DÇ-2018-ni D qrupunun son oyunu zamanı əfsanəvi Dieqo Maradonanın tribunada etdiyi hərəkətlər futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Ədəbsiz hərəkətlər edən və işarələr göstərən argentinalı oyundan reportaj hazırlayan rejissorların və media təmsilçilərinin diqqət mərkəzinə gəlib. Oyun ərzində tez-tez özünü az qala tribunadan aşağı atmaq üzrə olan futbolçunu onu müşaiyət edənlər çətinliklə yerinə oturdublar. Fasilə zamanı isə mürgüləyən Maradona oyunun sonuna yaxın, xüsusilə argentinalıların ikinci qolundan sonra kəskin şəkildə aktivləşib. Qoldan sonra nigeriyalı azarkeşlər istiqamətində biədəb işarələr göstərən futbol əfsanəsinin bundan sonra halı pisləşib və həkimlərin müdaxiləsinə ehtiyac yaranıb. Bundan əvvəlki Xorvatiya ilə oyunda isə qadağaya məhəl qoymayan Maradona öz VİP lojasında siaqara çəkib.

Bəzi nüfuzlu futbol mütəxəssisləri isə Maradonanın cəzalandırılmasını və hətta FİFA-nın argentinalı əfsanənin stadionlara girişinə qadağa qoymasını tələb edib.
Maradona özü isə oyundan sonra səhhətində heç bir ciddi problem olmadığını deyərək, sadəcə öz komandasına böyük həyəcanla azarkeşlik etdiyini bildirib.
"AzPolitika.info"


Şərhlər