Hökməli qəsəbəsi Zərifə Əliyeva küçəsinin sakinləri "AzPolitika.info"ya şikayət məktubu göndəriblər. Məktubda bildirilir: " Qəsəbəmizin sakinləri Abşeron rayonunun inzibati ərazisinə aid olan Hökməli qəsəbəsinin yeni (Atyalı) massivinə giriş hissəsində (“İSoil” yanacaqdoldurma məntəqəsinin arxasında) - Zərifə Əliyeva küçəsində yerləşən tullantı qutularından hər gün istifadə etmək məcburiyyətindədirlər. Bu tullantı qultuları sakinlərin öz şəxsi vəsaiti hesabına alınıb.
Sizə bildiririk ki, yaşadığımız massivin sakinləri qəsəbəmizin Zərifə Əliyeva küçəsindəki biabırçı mənzərəni saytınız vasitəsilə ictimailəşdirməyi sizdən xahiş edir. Belə ki, ərazidəki məişət tullantılarının Abşeron rayonu İcra Hakimiyyəti tərəfindən heç vaxt daşınmaması ucbatından Zərifə Əliyeva küçəsində şəkillərdə əks olunmuş biabırçı mənzərə yaranıb. Əraziyə toplanan sahibsiz itlər xüsusilə sutkanın qaranlıq vaxtında qəsəbə sakinlərinə hücum edir. Abşeron rayon İcra Hakimiyyətinə dəfələrlə yazılı və şifahi müraciət olunsa da, tullantıların daşınması ilə bağlı indiyə kimi heç bir tədbir görülməyib.
Hörmətli redaksiya, səsimizin heç bir yerə çatmadığını nəzərə alaraq, Sizdən artıq dərəcədə xahiş edirik ki, Abşeron rayonu Atyalı massivinin Zərifə Əliyeva küçəsindəki bu biabırçı görüntüləri ictimailəşdirəsiniz. Bəlkə bundan sonra qəsəbə sakinlərinin səsini eşidən ola.
Əvvəlcədən sakinlər adından sizə təşəkkürümüzü bildiririk".
Yazılanlarla bağlı, Abşeron rayonu İcra Hakimiyyətinin də mövqeyini işıqlandırmağa hazırıq.




Şərhlər