Qiymət artımı təkcə ərzaq və gündəlik istehlak məhsullarında deyil, xidmət sektorunda da hiss olunur. Nəqliyyat, təmir, məişət xidmətləri və digər sahələrdə xərclərin artması əhalinin aylıq büdcəsinə əlavə yük yaradır. Xüsusilə sabit gəlirlə yaşayan vətəndaşlar üçün zəruri xidmətlərə daha çox vəsait ayırmaq maddi çətinlikləri artırır. Xidmətlərin bahalaşması fonunda qiymət artımına təsir edən iqtisadi amillər və bunun əhalinin alıcılıq qabiliyyətinə təsiri müzakirə mövzusuna çevrilir.
Azərbaycanda xidmət sektorunda bahalaşma daha çox hansı sahələrdə müşahidə olunur və buna hansı iqtisadi amillər təsir edir? Xidmət qiymətlərinin artması əhalinin alıcılıq qabiliyyətinə və ailə büdcəsinə necə təsir göstərir?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, 2026-cı ilin sentyabr ayı üzrə statistik göstəricilərə əsasən, Azərbaycanda illik istehlak inflyasiyası 5,5 faiz, ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət artımı isə 6,9 faiz təşkil edib.
Onun sözlərinə görə, qiymət artımları fonunda istehlak kreditlərinin həcminin yüksəlməsi də diqqət çəkir. Bu tendensiya istehlak xərclərinin maliyyələşdirilməsində kreditlərin rolunun artması ilə bağlı suallar yaradır:“Nəqliyyat, təmir, məişət xidmətləri və digər sahələrdəki qiymət artımları da əhalinin gündəlik xərclərinə təsir göstərir. Onun fikrincə, istehlakçılar mağazalarda məhsulların bahalaşdığını gördükdə, xidmət göstərən şəxslər də öz xərclərini nəzərə alaraq xidmət haqlarını artırmağa çalışırlar. Xüsusilə təmir sahəsində materialların bahalaşması xidmət qiymətlərinin yüksəlməsinə səbəb olur. Belə ki, təmir materiallarının qiyməti artdıqda, həmin sahədə çalışan mütəxəssislər də xərclərini qarşılamaq üçün xidmət haqlarına yenidən baxmalı olurlar. Nəticədə bir sahədə baş verən qiymət artımı digər sahələrə də təsir göstərə bilir”.

İqtisadçı əlavə edib ki, inflyasiyanın əsas yükü sabit gəlirlə yaşayan insanların üzərinə düşür. Bu baxımdan özəl sektorda çalışan vətəndaşlar daha həssas vəziyyətdədirlər: “Minimum əməkhaqqının artırılması ilə bağlı gözləntilər olsa da, özəl sektorda çalışanların gəlirlərinin eyni qaydada artacağına təminat yoxdur. Məsələn, ayda 500-550 manat əməkhaqqı alan vətəndaş bilmir ki, rəhbərlik onun maaşını artıracaq, yoxsa yox. Belə vəziyyətdə gündəlik xərclərin artması ailə büdcəsinə əlavə təzyiq yaradır”.
G.Hüseynova hesab edir ki, kredit öhdəlikləri və zəruri olmayan xərclər azaldıldıqda ailə büdcəsini idarə etmək nisbətən asanlaşır: “Bununla belə, inflyasiyanın hər ailəyə təsiri eyni deyil. Ailənin istehlak səbəti, gəlir səviyyəsi, gündəlik xərcləri və büdcəni planlaşdırmaq imkanları qiymət artımlarının maliyyə yükünü müəyyən edən əsas amillərdəndir”.
Ekspertin diqqətə çatdırdığı statistik göstəricilərə əsasən, 2026-cı ilin sentyabr ayında Azərbaycanda illik istehlak inflyasiyası 5,5 faiz, ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət artımı 6,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,1 faiz təşkil edib. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisəni əks etdirir.
Qiymət artımlarının alıcılıq qabiliyyətinə və ailə büdcəsinə təsirindən danışan iqtisadçı vurğulayıb ki, gəlir və xərclər arasında tarazlığın qorunması mühüm əhəmiyyət daşıyır: “Əgər insan gəlirini və xərclərini düzgün idarə edə bilmirsə, kredit və borc öhdəlikləri getdikcə arta bilər. Belə olan halda gəlirin yüksəlməsi belə şəxsin maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaya bilər. Çünki gəlirlə yanaşı xərclər də artır. Gəlirlərin artması ilə yanaşı, yığım imkanlarının qorunması da vacibdir. Əgər gəlir yüksəldikcə yığım əvəzinə istehlak kreditlərindən asılılıq artırsa, ailənin maliyyə vəziyyəti daha da çətinləşə bilər. Buna görə də xərclərin planlaşdırılması, borclanmanın nəzarətdə saxlanılması və gəlir-xərc balansının qorunması ailə büdcəsinin dayanıqlılığı baxımından xüsusi əhəmiyyət daşıyır”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər