Menu

"Hesab edirəm ki, Sərdar Cəlaloğlu bundan sonra da siyasi fəaliyyətini davam etdirəcək"

14.10.2013, 12:22
"Hesab edirəm ki, Sərdar Cəlaloğlu bundan sonra da siyasi fəaliyyətini davam etdirəcək"

ADP Mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayıl partiyanın prezidentliyə namizədi Sərdar Cəlaloğlunun  sədrlikdən istefa verməsi ilə bağlı ölkə mətbuatının yönəltdiyi suallara ayddınlıq gətirən açıqlama ilə çıxış edib. Xatırladaq ki, ADP İdarə Heyətinin bu dəqiqələrdə başlayan iclasında SərdarCəlaloğlunun istefa ərizəsinə baxılacaq.

Nurəddin İsmayılın bu iclasdan əvvəl yaydığı açıqlamada deyilir:

“Sərdar Cəlaloğlu Azərbaycanın siyasi arenasında iyirmi ildən artıq bir zaman kəsimində aktiv fəaliyyət göstərən, elmi, fəlsəfi yaradıcılığını siyasi fəaliyyəti ilə uzlaşdırmağı bacaran, ölkə və dünyada gedən siasi proseslərə fərqli, yenilikçi baxışları ilə seçilən tək-tək siyasi fiqurlardan biridir.

Hadisələrin arxasında gizlənən prosesləri diqqətlə izləmək bacarığı, siyasi ehtirasların qızışması fonunda millətimizi təhlükə altına ala biləcək xarici təhdidləri öncədən görmə qabiliyyəti ona partiya və qrup maraqlarından daha geniş düşünməyə imkan vermiş və o, bütün potensialını milli maraqların qorunması istiqamətində sərf etməyə yönəltmişdir.

Son teledebatlardakı çıxışları onun şəxsi intriqalardan, rəqiblərinə qara yaxmalardan uzaq olduğunu göstərməklə apardığı mübarizənin əsas qayəsinin məhz milli dirçəliş və demokratik dəyərlər uğrunda olduğunu bir daha isbatladı. O, ilk dəfə özünə qarşı həm iqtidar, həm də bir sıra müxalif qüvvələr tərəfindən geniş cəbhə açılmasına baxmayaraq konstruktiv müxalifətçilik konsepsiyasını elmi əsaslarla ortaya qoymuş, Azərbaycanın nicatının siyasi qüvvələr arasında qarşıdurmalardan, radikal toqquşmalardan deyil, məhz konsensusdan, uzlaşmadan, vətəndaş həmrəyliyindən, sivil siyasi rəqabətdən keçdiyini cəmiyyətə təqdim etmişdir.

Əfsuslar olsun ki, Sərdar bəyin Azərbaycan cameəsinə təqdim etdiyi bu yenilikçi ideyalar müfafizəkar qüvvələr tərəfindən dirənişlə qarşılanmış və onun millətin bütövlüyünün qorunmasına hesablanan çağırışlarına adekvat reaksiyalar verilməmişdir. Onun istefa ərizəsində şəxsi məğlubiyyətinə işarələr verən ifadələr əslində özünün deyil, xalqımızın gələcəyinə hesablanan ideyalarının məğlubiyyətindən xəbər verir.

S.Cəlaloğlu israrla siyasi dialoqun, konstruktiv müxalifətçiliyin tərəfdarı olduğunu ortaya qoymaqla movcud hakimiyyətin “radikal”, “barışmaz”, “anti milli” qüvvə kimi yaratmaq istədiyi müxalifət obrazını alt-üst etdi və sübut etdi ki, radikallığın, barışmazlığın antimilli qüvvəyə sövq etməyin qaynağı hakimiyyətin içində olan maraqlı qüvvələrdən gəlir.

Çoxları bu istefanı siyasi iflas, yorğunluq kimi dəyərləndirsə də, əslinə qalsa bu jest ölkədə keçirilən seçki saxtakarlığına, onun konstruktiv müxalifətçilik ideyalarının iflasına döğan təəssüfdən başqa bir şey deyil. Hesab edirəm ki, S.Cəlaloğlunun siyasi mədəniyyət nümunəsi olaraq atdığı bu addım təqdir olunsa da o, partiya kütləsinin və onu bir mübariz insan kimi siyasi arenada görmək istəyənlərin düşüncəsini nəzərə alacaq və bundan sonra da öz siyasi fəaliyyətini davam etdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol