"Ali məktəblərə qəbulu azaldıb, çalışmalıyıq ki, peşə təhsilinə qəbulu artıraq"

“Hesab edirəm ki, biz növbəti illərdə ali məktəblərə qəbulu azaldıb, çalışmalıyıq ki, peşə təhsilinə qəbulu artıraq. Bu, yalnız inzibati yolla yox, həm də geniş maarifləndirmə və təbliğat istiqamətində aparılacaq bir işdir”.

Bu sözləri millət vəkili Ceyhun Məmmədov son illər ali təhsilli gənclərin əmək bazarında iş tapan zaman üzləşdikləri çətinlikləri “AzPolitika”ya şərh edərkən deyib.

Deputat bildirib ki, ali məktəblərə qəbulun artırılması gələcəkdə bu istiqamətdə statistik göstəricilərin daha da yüksəlməsinə səbəb ola bilər: “Yəni, biz universitetə qəbulu artırdıqca, iş tapa bilməyən məzun sayı daha da artacaq və növbəti ildə statistika daha çox olacaq. Kvota iş yerlərinin sayına və ehtiyaca görə müəyyənləşdirilməlidir".

C. Məmmədov yaranmış vəziyyəti belə izah edib: "Biz necə gəldik bu vəziyyətə? Daha çox gənc təhsil alsın, daha çox gənc ali məktəbə qəbul olsun deyə düşündü. Mən hesab edirəm ki, biz bu məsələyə daha həssas, daha diqqətli yanaşmalıyıq və dediyim kimi, peşə təhsilini daha çox təşviq etməliyik. Gənclərimiz peşə təhsilinə yönəlməlidir. Əgər bizə bu qədər ali təhsilli insan lazım deyilsə, biz onları niyə qəbul edirik? Mən düşünürəm ki, bu məsələnin əsas mahiyyəti bundadır. Bu proses bu formada tənzimlənməlidir və elə bir formada getməlidir ki, boş yerə bu qədər tələbəni məzun edib, sonra bu statistikaları şişirtməyək".

"Hesab edirəm ki, bu cür statistikaların üzərində çox ciddi işləmək lazımdır və çalışmaq lazımdır ki, bu problem getdikcə daha da artmasın və biz belə problemlərlə daha çox üzləşməyək. Yəni, burada ciddi işlərin görülməsinə, addımların atılmasına ehtiyac var", -deyə millət vəkili qeyd edib.

Məlumat üçün qeyd edək ki, açıqlanan son statistikaya görə, 2025-ci ilin sonunda 31 min 785 ali təhsilli şəxs işsiz kimi qeydiyyatda olub. 2024-cü ildə bu göstərici 26 min 898 nəfər təşkil edib. Beləliklə, ali təhsilli qeydiyyatlı işsizlərin sayı bir il ərzində 4 min 887 nəfər və ya 18,2 faiz artıb. Onların 16 min 334 nəfəri qadın, 15 min 451 nəfəri isə kişilər olub.

E. Bəyməmmədli

"AzPolitika.info"