Ukrayna hökumətində gözlənilən irimiqyaslı kadr islahatları çərçivəsində, Prezident Volodimir Zelenskinin cəmi 6 ay əvvəl təyin etdiyi müdafiə naziri Mixail Fyodorovu vəzifəsindən uzaqlaşdıracağı gözlənilir. 

"AzPolitika" xəbər verir ki, bu barədə "Financial Times" nəşri Ukrayna liderinə yaxın bir neçə yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Zelenski artıq 35 yaşlı nazirin əvəzlənməsi ilə bağlı bir sıra danışıqlar aparıb.

Əvvəllər rəqəmsal transformasiya naziri vəzifəsini tutmuş 35 yaşlı Fyodorov, Ukraynanın müdafiə texnologiyalarının inkişafında əsas hərəkətverici qüvvə kimi özünü sübut edib. Nəşr vurğulayır ki, onun startaplardan ilhamlanan idarəetmə tərzi gənc naziri Ukraynanın ənənəvi siyasi elitasından fərqləndirsə də, eyni zamanda ölkənin mühafizəkar hərbi rəhbərliyinin bir hissəsində narazılıq yaradıb.


Vəziyyətlə tanış olan mənbələr bildirir ki, Fyodorov bəzi şirkətlərin xeyrinə yönəldilən və böyük gəlir vəd edən satınalma müqavilələrinin qarşısını dəfələrlə kəsib. Bu isə onu Ukraynanın siyasi və müdafiə elitasındakı nüfuzlu fiqurlarla qarşı-qarşıya qoyub. Ukraynalı investisiya bankirlərindən biri məsələni belə şərh edib: "O, həddindən artıq populyarlaşmaqla səhvə yol verdi. Üstəlik, çox effektiv fəaliyyət göstərir. Və ən əsası – o, korrupsiya ilə barışmamağa qərar verdi".

Mənbələrin iddiasına görə, gözlənilən istefanın digər bir səbəbi isə Fyodorov ilə Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski arasında aylardır davam edən münaqişədir. Zelenskinin isə bu qarşıdurmada Sırskiyə rəğbət bəslədiyi bildirilir. Mənbələr əlavə edib ki, dövlət başçısı Ukraynanın müharibəni hansı üsullarla aparmalı olduğu və silahlı qüvvələrin strukturunun necə qurulmalı olduğu barədə bu iki rəhbər şəxs arasındakı fikir ayrılıqlarından artıq yorulub.

Miri
"AzPolitika.info"