Milli Məclisin Mədəniyyət Komitəsi 2018-ci ilin payız sessiyasının ilk iclasında Komitə sədri Rafael Hüseynov “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib. O qeyd edib ki, bu sənədlərdəki dəyişikliklər televiziya yayımlarında və teatr tamaşalarında tütün məmulatlarının, tütündən istifadə prosesinin və insan sağlamlığına zərər vuran digər məhsulların reklamına məhdudiyyətlərin qoyulması ilə bağlıdır.
Qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Jalə Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı tətbiq edilən qadağaya etirazını bildirib.
O qeyd edib ki, siqaretə qarşı mübarizə çox yaxşıdır, amma bunu yaradacılıqda tətbiq etmək olmaz: “Elə isə bədii əsər yazanlara da bu qadağa tətbiq edilsin, qəhrəmanları siqaret çəkərkən təsvir etməsinlər. Bu, nə dərəcədə doğrudur?”

Müzakirə edilən bütün sənədlərin Milli Məclisin plenar iclasına tövsiyyə olunması qərara alınıb.
Kinoşünas Tahir Tahirov Strateq.az-a açıqlamasında təklif olunan dəyişikliyə münasibəti lakonik oldu: “Bu sadəcə bekarçılıqdan irəli gəlir və biabırçılıqdır”.

Qulu Məhərrəmli vurğuladı ki, o şey ki yaradıcılığa, obrazların açılmasına xidmət edir, onu məhdudlaşdırmaq olmaz: “Qanunvericiliyə bu şəkildə qadağaların qoyulması yaradıcılığın məhdudlaşdırılmasıdır. Amma mən inanmıram ki, qanuna bu şəkildə əlavələr olunacaq. Bunun qanuna salmağa, yaradıcı adamlar üçün kənardan çərçivələr müəyyənləşdirməyə ehtiyac yoxdur. Yaradıcı adam özü hər şeyin ölçüsünü, qədərini bilir. Sənət də ona görə sənətdir ki, ölçülər üzərində dayanır. Yaradıcılıq üçün qaydaların, nizamın kənardan verilməsi doğru deyil. Bu sənət də ona görə sənətdir ki, o, ölçülər üzərində dayanır, onun bəlli bir çərçivəsi var. Detalları, elementləri var onun düzülüşünü rejisor bilir. Və bu bilgi adi bir tamaşanı sənət əsərinə çevirir”.
Tanınmış aktyor İlqar Cahangir də Strateq.az-a bildirdi ki, Mədəniyyət komitəsində təklif olunan düzəliş yaradıcılıq azadlığına müdaxilədir. O, eyni zamanda tütün məmulatlarının təbliğat və reklamının da əleyihinə olduğunu dedi.



Şərhlər
Hörmət etdiyim Qulu müəllimə.Bizdə qanunlar da kompaniya xarakteri daşıyır və sifarış gəldikcə dəyişilir.Narahat olmağına dəyməz