Bu gün qlobal güclər arasında gedən rəqabət demək olar ki, dünyanın gələcəyini müəyyənləşdirəcək bütün iqtisadi və texnoloji sahələri əhatə edir. Təsir imkanları getdikcə genişlənən süni intellekt sektoru bu rəqabətdə mühüm yer tutur. İqtisadiyyatın, informasiya təhlükəsizliyinin və hərbi üstünlüyün gələcəyini müəyyən edəcək süni intellekt qlobal mübarizənin əsas resursuna çevrilməyə başlayıb. Əgər yaxın keçmişdə dövlətlər neft-qaz, nüvə texnologiyaları və kosmik tədqiqatlar sahəsində rəqabət aparırdılarsa, bundan sonra həmin rəqabətin episentrində, şübhəsiz ki, süni intellekt və bu sektorun fəaliyyətini təmin edən resurslar dayanacaq.
Elə bu səbəbdən də qlobal geosiyasi rəqabətdə süni intellekt platforması yeni mübarizə meydanı sayılır. Bu sahədə əsas rəqiblər ABŞ və Çindir.
Süni intellekt sahəsində ABŞ-ın önə çıxdığını nəzərə alan Vaşinqton 2025-ci ildə "Pax Silica" adlı beynəlxalq təşəbbüsü formalaşdırıb. Pekin isə buna cavab olaraq öz alternativ platformasını yaradıb.

ABŞ-ın irəli sürdüyü "Pax Silica" təşəbbüsünün başlıca məqsədi nadir torpaq metalları emalında inhisarçı mövqedə olan Çindən asılılığı azaltmaq, süni intellekt üçün zəruri olan yüksək texnologiyaların rəqiblərin əlinə keçməsinin qarşısını almaq, həmçinin data mərkəzlərinin yaradılması və inkişafı sahəsində koordinasiyalı əməkdaşlığı təmin etməkdir.
Hazırda bu təşəbbüsə Yaponiya, Cənubi Koreya, Avstraliya, Sinqapur, İsrail, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Norveç, İsveç, Niderland və Almaniya qoşulub. Şübhə yoxdur ki, "Pax Silica" təkcə iqtisadi deyil, eyni zamanda geosiyasi layihədir. Bu platforma ABŞ-ın süni intellekt sahəsində Çinlə texnoloji rəqabətdə üstün mövqeyini qoruyub saxlaması üçün yaradılmış mühüm beynəlxalq mexanizmdir.
İyulun 17-də Çinin dəvəti ilə Şanxayda bir araya gələn 29 dövlət World Artificial Intelligence Cooperation Organization (WAICO) adlı beynəlxalq təşkilatın yaradılması haqqında saziş imzalayıb. Çin rəhbərliyi WAICO-nu süni intellekt sahəsində yeni əməkdaşlıq institutu kimi təqdim etsə də, aydındır ki, bu platforma ABŞ-ın "Pax Silica" təşəbbüsü ilə rəqabət aparmaq məqsədi daşıyır.

WAICO-nun təsis toplantısında çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpinin bəyanatlarından görünür ki, inkişaf etməkdə olan ölkələri bir araya gətirməkdə Pekinin əsas məqsədi süni intellekt sahəsində ABŞ-a qarşı geniş koalisiya formalaşdırmaqdır.
Si Cinpin bildirib ki, Çin təşkilata daxil olan ölkələrə süni intellekt imkanlarının inkişafı üçün texnoloji dəstək göstərəcək. O vurğulayıb ki, Pekin bu sahədə topladığı bilik və təcrübəni "Qlobal Cənub" ölkələri ilə bölüşəcək. Çinin dövlət televiziya kanalı CCTV isə ABŞ-ın "Pax Silica" platformasını nəzərdə tutaraq "süni intellektin dəmir pərdəsi"nə qarşı yeni və ədalətli süni intellekt ekosisteminin qurulduğunu bəyan edib.

Çin rəhbərliyi yeni təşkilatı hamının iştirak edə biləcəyi texnoloji əməkdaşlıq platforması kimi təqdim etsə də, WAICO-nun tərkibinə nəzər saldıqda burada dünyanın qabaqcıl texnoloji dövlətlərini deyil, əsasən Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrini görürük. Bu ölkələrin əksəriyyətinin iqtisadi və texnoloji potensialının məhdud olduğunu nəzərə alsaq, demək olar ki, Pekinin təqdim etdiyi model bəyan edildiyi kimi qarşılıqlı və bərabərhüquqlu texnoloji əməkdaşlıq platforması deyil. WAICO daha çox ABŞ-ın "Pax Silica" modelinə qarşı yönəlmiş geosiyasi birlik təsiri bağışlayır.
Pekinin ətrafına topladığı ölkələrin böyük əksəriyyətinin süni intellekt sahəsində Çin üçün ciddi texnoloji tərəfdaş ola bilməsi real görünmür. Çünki həmin dövlətlərin əksəriyyətində bu istiqamətdə kifayət qədər elmi və texnoloji baza mövcud deyil. Görünən odur ki, Pekin əsasən ABŞ-la geostrateji rəqabətdə mümkün qədər çox tərəfdar toplamaq və bununla siyasi güc nümayiş etdirmək niyyətindədir.
Bu mənada müəyyən tarixi paralellər aparmaq mümkündür. Vaxtilə SSRİ iqtisadi baxımdan dünyanın aparıcı sənaye dövlətlərini birləşdirən "G7" ölkələrinə qarşı sosialist blokunda "Qarşılıqlı İqtisadi Yardım Şurası"nı formalaşdırmışdı. Əlbəttə, bütün analogiyalar müəyyən qədər qüsurludur. Lakin "Pax Silica"nı dəstəkləyən ölkələrlə WAICO-ya qoşulan dövlətlərin texnoloji və maliyyə imkanları arasındakı fərq həqiqətən də çox böyükdür.
WAICO üzvləri arasında nisbətən Rusiya, Braziliya, Cənubi Afrika Respublikası və Malayziya müəyyən texnoloji potensiala malikdir. Bununla belə, onların da süni intellekt sahəsində dünya liderləri sırasında yer aldıqlarını söyləmək mümkün deyil. Digər üzv dövlətlərin iqtisadi və texnoloji imkanları isə kifayət qədər məhduddur.

WAICO-nun yaranması göstərir ki, yaxın gələcəkdə beynəlxalq sistem yalnız siyasi və hərbi bloklara deyil, həm də texnoloji bloklara bölünə bilər. Əgər Soyuq müharibə dövründə dünya əsasən ideoloji xətlər üzrə parçalanmışdısa, XXI əsrdə bölünmənin əsas meyarlarından biri texnoloji üstünlük olacaq. Süni intellekt və rəqəmsal texnologiyalar sahəsində liderlik təkcə iqtisadi üstünlük deyil, həm də gələcəyin hərbi və geosiyasi güc balansını müəyyənləşdirən əsas amillərdən birinə çevriləcək.
WAICO-nun təsis edilməsi onu göstərir ki, Çin təkcə texnoloji istehsalda deyil, həm də yüksək texnologiyaların zirvəsi hesab olunan süni intellekt sahəsində qlobal liderliyə iddia edir. Pekində yaxşı anlayırlar ki, bu istiqamətdə geri qalmaq ABŞ-ın mövcud üstünlüyünü daha da möhkəmləndirəcək.
Bu gün texnoloji inkişafın sürəti artdıqca, qlobal güclər arasındakı rəqabət də eyni tempdə dərinləşir. Əgər Çin XXI əsrin ən mühüm texnoloji yarışlarından sayılan süni intellekt sahəsində ləngiyərsə, o, təkcə ABŞ-la rəqabətdə geri qalmaz, hətta Yaponiya, Cənubi Koreya və Almaniya kimi yüksək texnologiyalı dövlətlər də onu qabaqlaya bilər.
Məhz buna görə də bir çox analitik hesab edir ki, WAICO layihəsi yaxın illərdə Çinin qlobal strategiyasının əsas prioritetlərindən birinə çevriləcək. Çünki getdikcə daha aydın görünür ki, WAICO ilə "Pax Silica" arasında formalaşan rəqabət təkcə iki layihənin deyil, bütövlükdə XXI əsrin yeni dünya nizamını müəyyən edəcək ən mühüm geosiyasi və texnoloji qarşıdurmalarından biridir.
Vaqif Nəsibov
"AzPolitika.info"

Şərhlər