“Azərbaycanın şimalında (Rusiya-Ukrayna) və cənubunda (ABŞ, İsrail-İran) müharibələr və eskalasiya artan xətlə davam edir. Rusiya və İran zəiflədikcə daha aqressivləşir, strateji infrastruktur obyektləri – limanlar, körpülər, dəmir yolları və neft terminalları sıradan çıxır. Mövcud vəziyyət fonunda yaxın və orta perspektivdə regionda müsbətə doğru heç bir dəyişiklik gözlənilmir”.

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov qlobal geosiyasi prosesləri və regional nəqliyyat dəhlizlərini şərh edərkən bildirib.

Ekspert qeyd edir ki, NATO-nun Türkiyə sammitindən sonra ABŞ-nin Avropada yeni funksiya bölgüsü ilə qalacağı dəqiqləşdi: "ABŞ Yaxın Şərqdə də mövqeyini qoruyur. Türkiyə ilə yaxınlaşma, İsrailin cilovlanması və Körfəz ölkələri ilə münasibətlərin nizamlanması fonunda İranla hərbi-diplomatik qarşıdurma davam edir. Eyni zamanda, Körfəz ölkələri Hörmüz boğazından asılılığı azaltmaq üçün alternativ kanal və dəmir yolları inşasına başlayıblar. Növbədə isə Rusiyanın resurs bazası roluna gətirilməsi prosesi dayanır. Bütün bunlar Donald Trampa məxsus spesifik formada həyata keçirilsə də, fakt budur ki, ABŞ regionu tərk etmir. Əksinə, əvvəllər zəif təmsil olunduğu Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərini gücləndirir".

F.Məmmədov vurğulayır ki, Şimal Buzlu okeanından tutmuş Fars körfəzinə qədər sərhədlərin bağlanması və sanksiyalar Cənubi Qafqazı "Şərq-Qərb" və "Şimal-Cənub" vektorlarının kəsişməsində əsas diqqət mərkəzinə çevirib. Lakin politoloqun fikrincə, bu gün bu iki marşrut sadəcə rəqabətdə deyil, açıq münaqişə və müharibə vəziyyətindədir.

Ekspert hər iki vektoru 5 mühüm meyar (iştirakçı ölkələr, iradə, maliyyə resursları, təşkilati imkanlar və "çətir" ölkənin varlığı) üzrə müqayisə edib:

1. "Şərq-Qərb" dəhlizi: Uğur üçün bütün komponentlər mövcuddur.

Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri və Türkiyə layihələr üzərində tam həmrəydir. Region ölkələri layihələri icra etmək üçün lazımi təşkilati imkanlara və 30 illik təcrübəyə (boru kəmərləri, avtobanlar, limanlar) malikdir.

Əsas maliyyə resursları ABŞ, Çin və Avropadadır. Avropa İttifaqı Azərbaycan, Ermənistan və Mərkəzi Asiyaya, Çin isə Qırğızıstan və Özbəkistana investisiya qoyur. Bu layihələrdə ABŞ və Çin "çətir" rolunu oynayır.

2. "Şimal-Cənub" dəhlizi: Perspektivi olmayan layihə

Əsas iştirakçılar olan Rusiya və İran hazırda strateji infrastrukturuna edilən hava hücumlarından qorunmaqla məşğuldur. Moskva və Tehranın istəyi olsa da, real imkanları yoxdur – maliyyə tükənib və təşkilati potensial sürətlə zəifləyir.

Ekspert bildirir ki, səs-küylü layihələr və 55 milyard kubmetrlik qaz nəqli barədə iddialar sadəcə kağız üzərindədir: "Bu qış Rusiya və İranın özündə istilik təchizatı problemi yaranacaq, hansı qlobal layihədən söhbət gedə bilər? Üstəlik, bu oxun "çətir ölkəsi" yoxdur. Çin Rusiya və İranın daxil olduğu, perspektivi olmayan layihələrə investisiya qoymayacaq".

Azərbaycan hansı yolu seçməlidir?

Fərhad Məmmədov ölkəmizdə hələ də "Şimal-Cənub" marşrutunu təbliğ edən bəzi ekspertlərin mövqeyini tənqid edərək, bu xəttin obyektiv olaraq heç bir perspektivinin olmadığını diqqətə çatdırıb.

Politoloq yekun olaraq vurğulayır ki, Azərbaycan hər iki vektor üçün açar ölkə kimi heç bir marşrutdan rəsmən imtina etməməlidir: "Lakin prioritet birmənalı olaraq 'Şərq-Qərb' vektoruna verilməlidir. Çünki bu marşrutda uğur qazanmaq, ölkəmizin geopolitik və geoiqtisadi rolunu artırmaq üçün bütün lazımi komponentlər mövcuddur".

Rasim Əliyev

“AzPolitika.info”