«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Moldovanın Konstitusiya məhkəməsi 1989-cu ildə qəbul olunmuş «Ölkə ərazisində dillərin fəaliyyəti barədə» qanuna yenidən baxılması barədə qərar çıxarıb. Sözügedən qanun rus dilinə Moldova ərazisində millətlərarası ünsiyyət dili statusu verir. Bu barədə iyunun 4-də «TASS» agentliyi xəbər verib.
Məhkəmə qanunu «köhnəlmiş» və aktuallığını itirmiş hesab edib. Rus dilinin millətlərarası ünsiyyət dili statusundan məhrum edilməsini Liberal partiya tələb edirdi.
Liberallar hesab edirlər ki, rus dilinə müstəsna statusun verilməsi ölkə Konstitusiyası ilə ziddiyyət təşkil edir. Partiyanın lideri Mixay Qimpu qeyd edib ki, onun partiyasının sorğusu «rusdilli vətəndarlara qarşı yönəlməyib».
«Moldova ərazisində yalnız bir dil millətlərarası ünsiyyət dili ola bilər - dövlət rumın dili» - deyə, Liberal partiyanın lideri Mixay Qimpu bəyan edib.
Əgər ölkədə rus dili millətlərarası ünsiyyət dili statusunu itirərsə, o zaman Moldovada rəsmi dövlət (hökumət) sənədlərinin mütləq qaydada rus dilinə tərcüməsi prosesi də dayandırılacaq.


Şərhlər
Hansı ölkədə rus dilinə status verilərsə,həmin ölkə rus işğalının bir addımlığına yaxınlaşır.Müstəqil dövlətin öz dili olmalıdır.İkidillilik könüllü surətdə rusun təsiri altına düşməkdir.