Rusiyada yaşayan özbək əsilli milyarder Əlişir Usmanov Londonun “Arsenal” klubundakı 30 faizlik səhm paketini satmağa məcbur olub. Rusiyanın RBK portalı bildirir ki, bu qərar özbək milyarderin klubun 70 faizlik səhm paketinə malik digər sahibi Stren Kronkla uzun müddətdir davam edən çəkişməsinin nəticəsi olaraq, qəbul edilib.
Belə məlum olur ki, iki səhmdar arasında xeyli vaxtdır konflikt mövcuddur. Stren Kronk “Arsenal”dakı böyük payla yanaşı, ABŞ-da “Denver Nuggets” basketbol klubu, “Colorado Rapids” futbol komandası, eləcə də bir xokkey və bir peşəkar Amerika futbolu komandasına sahibdir.
Nəhayət, idman sahəsində daha çox təcrübəsi və bacarığı olan S.Kronk uzun çəkişmədən sonra Ə.Usmanovun “Arsenal”dakı payını 550 milyon funt-sterlinqə ala bilib ki, bu da təqribən 715 milyon dollar deməkdir. Bundan öncə isə özbək milyarder rəqibinə 70 faizlik pay qarşılığında 1.3 milyard dollar təklif etsə də, qarşı tərəf razılaşmayıb.
Onu da qeyd edək ki, Rusiya hökumətinin təmsilçiləri son zamanlar ölkənin varlı iş adamlarını xarici deyil, yerli klubların səhmlərini almağa və onları inkişaf etdirməyə çağırır və hətta təzyiq göstərirlər. Və Usmanovun bu qərarı verməsində də bu amilin ciddi rol oynadığı ehtimal edilir.
“AzPolitika.info”


Şərhlər