Menu

Rüşvət verib, daxili işlər naziri olmaq istədi...  - VİDEO 

06.06.2018, 17:10
Rüşvət verib, daxili işlər naziri olmaq istədi...  - VİDEO 

Polis polkovniki Məhəmməd Xizriyev rüşvət verərək, Dağıstan DİN-də əvvəlcə yüksək postlardan birinə, daha sonra isə hətta nazir vəzifəsinə yiyələnmək istəyib.

"AzPolitika.info" "RİA Novosti" Agentliyinə istinadla bildirir ki, DİN polkovnikinin bu istəyinin qarşısı Rusiya FTB-si tərəfindən alınıb. Nazirliyin Daxili Təhlükəsizlik Şöbəsinin rəisi olan polkovnik Xizriyevə öz vəzifəsi kifayət etməyib və ümumilikdə 6 milyon dollar rüşvət verərək, nazir olmaq arzusuna çatmağı planlaşdırırmış.

Məlum olub ki, M.Xizriyev artıq vasitəçilərə 2 milyon ödəyərək, "yuxarılara" çatdırılmasına nail olub. Bu işdə ona Dağıstanın Pensiya Fondunun sabiq sədri Səid Murtuzəliyev köməklik edirmiş. S.Murtuzəliyev isə Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovun yaxın adamı sayılır və bu günlərdə istintaqdan gizlənərək, Azərbaycana qaçmaq istərkən həbs edilib.

Rüşvət olaraq verilən ilk iki milyon polkovnik Xizriyevin şəxsi işindəki ciddi çatışmazlıqların silinməsi üçün nəzərdə tutulub. Belə ki, şəxsi işdəki həmin məlumatlar onun gələcək karyerası üçün təhlükə törədirmiş. Məbləğin qalan dörd milyonu isə əvvəl nazirlikdəki yüksək postlardan biri, daha sonra isə bir il ərzində nazir kreslosunda oturmaq üçün nəzərdə tutulurmuş.

Lakin Rusiya mətbuatında yayılan kadrlardan da göründüyü kimi, polkovnik Məhəmmədin nazir olmaq arzusu gözündə qalıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol