Azərbaycana idxal edilən qeyri-qida mallarına nəzarət gücləndirilir.
"AzPoltiika" Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Gömrük Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda qəbul olunub.
Qəbul edilən dəyişikliklərə əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan qeyri-qida istehlak malları ölkəyə idxal edilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər gömrük orqanlarına təqdim edilməlidir. Bunlara uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri daxildir.
Yeni qaydalar çərçivəsində Gömrük Məcəlləsinin gömrük orqanlarının səlahiyyətlərini və gömrük nəzarətinin formalarını müəyyən edən maddələrinə dəyişiklik edilir. Bu dəyişikliklər gömrük əməkdaşlarına idxal olunan malların tələb olunan uyğunluq sənədləri ilə müşayiət olunmasını yoxlamaq hüququ verəcək.
Qanun layihəsinin izahatında qeyd olunur ki, "Texniki tənzimləmə haqqında" qanuna əsasən, texniki reqlamentlərə uyğun olmayan və ya uyğunluğu qiymətləndirilməmiş məhsulların istehsalı, satışı, idxalı və istifadəsi qadağandır.
Dəyişikliklərin əsas məqsədi təhlükəsizlik tələblərinə cavab verməyən qeyri-qida istehlak mallarının ölkəyə gətirilməsinin qarşısını almaq, idxal nəzarəti mexanizmini təkmilləşdirmək və istehlakçıların təhlükəsizliyini təmin etməkdir.
Layihə müəlliflərinin fikrincə, yeni tələblər yerli və xarici mənşəli məhsullar üçün eyni qaydaların tətbiqini təmin edəcək, sağlam rəqabət mühitinin formalaşmasına və yerli istehsalın dəstəklənməsinə töhfə verəcək. Bununla yanaşı, insanların həyatı və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlət maraqlarına təhlükə yarada biləcək məhsulların idxalının qarşısı alınacaq.
Sənədə əsasən, qeyri-qida mallarının idxalı ilə məşğul olan sahibkarların yeni tələblərə uyğunlaşması üçün 24 aylıq keçid dövrü müəyyən edilib. Dəyişikliklər texniki reqlamentlər və istinad edilmiş standartlar qüvvəyə mindikdən iki il sonra idxal olunan mallara şamil ediləcək. Qanunun isə dərc edildikdən 30 gün sonra qüvvəyə minməsi nəzərdə tutulur.

Şərhlər