Menu

Leyla Yunus həbs olundu! - Video-Yenilənir

30.07.2014, 12:01
Leyla Yunus həbs olundu! - Video-Yenilənir

Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilir

 Bu dəqiqələrdə (20:30) Arif Yunus məhkəmə önünə gəlib. O, həbs olunacağı gözlənilən həyat yoldaşı Leyla Yunusa yemək və başqa ləvazimatlar gətirib. Arif Yunus jurnalistlərə deyib ki, Leyla Yunus şəkər xəstəsidir.

Musavat.com-un məlumatına görə, məhkəmə artıq bitib.

Leyla Yunus barədə 3 ay həbs qətimkan tədbiri seçildi.  Leyla Yunus məhkəmədən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına aparılıb. Bununla bağlı onun vəkilləri jurnalistlər qarşısında çıxış etdilər.

* * * 

Leyla Yunusa qarşı dörd, Arif Yunusa qarşı isə iki maddə üzrə ittiham elan olunub

Dövlətə xəyanətdə ittiham olunan Leyla Yunus barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb

Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı ittiham elan olunub.

Bu barədə APA-ya vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər.

Vəkil qeyd edib ki, istintaq Arif Yunusdan başqa yerə getməməklə bağlı iltizam alıb.

Leyla Yunus isə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb.

Arif Yunus Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qarşısında jurnalistlərə bildirib ki, idarədə həkim nəzarətindən keçib: "Səhhətimdə problem olduğu üçün barəmdə həbs qətimkan tədbiri seçilmir. Lakin polisin nəzarətində olacağam və məndən başqa yerə getməməklə bağlı iltizam alınıb”.

* * *

“Bizdə olan məlumata görə, Leyla Yunus hələ də Baş Prokurorluqdadır”.

Bunu virtualaz.org saytına açıqlamasında “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib.

M.Əliyev dedi ki, nəticənin necə olacağını deməkdə çətinlik çəkir: “Leyla Yunusa bəraət veriləcək, buraxılacaq, yoxsa yox, bunu deyə bilmərəm. Burada hər şey zəng əsasında həll edilir. Ona görə də deyə bilmərəm ki, onu həbs edəcəklər, ya yox. Yaxud da azad edəcəklər, ya yox...”

* * *

İyulun 30-da səhər saatlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus evdən çıxarkən həyətdə mülkigeyimli şəxslər tərəfindən maşına mindirilərək naməlum istiqamətdə aparılıb. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Arif Yunus məlumat verib.

«Ayna»-«Zerkalo» qəzetlərinin Türkiyə təmsilçisi Rauf Mirqədirovun həbsindən sonra, aprelin 28-də gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus xaricə gedərkən Bakı aeroportunda saxlanmışdılar. Onların ölkədən çıxmasına icazə verilməmişdi. Həmin gün Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilmişdi.

Bundan sonra hüquq müdafiəçisi prokurorluğun çağırışlarına getməyib. Leyla Yunus bildirib ki, aprelin 28-də onların pasportları və evin sənədləri qanunsuz olaraq götürülüb. O deyb ki, həmin sənədlər qaytarılmayana qədər prokurorluğa getməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol