«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisindəki çıxışı zamanı zala yayılan gülüş sədalarından danışıb.
«Onlar mənə gülmürdülər, onlar mənimlə birlikdə gülürdülər» - deyə, «Politico» nəşri ABŞ prezidentindən sitat gətirib.
Ağ Evin başçısı qeyd edib ki, siyasətçilərin guya, ona gülməsi barədə xəbər «feyk xəbərlərdə» (Tramp ABŞ-da ona müxalif olan «The New York Times” və «CNN» kimi KİV-ləri belə adlandırır) yer alıb.
Prezident qeyd edib ki, «insanlar vaxtlarını mənimlə yaxşı keçirdilər - biz bunu (gülməyi - red.) birlikdə etdik».
Xəbərlərdə isə deyilirdi ki, gülüş səsləri Trampın öz uğurlarından danışmağa bağladığı zaman ətrafa yayılıb. O zaman Prezident demişdi: «Mən, belə reaksiya gözləmirdim».


Şərhlər