İslamın düşməni sayılan Nobel mükafatı laureatı yazıçı öldü

Etibar ƏLİYEV

Hind mənşəli Trinidad nəsr ustası Vidyadhar Naypol 1932-ci ildə Trinidad adasında, kasıb bir ailədə anadan olub. O, Nobel nitqində vətənində aldığı təhsili çox maraqlı təsvir etmişdi:

«Trinidadda qabiliyyətli uşaq olsam da, məni zülmət parçaları əhatə edirdi. Məktəb heç nə aydınlaşdırmırdı. Məni fakt və formullara bürüyürdülər. Hər şeyi əzbərdən öyrənmək lazım gəlirdi; hər şey abstrakt qalırdı. Yenə də fikirləşmirəm ki, bizim dərsliklərə belə forma verilməsində hansısa məqsəd varıydı. Biz adi məktəb təhsili alırdıq. Başqa şəraitdə bu təhsil özünü doğruldardı. Ən azı, məsuliyyətin bir hissəsi mənim üzərimə düşərdü. Uşaqlığımın keçdiyi təcridi nəzərə alaraq, mən fikrən başqa cəmiyyətin, yaxud coğrafi cəhətdən uzaq cəmiyyətin şəraitinə köçə bilmirdim. Mən kitab ideyasının özünü sevirdim, amma onları oxumaqda çətinlik çəkirdim».

O, 1950-ci ildə Oksford Universitetində təhsil almaq üçün vətəni tərk edərək İngiltərəyə gəlir. Onun dediyinə görə, uzun müddət heç bir təşkilat onu işə qəbul etmədiyinə görə yazmağı seçir. Naypolun gənclikdə intihar cəhdi baş tutmamışdı. O, yaşadığı mənzildə qazla özünü boğmaq istərkən «xoşbəxtlikdən» borc ucbatından qazı kəsiblərmiş.

Onun əsərlərində XX əsr bədii fikrində geniş yayılmış metafiziki kədər, tənhalıq, irrasional pessimizm mövzuları üstünlük təşkil edir. Naypolun 1957-ci ildə yazdığı «Gizli massajçı» romanında müstəmləkə sisteminin süqutundan sonra sıravi bir insanın müstəmləkədən sonrakı dövrə çətinliklə uyğunlaşması təsvir olunur. Bunun ardınca yazdığı «Ada üzərində bayraq», «Mövcudluğun sirləri», «Sülhə gedən yol» romanları ona beynəlxalq miqyasda tanınmış yazıçı nüfuzu qazandırır.

Naypol «İnananlar arasında» romanını islamın aparıcı din olmadığı ölkələrdə müsəlmanların həyatına həsr etmişdir. O, İrandan və Pakistandan tutmuş İndoneziya və Malayziyaya qədər bütün İslam dünyasını islam fundamentalizmində günahlandırmış, bəşər sivilizasiyasına yüksək mənəvi və əxlaqi dəyərləri ilə daxil olan İslam dinini «yarıtmaz» adlandırmışdı. O, qeyd edirdi ki, «dəyişməz və geridə qalmış islam cəmiyyəti» yeni dövrlə ayaqlaşmaq niyyətində deyil.

Naypol əsərlərinə görə 1971-ci ildə məşhur Buker mükafatına layiq görülüb. Həmçinin Oksford, Kolumbiya, Kembric kimi nüfuzlu universitetlərin fəxri doktoru seçilib. 1990-cı ildə Kraliçə Yelizaveta onu rıtsar (cəngavər) rütbəsi ilə təltif etmişdir.

2001-ci ildə Vidyadhar Naypol «əsərlərində oxucunu zülmkar mədəniyyətə qarşı gözünü açmağa məcbur edən qərəzsiz və incə təhkiyə ustalığına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. O, hindli oxucularına üzünü tutub deyirdi: «Öz keçmişimizin qandalını tullayın və hər şeydə ingilisləri günahlandırmağa son qoyun».

Yazıçı Nobel mükafatına layiq görüldükdən sonra İslama münasibətinə görə Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı Nobel komitəsinə məktub göndərərək ona verilən mükafatın geri alınmasını xahiş etmişdir. Məktubda qeyd edilirdi ki, Naypola belə bir nüfuzlu mükafatın verilməsi «islama qarşı fitnəkarlıqdır». Lakin mükafatın geri alınmasının mexanizmi olmadığına görə Trinidad yazıçısı mükafatdan məhrum edilə bilmədi. Tənqidçilərin bir qismi Naypola Nobel mükafatının 2001-ci ilin 11 sentyabrından sonra verilməsini onun müsəlman dünyasına olan münasibəti ilə əlaqələndirirlər.

Yazıçı müsahibələrinin birində deyir: “Qərb dünyası ildən-ilə daha da əlçatmaz olur. Yetmişinci illərdəki neft bumu zamanı islam xalqları öz qüdrətləri barədə xam xəyallara düşdülər. Adama elə gəlirdi, axır ki, ilahi bir supermarket açılıb və ora islam ölkələrinin əhalisini buraxıblar. Amma bu əhali başa düşmürdü ki, onlara qüdrət hissini verən əşyalar başqa sivilizasiyanın məhsuludur. Bunu qəbul etmək dözülməz idi və bu gün də dözülməzdir. İslamın mahiyyəti cənnət haqda təsəvvürlə məhdudlaşır. Heç kim cənnət cazibəsi qarşısında laqeyd qala bilmir, ölçü sərhədinə sığmır...”

635x100

Şərhlər

Məmməd Talıblı 2018-08-12 16:06:06

Etibar müəllim, həmişəki kimi maraqlı mövzuya toxunub. "Nobel"çiləri ölkə ictimaiyyətinə ən çox tanıdan, onları araşdıran və ictimailəşdirən müəllif olaraq Etibar Əliyevi desək, yanılmarıq. Müəllifə təşəkkür edirəm!

Son yazılar