24 iyul səhəri Ukrayna PUA-ları Sankt-Peterburqa və Leninqrad vilayətinə hücum edib.
“AzPolitika” xəbər verir ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərdəki "mülki infrastruktur obyektinə" dron hücumu barədə mediaya məlumat verib. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko isə Vsevolojsk rayonunun Novosaratovka məntəqəsindəki Wildberries anbarına edilən hücum nəticəsində yanğın və üç nəfərin xəsarət aldığını bildirib.
Ukraynanın Exilenova+ monitorinq kanalının məlumatına görə, dronlar həmçinin gecə işğal altındakı Simferopoldakı Wildberries anbarına hücum edib. Bu hücumla da bağlı sosial mediada videogörüntülər yayımlanıb.
Wildberries öz infrastrukturuna edilən hücumları təsdiqləyib. Şirkət qeyd edib ki, Sankt-Peterburqdakı logistika mərkəzlərinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb və Simferopoldakı çeşidləmə mərkəzini boşaldıb.
Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Voronej vilayətindəki Wildberries paylama mərkəzinə zərbə endirib. Qubernator Aleksandr Qusev məlumatı təsdiqləyib. Dronlar həmçinin şirkətin Kazandakı anbarına hücum etməyə cəhd edib, lakin yerli sakinlərin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri yaxınlaşdıqca onları vurmağı bacarıb.
“Kommersant”ın açıq məlumatlara əsaslanan hesablamalarına görə, ötən həftə Ukrayna dronları Wildberries-in bütün logistika infrastrukturunun təxminən 10%-nə hücum edib və şirkətin anbarlarının 8%-ni sıradan çıxarıb. Zərbələr Moskva yaxınlığındakı Elektrostal (250.000 kvadrat metr), Tambov vilayətindəki Kotovsk (108.000 kvadrat metr), Krasnodar (100.000 kvadrat metr) və Stavropol vilayətindəki Nevinnomıssk (94.000 kvadrat metr) obyektlərini hədəf alıb. Şirkət nümayəndəsi qeyd edib ki, bütün obyektlər tam bərpa tələb edir. Onların birinin tikintisinə təxminən 35 milyard rubl lazımdır.
Mütəxəssislər xəbərdarlıq edib ki, logistika tutumunun azalması çatdırılma müddətlərinə, inventar nəzarətinə və bütün marşrut şəbəkəsinin dayanıqlığına təsir edəcək. Bu hücumlar nəticəsində dəyən ziyan artıq milyardlarla dollarla hesablanır və belə görünür ki, Ukrayna bu “anbar qətliamı”nı dayandırmaq fikrində deyil. Onu da əlavə edək ki, artıq bir neçə ildir Rusiya Ukraynadakı analoji logistika şəbəkəsi olan “Novaya poçta”-nı bombalayır.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər