Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi” ilə ilk qarşılaşması zamanı gürcü azarkeşlərin yol verdikləri təxribatlara görə Avropa Futbol Federasiyaları İttifaqı (UEFA) Gürcüstanın “Çixura” komandasını ciddi cəzalandırıb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası xəbər yayıb.
Məlumatda deyilir ki, qurum klub qarşısında “Neftçi” ilə cavab görüşündə meydanın iki sektorunu əhatə edəcək və sahəsi 482 kv/m olan antirasist bannerinin örtülməsi öhdəliyini qoyub.
“Çixura” komadasının baş direktoru Berika Şukakidze deyib ki, bu, rəhbəri olduğu kluba 10 min gürcü larisinə başa gələcək.
Xatırladaq ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asmışdılar.


Şərhlər