«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Aya endirmək üçün modulun işlənib hazırlanması prosesinə start verib. Artıq «Enerji» şirkəti rusiyalı kosmonavtları Aya aparacaq aparatın görkəminin müəyyən olunması işlərinə başlayıb. Bu barədə şirkətin illik hesabatında söhbət açılır.
«Aya enmə və Aydan qalxma aparatının texniki görkəminin formalaşdırılması işlərinə başlanıb. Onun ayaətrafı orbitə çıxarılması isə super-ağır sinifdən olan daşıyıcı raket vasitəsilə həyata keçiriləcək» - deyə, sənəddə dəqiqləşdirilir.
Hesabatda o da qeyd olunur ki, modulun elementlərinin əvvəlcədən beynəlxalq ayətrafı «Lunar Orbital Platform» stansiyasına çatdırılması planlaşdırılır. Stansiyada onları «yığıb» hazır saxlayacaqlar və ekipajların Ay səthinə enib-qalxması üçün istifadə edəcəklər.
2016-2025-ci illər üçün hazırlanmış və fəaliyyətə başlamış Federal kosmik proqram, 2025-ci ildən sonra Ayın tammiqyaslı tədqiq olunması üçün «lazımi şəraitin» yaradılmasını və 2030-2031-ci illərdə ilk Rusiyalı kosmonavtın Ay səthinə endiriləsini nəzərdə tutur.
Bundan əvvəl kosmonavtların hazırlıq Mərkəzi SSRİ kosmonavtlarının təcrübəsini və Amerikanın «Apollon» missiyasını öyrənərək, Aya uçucaq Rusiya ekspedisiyası üzvlərinin hazırlığı üçün şərtlər irəli sürüb.
2016-cı ildə «Enerji» şirkətinin baş direktoru Vladimir Solntsev bildirib ki, korporasiya ilk rusiyalının Aya endirilməsini 2031-ci ilə planlaşdırır. Onun sözlərinə görə, 2027-ci ildə Rusiya Ayın orbitinə enmə-qalxma modulu çıxaracaq. 2029-cu ildə Ay orbitinə yeni pilotsuz «Federasiya» gəmisinin uçuşu, 2030-cu ildə pilotlu uçuş, 2031-ci ildə isə - Ay səthinə enmə həyata keçiriləcək.


Şərhlər