Rusiyanın Ukraynaya qarşı 5 ildir davam etdirdiyi işğalçı müharibənin taleyində rəqəmsal texnologiyalar və korrupsiya ilə mübarizə ən azı cəbhədəki silahlar qədər həlledici rol oynamağa başlayıb. Bu transformasiyanın mərkəzində dayanan şəxs isə Ukraynanın cəmi 5 ay əvvəl (14 yanvar 2026-cı il) müdafiə naziri postuna gətirilən 35 yaşlı Mixail Fyodorovdur.
“AzPolitika” bildirir ki, 7 il ərzində Rəqəmsal transformasiya naziri və Baş nazirin müavini kimi uğurlu layihələrə imza atan gənc siyasətçi, Müdafiə Nazirliyində rüşvət və korrupsiyanın kökünü kəsməklə yanaşı, döyüş meydanında texnoloji üstünlüyü təmin edib. Fyodorovun cəmi 5 ay ərzində həyata keçirdiyi köklü islahatlar Ukrayna ordusunun simasını tamamilə dəyişib.
Hərbi satınalmalarda "Rəqəmsal audit" və şəffaflıq
Hərbi satınalmalarda rüşvətxorluğun qarşısını almaq üçün Müdafiə Nazirliyinin təchizat zənciri tamamilə rəqəmsallaşdırılıb. Fyodorov keçmiş nazirliklərdə tətbiq etdiyi elektron dövlət modelini ordunun daxili strukturuna gətirib. İndi hər bir silahın, "pickup" avtomobilinin və ya texnoloji avadanlığın haradan, hansı qiymətə alındığını və cəbhədə hansı briqadaya çatdığını izləyən şəffaf sistem fəaliyyət göstərir.
Nazirliyə gəldikdən dərhal sonra Fyodorov xüsusi bir süni intellekt (AI) Mərkəzi təsis edib. Bu mərkəzin əsas məqsədi döyüş meydanından gələn kəşfiyyat məlumatlarını süni intellekt vasitəsilə emal etməkdir. AI alqoritmləri peyk şəkilləri, dron çəkilişləri və radioelektron dinləmələr vasitəsilə Rusiya qoşunlarının hərəkətini və hədəflərini insan faktorundan qat-qat sürətli analiz edərək birbaşa komandirlərin ekranına ötürür.

Rusiyanın "Starlink"lərinə texnoloji blokada
Fyodorov rəqəmsal sahədəki şəxsi nüfuzundan və İlon Maskla olan birbaşa əlaqələrindən istifadə edərək cəbhə xəttində ciddi dəyişikliyə nail olub. Rusiya ordusunun qanunsuz yollarla əldə edib ön xətdə istifadə etdiyi "Starlink" peyk internet terminalları bloklanıb. Bu addım rus dron pilotlarının və rabitə sistemlərinin cəbhədəki koordinasiyasını əhəmiyyətli dərəcədə iflic edib.
Əvvəllər fərqli bölmələr dronları pərakəndə şəkildə idarə edirdisə, Fyodorov bütün dron əməliyyatlarını və idarəetmə qərargahlarını birləşdirən vahid rəqəmsal sistem formalaşdırıb. Bu sistem quru qoşunlarının manevrləri ilə dron zərbələrini sinxronlaşdırır.
Bundan başqa, Rusiyanın radioelektron mübarizə (REB) sistemlərinin (siqnal kəsicilərin) təsirinə məruz qalmamaq üçün Ukrayna ordusu cəbhədə kütləvi şəkildə fiber-optik kabellə idarə olunan (siqnalla deyil, fiziki tellə qoşulan) yeni nəsil FPV dronların tətbiqinə başlayıb. Bu ilin ilk aylarında bu növ texnologiyaların sifarişi 300% artırılıb.
Keçən il tətbiq edilən və 3 gecədə 1000 dronla 800-ə yaxın rus hərbi texnikasını sıradan çıxaran "Auchan" əməliyyatının davamı olaraq, bu il "ArtAuchan" layihəsi başladılıb. Hərbi qüvvələr Rusiya artilleriyasının lülələrini birbaşa partladan xüsusi dron mərmiləri istehsal edib.
Fyodorov orduda kadr idarəçiliyi və əsgərlərin təminatını tamamilə yenidən qurub. Cari ilin iyun ayında onun bəyan etdiyi "hərbi xidmət tarixinin ən böyük transformasiya paketi" çərçivəsində mühüm qərarlar qəbul edilib:
Maaşların kəskin artırılıb. Belə ki, ön xətdə (piyada qüvvələri üçün) aylıq maaşlar ortalama 300 000 qrivnadan (təxminən 6600 dollar) başlayaraq maksimum 460 000 qrivnaya qədər qaldırılıb. Arxa cəbhədəki əsgərlər üçün minimum maaş isə 30 000 qrivna səviyyəsində müəyyən edilib.

Müharibə dövründə ilk qismən tərxisolunma həyata keçirilib. Ukrayna müharibə başlayandan bəri ilk dəfə olaraq uzun müddətdir xidmət edən (xüsusilə 2022-ci ildən və daha əvvəldən bəri cəbhədə olan) hərbçilərin qismən tərxis olunacağını açıqlayıb. 2026-cı ilin payız ayının sonlarından etibarən əsgərlərin müddətli müqavilələri olsa belə, prezident fərmanı ilə mərhələli şəkildə evlərinə qayıtmasına icazə veriləcək. Hərbçilər üçün xüsusi "onlayn kalkulyator" yaradılır ki, hər bir əsgər məhz hansı ay xidmətdən buraxılacağını şəffaf şəkildə görə bilsin.
Nazirlik həmçinin cəbhədəki piyada və hücum batalyonlarının tərkibinin 50%-ə qədərini xarici könüllülərlə təmin etmək kimi iddialı bir hədəf qoyub. Bunun üçün korrupsiyanın qarşısını alan və prosesi tamamilə şəffaflaşdıran yeni dövlət proqramı hazırlanıb. Ukraynaya xarici hərbçiləri cəlb edəcək özəl işəqəbul şirkətlərinə lisenziya verilməsi üçün yeni satınalma proseduru tətbiq olunub. Bu şirkətlər gətirdikləri və yüksək səviyyədə təlim keçdikləri hər bir xarici könüllü üçün dövlətdən şəffaf şəkildə qazanc əldə edə biləcəklər. Yaxın aylarda bu sahədə onlarla lisenziyalı şirkətin fəaliyyət göstərəcəyi gözlənilir.
"Krımın adaya çevrilməsi" planı
Mixail Fyodorov mətbuata verdiyi son müsahibələrində pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyəti nəticəsində Rusiyanın Krımdakı logistika şəbəkələrinin tamamilə iflic edildiyini bəyan edib. Nazir yaxın gələcəkdə Krım yarımadasının dron zərbələri sayəsində faktiki olaraq bir "adaya" çevriləcəyini və rus ordusu üçün orada logistik "cəhənnəmin" başlayacağını vurğulayıb.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər