"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti sammiti Azərbaycanda keçiriləcək". "Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Türk Şurasının baş katibi Bağdad Həmrəyev Qırğız Respublikasının şimalındakı Çolpon-Ata şəhərində keçirilmiş zirvə görüşünün nəticələrini şərh edərkən bildirib.
O, bununla belə, növbəti sammitin tarixini açıqlamayıb.
B.Həmrəyev deyib ki, bu gün Qırğız Respublikasında keçirilən zirvə görüşündə na üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.
Xatırladaq ki, Türk Şurasına Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə daxildir.
Türk ölkələrini birləşdirən beynəlxalq təşkilat olan Türk Şurası 2009-cu ilin oktyabrın 3-də, Naxçıvanda yaradılıb. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib. Vahid bayraq üçün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb: Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağından götürülüb.
Şavkat Mirziyoyev Özbəkistan Prezidenti seçildikdən sonra Özbəkistan hökuməti də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaq qərarına gəlib.


Şərhlər