"AzPolitika" Qərb mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın ən varlı adamlarının reytinq cədvəlində 24 ildən sonra ilk dəfə lider dəyişikliyi baş verib. Belə ki, uzun illər milyarderlər siyahısına başçılıq edən məşhur "Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts birinciliyi "Amazon"un sahibi Ceff Bezosa təhvil verməli olub.
"Forbes"in dərc etdiyi yeni siyahıya başçılıq edən C.Bezosun 160 milyard dollara sahib olduğu qeyd edilir. Bu, rekord məbləğ sayılır, belə ki, indiyə qədər sözügedən siyahıya başçılıq edənlərin heç birinin varidatı 100 milyard dolları ötməyib. Bezos təkcə ötən bir il ərzində 78.5 milyard dollar qazanıb. B.Qeyts siyahıda ikincidir - onun 97 milyardı var.
Hesablamalar göstərir ki, ABŞ-ın ən varlı adamları siyahısındakı ilk onluğa düşən şəxslərin ümumi varidatı 730 milyard(!) dollardır. Bu, əvvəlki illə müqayisədə 120 milyard çoxdur.
ABŞ-ın hazırki prezidenti Donald Trampın maliyyə vəziyyəti isə ötən il ərzində dəyişməyib - onun 3.1 milyard dolları var ki, bu göstərici ilə də o, siyahıda yalnız 259-cu yeri tutur.
Ötən ilin ən uğursuz milyarderi isə Corc Soros hesab edilib. Onun varidatı 23 milyarddan 8.3 milyarda enib.


Şərhlər