EFİR TƏLXƏKLƏRİ

Seymur Verdizadə

Verilişin prodüseri məni bığ yeri yenicə tərləmiş cavan bir oğlanla tanış etdi: “Adil saz ifaçısıdır. Bu gün sizin tərəf müqabiliniz olacaq”.

Mövzu sənət adamlarının səhnədəki davranışları olduğu üçün sənətdə hələ sözünü deməyən cavan bir aşığın verilişə dəvət olunması mənə qəribə gəldi. Qız nigarançılığımı üzümdən oxudu: “Müəllim, narahat olmayın. Digər qonağımız sanballı adamdır. Nizami müəllim Zeynəb Xanlarovanın ansamblında qarmon çalıb”.

Sanki çiyinlərimdən ağır bir yük götürüldü.

Gənc aşıq prodüser xanımın ikibaşlı sözlərinə əhəmiyyət vermədi. Onun qəlbi efirə çıxmaq ehtirası ilə alışıb-yanırdı...

Bir neçə dəqiqədən sonra verilişin aparıcısı bizə yaxınlaşdı. Hal-əhval tutub, kefimi soruşandan sonra ilk sözü bu oldu: “Əziz qardaş, baltanı itiləmisən?”

Zarafata zarafatla cavab verdim: “Can qardaş, mən qəssab işləmirəm”.

Adil “təmirdən” yenicə çıxmış dişlərini əcaib formada ağardıb, özü haqqında ilkin təəssürat yaratmış oldu.

Verilişin aparıcısı mənə bir qədər də yaxınlaşıb, belə dedi: “Gərək, Adilin daşını daş üstə qoymayasan. Verilişdə bunu yıxıb-sürüyərsən.Tənqid yox e, təhqir elə. Yerdən-yerə vur”.

Əməlli-başlı dilxor oldum. Efirə dünən yol tapan bu cavan aparıcı həddini aşırdı. Amma jurnalist marağı güc gəldiyi üçün bir qədər təmkinli davranmağa qərar verdim: “Dostum, mən bu cavan oğlanı tanımıram. Üstəlik, başqasını təhqir etmək mənim xarakterimə ziddir. Özünüzə başqa adam tapın”.

Oğlan əl-ayağa düşdü: “Müəllim, verilişimizin reytinqi aşağı düşüb. Rəhbərlik tapşırıb ki, dava-dalaş, qalmaqal yaradın. Xahiş edirəm, bizə kömək eləyin. Heç olmasa, tənqid edin, sənətdən anlamadığını deyin”.

Təslim olmaq niyyətində deyildim: “Bu cavan aşıq mənim oğlum yaşdadır. Bəlkə üzümə ağ oldu, artıq-əskik danışdı. Onda necə olsun?”

Aparıcının cavabı belə oldu: “Onun gözlərini çıxararam. O kimdir ki, sizin sözünüzün qabağına söz desin? Artıq-əskik danışsa, onu camaatın gözünün qabağında təpikləyərəm”.

Bu vaxt Adil özü söhbətə qoşuldu: “Müəllim, narahat olmayın. Ürəyiniz nə istəyir, deyin. Mənim ağzım nədir ki, sizin üzünüzə ağ olum?”

Səhər-səhər işə düşmək buna deyirlər. Vəziyyətdən necə çıxacağımı özüm də bilmirdim. Axırda belə qərara gəldik ki, Adil sazda bir mahnı ifa eləsin. Mən də tərəfsiz jurnalist kimi onun ifasına qiymət verim.

Bu təklif aparıcının ürəyindən oldu. Rejissora dedi ki, Adilin sazdan anlayışı yoxdur. Seymur müəllim onun daşını-daş üstə qoymayacaq...

Hərə bir tərəfə dağılışandan sonra Adilin üstünə düşdüm: “Sənin qürurun yoxdur? Başqalarının səni bu cür aşağılamağına necə dözürsən?”

Dişlərini ağardıb belə dedi: “Mənə deyiblər ki, bu dəfə səsini çıxarma. Əvəzində səni üç dəfə ard-arda efirə çağıracağıq. Özünüz bilirsiniz, qalmaqal olmasa, tanınmaq çətindir”.

Qirim otağına keçib aparıcıdan xahiş etdim ki, verilişdə bu cüvəllağını mənim yanımda oturtmasın...

Bilirəm, indi hamını bir sual düşündürür: sonra nə baş verdi? Yazım, xəbəriniz olsun: çəkiliş zamanı həmin aşıq haqda bir kəlmə də danışmadım. Buna görə də məni bir də həmin verilişə qonaq çağırmadılar.

Bu yazının məqsədi iki il əvvəl baş vermiş hadisəni oxucularla bölüşmək deyil. Son vaxtlar efirlərdə təlxəklik edən adamların hansı səbəbdən çoxaldığına aydınlıq gətirmək istədim. Çox da uzağa getməyək, ötən ildən bəri jurnalist adı ilə bir qrup adam efirlərdə peyda olub. Mən hələ onların birinin iki cümləsini oxumamışam. Bu adamların işi-gücü efirdə onu-bunu söymək, ya da söyülməkdir. Telekanallara 10 il ayaq döyən adam kimi tam məsuliyyətlə deyirəm: bəzi adamlar efirə sırf təlxəklik etmək üçün çağırılır. Bəzi adamları da efirə üzlərinə tüpürmək üçün çağırırlar.

Onlar buna layiqdirlər. Qabağınıza çıxanda, siz də tüpürün...

(Moderator.az)

635x100

Şərhlər

çina 2018-11-16 15:58:05

güya qarmonçalan belə səviyyəli adamdır ki,özünə gəldin?

Seymur bəəy 2018-11-16 15:58:05

RTŞ işləməyəndə,nəzarət funksiyasını itirəndə,öz işini və vəzifəsin bilməyənləri toplayıb büdcə dağıdanda belə olar və olmalıdır.

cina-ya 2018-11-16 15:58:05

Muellim, Seymur eke qarmoncalandan ozune gelmeyib,arvadin adini ewidende zuhur edib.

Son yazılar