət etməz. Odur ki, sülh prosesindən birmənalı geri çəkilmək ssenarisi inandırıcı deyil. Ən azından ona görə ki, regiondakı proseslər bəlkə də hər şeydən az Ermənistandakı rəhbərliyin iradəsindən asılıdır. Burada Yaxın Şərqdəki, İrandakı vəziyyətdən Ukraynadakı müharibəyə, Rusiya-ABŞ, Rusiya-Türkiyə münasibətlərinə qədər bir çox əsas beynəlxalq tendensiyalar daha vacibdir, nəinki Ermənistanda hakimiyyətdə kimin olması…

Cəlal Məmmədli

“AzPolitika.info”